Axtar

2024.03.24 tradimento di Giuda

Liturgiya oxunuşları: 16 APREL. Müqəddəs Çərşənbə

“Müqəddəs Çərşənbəyə “xəyanət çərşənbəsi” də deyirlər. Bu gün kilsə Yəhudanın xəyanətini xatırlayır. Rəbbə xəyanət edərək, pulun və hərisliyimizin lehinə seçim etdikdə hər birimizdə kiçik bir "Yəhuda" canlanır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 08.04.2020).

BİRİNCİ OXUNUŞ Yeşaya 50, 4-9a

Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər?

Təfsir

Qarşımızda uğursuzluq mövzusu getdikcə daha güclü səslənən Yahve qulunun üçüncü nəğməsidir. Qul müqavimət göstərmir: o bilir ki, onu çağıran və missiyanı ona həvalə edənə tamamilə arxalana bilər. O şagirdliyini xatırlayır, çünki insanlara çatdırmalı olduğu söz öz sözü deyil, o yalnız qulağını “Açanın” sadiq elçisidir. Qulun zülm və əziyyət çəkənlərə bir sözü var. Allah heç vaxt insanın əzablarına biganə qalmır, O, həmişə onun fəryadını dinləyir: "Ey Allah, bol məhəbbətinə görə mənə cavab ver, çünki Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, üzümü xəcalət bürüdü". Rəbb İsa Məsih insanların əzablarına Allahın cavabıdır. O, Qolqotanın Çarmıxında ölümü ilə bu dünyanın şərinə qalib gələn Yehovanın təvazökar quludur.

İNCİL Matta 26, 14-25

O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı. Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.

Təfsir  

Artıq üçüncü gündür ki, İncil oxunuşunda həvari Yəhuda İskaryotun adı çəkilir. Biz onunla bazar ertəsi Məryəmi qiymətli yağı israf etdiyinə görə danlayanda görüşdük; biz dünən onunla ürəyini İsaya qarşı bağlayanda, şərin qaranlığına qərq olanda görüşdük; biz onunla bu gün, Müəllimin ölümünün qiymətini danışdığı vaxtda görüşürük: “Onu sizə təslim etsəm, mənə nə verərsiniz?” Ona otuz gümüş təklif etdilər. Beləliklə, İsa “satılır” və ona xəyanət edilir. Bununla belə, Allah bu dəhşətli dramın daxilində belə hərəkət etməkdə davam edir: Yəhuda xəyanət edərək İsanı baş kahinlərə “verir”, lakin Ata Oğulu bəşəriyyətə Ənam olaraq “verir”; Məsih Özünü Səmavi Ataya və bəşəriyyətə sədaqət və məhəbbət əlaməti olaraq “verir”. Otuz gümüşlə kifayətlənən Yəhudanın əlçaqlığı İsanın Son Şam Süfrəsinin ən təntənəli anında belə tərəddüd etmədən təmənnasız verdiyi Ənamın böyüklüyünü vurğulayır: “Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək”. Başqaları qəsdən Ona xəyanət etsələr belə, Xilaskar həmişə Öz məhəbbətinə sadiqdir.

15 aprel 2025, 21:33