Axtar

2020.04.03 2020.04.06 Vangelo del giorno Betania Maria unge in piedi di Gesù

Liturgiya oxunuşları: 14 APREL. Müqəddəs Bazar ertəsi

"İsanın ayaqlarını qiymətli nard yağı ilə yumaqla Məryəm ehtiramını, minnətdarlığını və sevgisini ifadə edir. Buna cavab olaraq Yəhuda onu kəskin şəkildə tənqid edir: "Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?" Bu, İncildə tapdığım yoxsulluğun bir ideologiya olaraq ilk qeydidir. İdeoloq sevginin nə olduğunu bilmir, çünki özünü başqalarına həsr etməyin nə olduğunu bilmir” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa, 14.03.2013).

BİRİNCİ OXUNUŞ Yeşaya 42, 1-7

Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə heç kim onun səsini eşitməyəcək. Əzilmiş qamışı qırmayacaq, tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək. Göyləri yaradıb onları sərən, yeri və onun üzərindəkiləri düzəldən, dünyadakı adamlara nəfəs verən, yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: «Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.

Təfsir

Birinci oxunuşda Rəbbin Qulunun missiyasını təqdim edilir. O, öz tapşırığını həlimlik gücü ilə yerinə yetirəcək, bir qamışı qırmadan, tüstülənən piltəni söndürmədən. Onun missiyası azad etmə işində zirvəsinə çatacaq, o zaman o, korların gözlərini açacaq, dustaqları zindandan, zülmətdə oturanları həbsxanadan çıxaracaq. Bu təfərrüatlar İsada gerçəkləşir: ölümü ilə O, bəşəriyyətin bütün əzablarını Öz üzərinə götürür və insanları günah və ölüm həbsxanasından azad edir. Bu təcrübə Məzmurda duaya çevrilir: burada xilas etmək üçün göndərilən şəxs bu qurtuluş üçün nəzərdə tutulanlar tərəfindən xor və nifrət ilə qarşılanır; lakin Qul qorxmur, çünki bilir: “Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum?”. Gəlin Rəbbin Qulunun duasına qoşulaq.

İNCİL Yəhya 12,1-11

Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam». Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.

Təfsir  

Bugünkü İncilin əvvəlindəki ifadə bizə İsanı Pasxaya aparacaq son hadisələri xronoloji şəkildə dərk etməyə imkan verir. Birincisi, Rəbb Öz dostları ilə olmaq istəyir. İkincisi, masa arxasında İsa tərəfindən dirildilən Lazarı görürük, Martanın qonaqlara xidmət etdiyini və Məryəmin İsanın ayaqlarına təmiz nard yağını sürtməsini görürük. Yəhuda İskaryot mənasız israf hesab etdiyi bu əməldən qəzəblənir: bu qiymətli yağı satıb, alınan üç yüz dinarı yoxsullara paylamaq olardı. Ancaq müjdəçi qeyd edir ki, Yəhudanı maraqlandıran yoxsullara qayğı  deyil idi. Rəbb cavab verir: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın». Yəhuda ətirin qoxusunu hiss etmir, onu ancaq sikkələrin cingiltisi narahat edir! Qoy həyatımız məhəbbətin Rəbbin dostlarının həyatını ətirlə doldurduğu isti Bet-Anya məkanına çevrilsin: məhəbbətdə heç bir şey həddindən artıq, israfçı və ya boş yerə olmur.

12 aprel 2025, 19:57