Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 2 APREL. Böyük Orucun IV həftəsi, çərşənbə

"Məsihin Pasxası - ölüm üzərində son qələbədir, çünki O ölümünü ən ali məhəbbət əməlinə çevirdi. O məhəbbət üçün öldü! Yevxaristiyada O bizə bu müzəffər Pasxa sevgisini bəxş edir. Yevxaristiyanı imanla qəbul etməklə biz də Allahı və qonşumuzu həqiqətən sevə biləcəyik; necə ki O bizi, canını qurban verərək, sevdi. Yalnız Məsihin qüdrətini, Onun məhəbbətinin qüdrətini hiss etməklə biz özümüzü qorxmadan bəxş edə bilərik." (Papa Fransisk, Ümumi Audiensiya, 22.11.2017).

BİRİNCİ OXUNUŞ Yeşaya 49, 8-15

Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, dağılmış ölkəni bərpa edəsən, irs olaraq yenə sahiblərinə verəsən. Dustaqlara “çıxın”, zülmətdə oturanlara “özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaq. Onlar nə ac, nə də susuz qalacaq, qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, onları bulaqlara doğru yönəldəcək. Mən bütün dağlarımı yola döndərəcəyəm, yollarımı hamar edəcəyəm. Budur, xalqım uzaq yerlərdən, kimisi şimaldan, kimisi qərbdən, kimisi isə Sinim ölkəsindən gələcək». Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən!  Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək. Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.

Təfsir

Peyğəmbər öz yurdlarından uzaqda, qürbətdə olan israilliləri sevinməyə, ümidlərini itirməməyə çağırır, çünki o gün gələcək ki, onlar nə ac, nə də susuz qalacaqlar, çünki Rəhman onları su bulaqlarına aparacaq. Böyük Oruc yolu ruhdan düşməməyə, günahın əsarətindən çıxmağa dəvətdir. Sevincin səbəbi budur: Allah bizi Özünə qayıtmağa dəvət edir, çünki O, bizi heç vaxt unutmur, buna görə də Kilsə Məzmurda oxuyur: “Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir”.

İNCİL Yəhya 5, 17-30

Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib  qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.

Təfsir  

İsa şənbə günü şəfa verdiyinə görə tənqid olunur. Buna cavab olaraq, Rəbb Allah Oğlu olduğunu açıqlayır: “Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm”. Onun sözlərinə, Oğul Səmavi Atadan gördüklərindən başqa heç nə edə bilməz. Bu ifadə İncilin bu hissəsinin sonunda təkrarlanır və İsa Məsihlə Səmavi Ata arasında ayrılmaz və tam birliyi vurğulayır. Bu məhəbbət bağı İsanı Ata ilə birləşdirir və Ona hər şeyi etməyə imkan verir. Əgər biz Rəbb İsada bir olmağı öyrənsək, biz də böyük işlər görə bilərik, çünki məhəbbət hətta qeyri-mümkün kimi görünənləri də mümkün edir. Bəzən ürəyin ağılın bilmədiyi səbəblərin olduğunu unuduruq, öz hesablamalarımızın və fikirlərimizin əsiri olaraq qalırıq. Gəlin Rəbb İsa ilə bir olaq və Allahın mərhəmətli məhəbbətinin gücünün hər şeyi necə dəyişdirə biləcəyinə şahid olaq.

02 aprel 2025, 09:24