Axtar

2021.03.13 Vangelo IV domenica della Quaresima

Liturgiya oxunuşları: 28 APREL. Pasxanın II həftəsinin bazar ertəsi

“Nikodim özünü narahat hiss edən və Rəbbi axtaran saleh bir farisey idi. Nikodim növbəti addımı necə atacağını, yəni Müqəddəs Ruhdan necə doğulacağını bilmirdi, çünki Müqəddəs Ruh gözlənilməz hərəkət edir. Müqəddəs Ruhun ardınca gedən insan azad və itaətkar olmalıdır. Xristian təkcə əmrlərə əməl etməməli, həm də Müqəddəs Ruhun onu Allah tərəfindən hazırlanmış məchulluğa aparmasına icazə verməlidir” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 20.04.2020).

BİRİNCİ OXUNUŞ Həv 4,23-31

Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.  Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”. Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə* toplaşdı ki, Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.

Təfsir

Həbsdən sonra sərbəst buraxılan Peter və Yəhya qardaşlarının yanına qayıdır və onlara topalın sağalması və həbsdə qalmaları barədə danışırlar. Bu şəhadəti eşidən icma dua edir ki, Rəbb onlara müjdəçilikdə cəsarət bəxş etsin. Məsihin şagirdləri öz planlarını müzakirə etmirlər, lakin təqiblərdən və çətinliklərdən qaçmaq xahişi ilə deyil, Müqəddəs Ruhun  bəxş edilməsi üçün yalvarış ilə bitən bir dua ilə Allaha müraciət edirlər. Onların duaları bizim üçün nümunədir: birincisi, onlar icma şəklində dua edir. İkincisi, bu həmd duasıdır ki, orada Allah bütün varlıqların Xaliqi kimi tərənnüm edilir. Bu dua Müqəddəs Ruhu tarixin ilhamvericisi kimi göstərir.  Məzmurun sözləri ilə bütün Kilsə nida edir: “Rəbb Allaha güvənən nə bəxtiyardır”.

İNCİL Yəhya 3,1-8

Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir».

Təfsir  

Bu gün biz Pasxa dövrü boyunca bizi müşayiət edəcək Müqəddəs Yəhyanın İncilindən olan oxunuşlara başlayırıq. Bu gün biz İsa ilə Nikodim arasında söhbətin şahidi oluruq. Farisey, qanun müəllimi, Məsihin şəxsiyyətində heyran olaraq, Nikodim, diqqət cəlb etməmək üçün gecə vaxtı İsanın yanına gəlir və Onun missiyasının nə olduğunu soruşur. Bu dialoqda Nikodim konkret həyat təcrübələrinə istinad edir, Rəbb isə daha dərin səviyyəyə müraciət edir: Allahın Padşahlığını görmək üçün insan yenidən doğulmalıdır. Və bu gün İsa həm imanlılarla, həm də həyatın mənasını axtaran narahat Nikodim kimi Onunla səmimi dialoqa başlamaq istəyənlərlə gizli şəkildə danışır.

26 aprel 2025, 15:30