Axtar

2020.04.15 Vangelo del giorno discepoli di Emmaus Cristo Risorto

Liturgiya oxunuşları: 23 APREL. Pasxa Oktavasının çərşənbəsi

“Hamımızın həyatında ağır anları olur və həmin anlarda biz gələcəyimizi görməkdə çətinlik çəkirik. Lakin İsa bizə ümid vermək üçün həmişə bizim yanımızda dayanır. Emmausa gedən yolun sirri budur: nə olursa olsun, Allah bizi sevməkdən heç vaxt əl çəkməyəcək. Bizim ümidimiz budur” (Papa Fransisk, Ümumi Audiensiya 24.04.2017).

BİRİNCİ OXUNUŞ  Həv 3, 1-10

Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər. Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.

Təfsir

Müqəddəs Həvarilərin İşləri Kitabından olan bu hissə həvarilərin İsanın adı ilə həyata keçirdikləri ilk möcüzəni təsvir edir. İş qabiliyyəti olmadığına görə bir əlil insan həyatdan kənarda qalıb; insanlar ona laqeyd yanaşırdılar. Mətndən başa düşmək olак ki, o, başını belə qaldırmayıb, sadəcə əlini uzadıb sədəqə istəyirdi. Peterlə Yəhya ona diqqətlə baxaraq dedilər: “Bizə bax”. Və, o, dönüb onlara baxdı. Artıq bu baxış mübadiləsində həyat və dirilmə təcrübəsi var, çünki öz zəifliyindən əzilərək, alçaldılaraq kömək istəmək başqa, kiminsə gözünün içinə baxa bilmək başqadır. “Ayağa qalxmaq” imkanı burada gizlənib. Bu  hərəkət, şikəst adamın “qaçıb tullana-tullana, Allaha həmd edərək” məbədə girməsinə səbəb olacaq.

İNCİL Luka 24,13-35

Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.  Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar. İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.  Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər». Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi. İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?» Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

Təfsir  

İncil oxunuşunun əvvəlinə nəzər salsaq, deyə bilərik ki, şagirdlər Yerusəlimi tərk edirlər və beləliklə, İsa ilə əlaqəli ruhani təcrübədən uzaqlaşırlar. Oxunuşun sonunda, Dirilənlə görüşdükdən sonra onlar Yerusəlimə qayıtmağa tələsirlər. Dirilmiş Məsihlə qarşılaşma həyatımızın istiqamətini dəyişir. Əvvəlcə Rəbb şagirdləri “ağılsız və ürəyi ləng” adlandırır. Axırda isə, İsa çörəyi böləndən sonra, şagirdlər bir-birlərinə: “O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?” dedilər. Allahın Kəlamına diqqətlə qulaq asmaq qəlbi yenidən alovlandırır və Allahın işarələrini görmək üçün gözləri açır. Çörək bölünən zaman şagirdlərin gözləri açılır və onlar Müəllimi tanıyırlar. Səyahət boyu İsanın yanında olmaqla, ürəyinin yanmasına icazə verməklə, Onun Sözünü dinləməklə, Onunla süfrəni və çörəyi bölüşməklə insan həyatda öz yerini tapır. Və görüşdən irəli gələn sevinc müjdəçilik üçün cəsarətə çevrilir. Bu indi də, biz Rəbbin günündə Yevxaristiyada iştirak edəndə baş verir.

23 aprel 2025, 10:04