Liturgiya oxunuşları: 19 APREL. Müqəddəs Şənbə
Müqəddəs Şənbə - sükut, anım və dəfn olunmuş İsa haqqında düşünmək günüdür. Müqəddəs Şənbə günü ilə bağlı qədim bir moizədə deyilir: "İndi yer üzünə böyük bir sükut, böyük bir sükut və boşluq gəldi. Bu sükut böyükdür, çünki Padşah yuxuya getdi. Yer üzü lərzəyə gəldi və susdu, çünki cism olmuş Allah yuxuya getdi və əzəldən yatmışları oyatdı". Kilsə Rəbbin məzarı başında dayanır, Onun Əzablarını və ölümünü düşünür, Allahın Əqdəs Validəsi ilə birlikdə dirilmənin şanlı şəfəqini gözləyir.
Papa XVI Benedikt Müqəddəs Şənbə ilə bağlı düşüncələrində yazırdı: “Biz diqqət etməliyik ki, ölüm, Məsih onu qəbul etdikdən və ona daxil olduqdan sonra artıq özü olmaqdan çıxır. Bənzər şəkildə, insan təbiəti Məsihdə Allahın Öz varlığı ilə əlaqə qura bildikdən sonra insan həyatı daha əvvəlki kimi olmur. Əvvəllər ölüm yalnız ölüm idi, yalnız dirilər diyarından ayrılıq və müxtəlif dərinliklərdə olsa da, “cəhənnəmə” bənzər bir hal idi, varlığın gecəsi, keçilməz qaranlıq idi. İndi isə ölüm də həyatdır: ölüm astanasının buzlu tənhalığından keçəndən sonra biz yenədə Onunla - həyatın özü Olanla, son tənhalığımıza yoldaş olmağa hazır Olanla, Zeytun bağında əzabının və “Allahım, Allahım, Məni niyə tərk etdin?” fəryadının tənhalığında bizim tənhalığımızı Bölüşənlə qarşılaşırıq.
Gəlin bu gündə, Mübarək Məryəm kimi şövq ilə dua edək və onunla birlikdə Allaha, Onun xilas niyyətinə təvazökarlıqla güvənək.