Liturgiya oxunuşları: 29 APREL. Pasxanın II həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 4,32-37
İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
Təfsir
Mərhəmət Allahın həyatının özüdür, çünki Allah sevgidir. Sevmək isə başqası üçün yaşamaq, başqalarını xoşbəxt etdikdə özümüzü dərk etdiyimizi hiss etmək deməkdir. Bu - səmavi həyatdır, Rəbb İsanın Çarmıxdakı qurbanı, ölülər arasından dirilməsi və Müqəddəs Ruhun göndərilməsi ilə mümkün etdiyi mükəmməl birlikdir. Cənnətdə biz sevgi ilə yaşayan və başqalarının həyatını tamamilə qəbul edən varlıqlar olacağıq. Burada, yer üzündə hələ də günahın maneəsi mövcuddur. Günah insanı yalnız özü üçün yaşamaq istəyinə gətirib çıxarır və bununla da bədbəxtlik üçün böyük sahələr yaradır. İlk xristian icması Müqəddəs Ruhu qəbul edən kimi zərif bir gücün onu mükəmməl birliyə apamaq istədiyini hiss edir. Mərhəmət başqalarını yoxsulluq üzündən bədbəxt görməyə dözə bilməz. Başqalarına kömək etmək bizdə İlahi həyatın ilk təzahürüdür. Məsihin adı ilə ehtiyacı olanlara kömək etmək dünyaya əbədi həyata həqiqi ümid vermək deməkdir.
İNCİL Yəhya 3, 7-15
Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun».
Təfsir
Biz cənnət və əbədi həyat haqqında danışarkən, imansızlar tez-tez etiraz edirlər: “Ölən heç kim bizə ölümün o tərəfində nə olduğunu söyləmək üçün qayıtmayıb”. Onlara deyin ki, siz bir İnsan tanıyırsız ki, öldü və bizə ölümdən sonra nə olduğunu söyləmək üçün qayıtdı. Bu insanı tanıdığınızı bildikdə heyrətlənəcəklər. Rəbb İsa məhz bu yolu tutdu: O, göydən endi, cismə büründü, Özünü kəffarə qurbanı kimi təqdim etdi, insanlar üçün əbədi qurtuluş yolunu açdı, ölülər arasından dirildi, bu gün Kilsədə yaşayır və hər gün ölümün o tərəfindəolanlar haqqında danışır. Buna görə də Yəhya “biz” sözünü istifadə edir: burada danışan həm İsadır həm də Müqəddəs Ruhu qəbul etmiş xristian icması. “bizsə bildiyimizə ibadət edirik” (Yəhya 4, 22). Vəftiz olunmuş insan Allahın lütfü ilə yaşayırsa öz daxilində Müqəddəs Ruhun səsini eşidir. O səmavi dəyərləri bilməklə yanaşı, dünyəvi dəyərləri, əxlaqlı həyat prinsiplərini, xeyirlə şərin fərqini də bilir. Xristian bunu məhz ona görə bilir ki, ölümdən Dirilən yeganə Şəxs bunları ona mükəmməl şəkildə öyrədib.