Liturgiya oxunuşları: 30 APREL. Pasxanın II həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Həv 5,17-26
Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. Ona görə də həvariləri tutub ümumi zindana atdılar. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
Təfsir
İlk xristian icmasına qarşı təqiblər davam edir: baş kahin, sadukeylərlə birlikdə, həvariləri paxıllıqdan həbsxanaya atdı. Beləliklə, təqib və həbsin səbəbi paxıllıq və açıq-aydın dəlilləri rədd etməkdir: sadukeylər dirilməyə inanmırlar və onlar, baş verənlərə görə xalq üzərində təsirlərini itirməkdən qorxurlar. Lakin gecə vaxtı Rəbbin mələyi həvariləri zindandan azad etdi və dedi ki, onlar Məbəddə vəz etməyə davam etməlidirlər. Həvarilər itaət etdilər, səhər tezdən Məbədə girdilər və öyrətməyə başladılar. Allahın Kəlamı həbs oluna bilməz, çünki onu azad etməyə hazır olan “Rəbbin mələyi” həmişə olacaq və ona maenələr törətmək istəyən qüvvələrə də qalib gələcək. Baş kahin, sadukeylər, Sinedrion, ağsaqqallar, Məbəd mühafizəçiləri və onların başçısı kimə qarşı qalxmışdılar? Bir neçə çarəsiz və müdafiəsiz həvariyə qarşı. Həvarilərin ümidi Məzmurun sözləri ilə ifadə olunub: “Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi.”
İNCİL Yəhya 3,16-21
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.
Təfsir
İncildən oxunuş dünənki dialoqu davam etdirir. Nikodim Qanunun mötəbər müəllimi ilə danışdığını düşünürdü, lakin bugünkü hissədə o, bu müəllimin dünyanı mühakimə etməyə deyil, dünya Onun vasitəsilə xilas olsun deyə gələn Allahın Oğlu olduğunu anlayır. Allahın Oğlunun missiyası Səmavi Atanın mərhəmətli məhəbbətini ifadə edir, hər bir insan bu məhəbbəti qəbul edib-etməməkdə sərbəstdir. Rəbb İsa nurdur və “həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun”. Məsih deyir: “sevincim sizdə olsun və sevinciniz kamil olsun”. İsanın bütün istədiyi budur: bizim sevincimiz.