Liturgiya oxunuşları: 13 APREL. RƏBBİN YERUSƏLİMƏ GİRİŞİ – PALMA RƏBB GÜNÜ
Müqəddəs, və ya Əzablar Həftəsi ərzində biz İsanın əzabları, ölümü və dirilməsinin sirlərini yaşayırıq. Kilsə müdrikcəsinə bizi əlimizdən tutaraq Palma Rəbb günündən Çarmıxa və Dirilməyə aparır. Bu günlər ərzində gəlin özümüzdən soruşaq: bu gün Rəbbin Çarmıxı bizim üçün hansı mənanı daşıyır? İsanın Çarmıxı Kilsəyə və müasir dünyaya nə deyir? İsa Qolqotaya gedərkən onun ardınca getməyə hazırıqmı? Biz gedib Onu dəfn olunacağı bağda axtarmağa hazırıqmı? Emmausa gedən yolda həyata qayıtmış Onu tanıya biləcəyikmi? Papa Fransisk bizə xatırladır: “Müqəddəs Həftəni İsanın ardınca gedərək yaşamaq, başqalarına yardım etmək üçün öz maraqlarımızdan imtina etmək deməkdir; bacı və qardaşlarımıza tərəf, xüsusən də ən uzaqda olanlara, unudulmuş, anlayışa, təsəlliyə, köməyə ən çox ehtiyacı olanlara tərəf ilk addımı atmaq deməkdir”.
RƏBBİN YERUSƏLİMƏ GİRİŞİ
İNCİL Luka 19,28-40
İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz». Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi. İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. Onlar deyirdi: «Rəbbin ismi ilə gələn Padşaha alqış olsun! Göydə sülh, ən ucalarda izzət olsun!» İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»
Təfsir
Palma Rəbb günü - Müqəddəs Həftəyə daxil olduğumuz böyük qapıdır. İncil mətnində deyildiyi kimi: “İsa Yerusəlimə doğru qalxdı”. Həlimlik və təvazökarlıq əlaməti olaraq O sıpa üstündə şəhərə girir. Biz də, xristianlar olaraq, bu fəzilətləri öz içimizdə inkişaf etdirməliyik, qələbənin yalnız zorla əldə oluna biləcəyi xəyalından qaçmalıyıq.
MÜQƏDDƏS MESSA
BİRİNCİ OXUNUŞ Yeşaya 50,4-7
Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, ьən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim.
Təfsir
Liturgiya, Uca Allahın Qulunun nəğməsinin son hissəsini təqdim edir. Burada Onun yer üzündəki həyatının ağır sonu haqqında qabaqcadan bildirilir. Onun dərin təvazökarlığı, Səmadan gələn köməyə tam etibarı, Onu heç vaxt tərk etməyəcək Atasına etibar edən, sona qədər sadiq qalan İsada təcəssümünü tapır. Bugünkü liturgiyanın Məzmur nəqarəti bu böyük güvən aktının əks-sədasına çevrilir: “Allahım, Allahım, məni tərk etmə”.
İKİNCİ OXUNUŞ Flp 2,6-11
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Təfsir
Əgər Birinci Oxunuşda və İncildə əzab mövzusu üstünlük təşkil edirsə, bu himndə biz Çarmıx ilə ucaldılmış və beləliklə izzətləndirilmiş İsanın ali yolunu görürük. Məsih bütün bunları ona görə yaşadı ki, O, Səmavi Atasına tamamilə itaət etdi və Ona həvalə edilmiş missiyanı yerinə yetirməkdən heç vaxt imtina etmədi. Çətinliklər və problemlərlə üzləşəndə biz İsaya baxırıq və Onun köməyinə ümid edirik. Biz Allaha verdiyimiz vədlərdə möhkəm qalmalı və Onun Özünün bizi izzətləndirəcəyinə əmin olmalıyıq. Bu, hətta çarmıx vasitəsilə də baş verə bilər, lakin bu dəhşətli əzab və ağrı simvolu heç vaxt son söz olaraq qalmayacaq.
İNCİL Luka 22, 14 – 23,56
Sirrli Şam Süfrəsi
Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm». Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm». Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar. Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm. Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Peterin inkarı əvvəlcədən bildirilir
Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən». Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. Çünki sizə deyirəm: bu yazılmış olan “üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
İsa Zeytun dağında dua edir
İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
Yəhudanın öpüşü və İsanın həbs edilməsi
İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı. İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
Peter İsanı inkar edir
İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu. Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm». Elə o danışdığı an xoruz banladı. Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
İsanı təhqir edib döyürlər
İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.
İsa Ali Şuranın önündə
Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz.Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».
İsa Romalı vali Pilatın önündə
Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır».
İsa Hirodun önündə
Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi. Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı.
Pilat İsanı azad etmək istəyir
O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm».
Barabbanın azad edilməsi
Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi.
Qolqotaya gedən yol
Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər. İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
İsa çarmıxa çəkilir
İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
Cinayətkarlardan birinin tövbə etməsi
Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!» O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
İsanın ölümü
Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü. İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
İsanın dəfni
Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu
Təfsir
Müqəddəs Lukanın İncilindən olan mətnə qulaq asaraq, biz İsanın əzablarını dərindən dərk edirik və xilasımızın həmin əzablardan qaynaqlandığını anlayırıq. Əlbəttə ki, Ustadın ardınca gedən bizlər, Onun şagirdlər kimi, İsanın Sirrli Şam Süfrəsində etdiklərini tam anlaya bilmirik. Biz həyatımızla bağlı planlar qurmağa, uğur və karyeraya can atmağa davam edirik; Getsemani bağında Onunla birlikdə ayıq qalmaqdan yoruluruq; biz aqressivik, çünki baş verənlərə gücümüzü göstərərək cavab veririk; biz asanlıqla xəyanət edirik; biz Məsihin şagirdləri olduğumuzu etiraf etməkdən qorxuruq; biz İsanın ardınca Qolqota Çarmıxına qədər getməkdən qorxuruq. Bununla belə, biz tövbə etmiş oğrunun dürüstlüyünün, yüzbaşının təvazökar cəsarətinin və Arimateyalı Yusifin təqvasının arzusundayıq. İsanın ardınca biz günahdan yaralanmış zəif, həssas insanlığımızı daşıyırıq: lakin O, dünyaya məhz buna görə gəldi; buna görə də O, bizim üçün Çarmıxa qalxdı. "Ey Ata! Ruhumu Sənin əlinə verirəm..bunu deyib son nəfəsini verdi "