Liturgiya oxunuşları: 20 APREL. MƏSİHİN DİRİLMƏSİ – PASXA
Məsih dirildi! Məsih həqiqətən dirildi! Pasxa şamının simvolizə etdiyi Məsihin Nuru dünyanı işıqlandırır, əbədi olaraq günah və ölümün qaranlığını fəth edir. Don Tonino Bello imanlılara xatırladır: "Bizim sarsılmaz məhəbbətimiz olan İsa Məsihin Dirilməsi bizim taleyimizin paradiqmasıdır: iranəlik deyik, fəlakət deyil, planetar soyqırım deyil, son deyil, yoxluq deyil, məhz Dirilmədir!
Ruhlanın, ey ümidsizlər, yorğunlar, ey, sizə istehza edən dünya qüdrətlilərin əsiri olanlar - ruhlanın!
Ruhlanın, ey işsizlər!
Ruhlanın, ey perspektivsiz gənclər, köhnə arzularını tərk etməyə məcbur edilən dostlar – ruhlanın!
Ruhlanın, ey tənhalar, kədərlilər, adsızlar. Ruhlanın, ey günahdan kədərlənən, acizlikdən qaralananlar, mənəvi yoxsulluqla alçaldılanlar – ruhlanın!
Sevməyə qərar verənlər üçün nə ölüm bağı, nə bağlı qəbir, nə də möhürlənmiş məzar daşı var - Rəbb sizə bunu söyləmək üçün dirildi!
Gəlin sevinək, qardaşlar və bacılar! Qoy işıq və ümid həbsxananızın pencərələrini genişləndirsin!”
BİRİNCİ OXUNUŞ Həv 10, 34a.37-43
Peter sözə başlayıb dedi: «Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».
Təfsir
Peter Qeysəriyyəli Korneliyə xristianlıq haqqında danışır və İsanın əməllərinə yekun vurur: Isa, Müqəddəs Ruh və güclə məsh edilərək yaxşılıq edir və hamını sağaldırdı. “Biz bunun şahidiyik”, Peter əlavə edir. Əgər həvarilərin bütün bunlara şəhadət etmək cəsarəti varsa, bunun səbəbi yalnız budur: “Onu çarmıxa çəkib öldürdülər”, lakin Allah Onu üçüncü gün diriltdi və həvarilərə əmr etdi ki, İsanın, dirilərin və ölülərin Allah tərəfindən təyin edilmiş Hakimi olduğunu, Ona iman edən hər kəsin günahlarınının Onun adına bağışlandığını insanlara bəyan etsinlər və buna şəhadət versinlər. Müqəddəs Peterin vəzinin mərkəzində Rəbb İsa, Onun çarmıxda ölümü və dirilməsi dayanır. Bunlar əfsanələr və ya ideyalar deyil, reallıqdır: “Ölülər arasından dirildikdən sonra Onunla birlikdə yeyib-içdik”. Buna əsaslanaraq, biz də aydın və cəsarətli şəhadətlə iman etməyə çağırılmışıq, çünki “Onun mərhəməti əbədidir”.
İKİNCİ OXUNUŞ 1 Kor 5,6b-8
Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
Təfsir
Birinci oxunuşda bəhs edilən dirilmiş İsa Məsihlə qarşılaşmanın gündəlik həyatda nəticələri var və Müqəddəs Paul bu barədə belə yazır: “köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız”. Həvari, Pasxa bayramından əvvəl, təzə mayanı çirkləndirməsin deyə köhnə mayanı təmizləmək adətini xatırladır. Buna görə o, təmizlik və həqiqətin mayasız çörəyi ilə qeyd etməyi təklif edir. Paul yazır, gəlin pislik və şər mayasından təmizlənək və dirilmişlər kimi yaşayaq: Vəftiz bizi dirilmiş Məsihdə yenidən canlandırır, Onun qurbanı ilə təmizlənmiş “yeni xəmirə” çevirir.
İNCİL Yəhya 20,1-9
Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
Təfsir
İncil oxunuşu “həftənin ilk günü” ifadəsi ilə başlayır və Məsihin dirilməsi ilə yeni zamanın başladığını anlamağa kömək edir. Məzarı ziyarət etməyə ilk gedən Məcdəli Məryəmdir. O, daşın qəbirdən yuvarlandığını görüb Şimon Peterin və digər şagirdin yanına qaçdı. Boş məzar xəbəri o qədər gözlənilməz oldu ki, şagirdlər də İsanın məzarını görməyə tələsdilər. Dirilmə, hətta dərhal başa düşməyənləri də hərəkətə gətirir, çünki inanmadan görmək kifayət deyil. Ürək insanı qaçmağa sövq edir (Məryəm və digər şagirdlə olduğu kimi), lakin baş verənləri başa düşmək üçün dərin iman da lazımdır. Əvvəldən belə olub və bu gün biz başqalarına xoş xəbəri çatdırmaq üçün qaçmalıyıq: Rəbb İsa sağdır, O, dirildi və Özünün yolumuza qoyduğu əlamətləri görüb onlara inanmağımıza kömək etmək üçün bizimlədir.
PASXA DÖVRÜ
Pasxa dövrü Dirilmə Rəbb günündən Pentikost (Müqəddəs Ruhun Enməsi - Əllinci Gün Bayramı) gününə qədər olan 50 günlük dövrdür. Bu sevinc dolu zaman, Kilsə həyatının sirrini və Dirilmiş İsanın şagirdləri arasında var olmasını dərk etmək və yaşamaq üçün gözəl fürsət bəxş edir. Bu dövrün ilk səkkiz günü Pasxa oktavasını təşkil edir: o, daha təntənəli xarakter daşıyır və Məsihin Dirilməsi haqqında düşünməyə çağırır. Pasxadan sonrakı qırxıncı gündə Rəbbin Göylərə Yüksəlməsi qeyd olunur və sonrakı günlərdə şagirdlər və Məryəm Ana ilə birlikdə Müqəddəs Ruhun enməsi üçün dua edilir. Bu dövrün liturgik rəngi - bayramın, sevincin, qələbənin və dirilmənin rəngi olan ağ rəngdir.