Axtar

2019.04.27 Thomas acknowledging Jesus as Lord and God

Liturgiya oxunuşları: 27 APREL. PASXANIN II RƏBB GÜNÜ

“İmansızlığımızı sağaltmaq üçün İsa bizi, Tomaya təklif etdiyi kimi, Onun yaralarına baxmağa, onlara toxunmağa çağırır. Rəbb bizi, Onun mərhəmətli məhəbbətinin sirri olan bu yaraların sirrinə daxil olmağa çağırır” (Papa Fransisk 12.04.2015).

BİRİNCİ OXUNUŞ Həv 5,12-16

Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı. 16 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.

Təfsir

Müqəddəs Həvarilərin İşləri Kitabı yeni yaranan icmanın həyatını və həvarilərin göstərdiyi möcüzələri təsvir edir. Həvarilərin arasında Peterin fiquru seçilir.  Onun yanına xəstələri gətirirdilər və hətta üzərinə Peterin kölgəsinin düşdüyü adamlar belə sağalırdılar. Buna, Həvarilərin İşləri kitabının müəllifi, müjdəçi Luka şahidlik edir. İsanın adı ilə səslənən vəzlər və göstərilən möcüzələr çoxlarının xristian icmasına qoşulması ilə nəticələndi. Müqəddəs Luka ilk xristian icmalarını dəstəkləməyə və onları çətinliklər qarşısında təslim olmamağa təşviq etməyə çalışır: şəhadət dirilmiş Rəbbə əsaslandıqda, o, həm də inandırıcı və etibarlı olur. Müjdə bizə nəzər salmış və bizi  ucaldan Allahın məhəbbətinin şəhadətindən başlayır. Kilsə prozelitizm vasitəsilə deyil, cazibə ilə böyüyür, çünki Allahın məhəbbətinin əzəməti qəlblərin gözəlliyini cəlb edir.

İKİNCİ OXUNUŞ Vəhy 1,9-11a.12-13.17-19

Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər». Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.

Təfsir

Müjdəçi Yəhya Vəhy Kitabını, Allahın Kəlamını təbliğ etdiyi və İsa haqqında şəhadət etdiyi üçün sürgün edildiyi Patmos adasında yazır. Bazar günü o, özünü Alfa və Omeqa, İlk və Son adlandıran yüksək bir səs eşidir və o səs həvariyə yeddi Kilsəyə məktub yazmağı əmr edir. Bu səhnə, Allahın Musa ilə danışdığı zaman Sina dağında verilən vəhyi xatırladır. Yəhya vəhyə inanmalı və gözlərini açmalıdır. Məbəddə o, yeddi qızıl çırağın ortasında “Bəşər Oğluna bənzər birini” görür: yeni məbəd  - Bəşər Oğlu, dirilmiş İsadır. Bu adamın əynində “uzun cübbənin” və “sinəsində qızıl qurşağın” olması, yəni kahin paltarında olması İsanın yeni kahin olduğunu göstərir. İsanı görən Yəhya “ölü kimi” Onun ayaqlarına yıxıldı, lakin dərhal eşitdi: “Birinci və Sonuncu Olan, Diri Olan Mənəm”, yəni Həyatın Özü - Odur. Qoy Müqəddəs Yəhyanın, bu simvollar ilə zəngin təsvir ilə ifadə olunan şəhadəti imanımızı dəstəkləsin və ruhlandırsın.

İNCİL  Yəhya 20,19-31

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır». Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.

Təfsir  

“O gün – həftənin ilk günü axşam çağı” (Rəbbin gününə - Diriliş gününə açıq-aydın istinad) Rəbb İsa şagirdlərin həyatına, ürəklərinə daxil olur və imansızlıq və inkarçılıq nümayiş etmələrinə baxmayaraq, İsa onlara sülh (salam) verir. Məsih həqiqətən dirildi: bu həm ilk həvarilərin, həm də bizim müjdəçiliyimizin əsası olaraq qalır. İsa şagirdlərinə başlanğıcda Ona həvalə edilmiş böyük xilaskarlıq missiyasını xatırladır: “Ata Məni göndərdiyi kimi, Mən də sizi göndərirəm”. Müjdəçiliyin ürəyi mərhəmət olmalıdır. Lakin o zaman Toma həvarilər arasında deyildi, çünki, o, İsanın Dirilməsi haqqında başqalarından eşitdiklərinə inanmamışdır. İkinci dəfə peyda olan İsa həvarini inanmaq istəmədiyinə görə  qınamır, onunla qarşılaşır və qaldığı yerdən başlayır. Məsih, çarmıxa çəkilmiş, yaralar almış, ölmüş və dirilmiş Rəbbin onun qarşısında dayandığını şəxsən yoxlamağı təklif edir. Rəbb başa düşür ki, bəzən imanımızda böyümək üçün vaxt  tələb olunur. Həmin gündə yaşadığı, Tomaya imanın ən gözəl etiraflarından birini etməyə imkan verəcək: “Ya Rəbbim və Allahım!” İman yolunda çətinliklərdən qorxmayaq, çünki İsa Toma ilə səbrli olduğu kimi, bizimlə də səbrlidir.

26 aprel 2025, 13:44