Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 5 APREL. Böyük Orucun IV həftəsi, şənbə

"İsa Rəbbdir! Heç kim Onun kimi danışmır! Yalnız O, qəlblərimizin yaralarını sağalda biləcək mərhəmət sözlərinə, əbədi həyat sözlərinə sahibdir. Məsihin sözü hər şeyə qadirdir və onun gücü dünyadan deyil, Allahdandır: o təvazökarlıqda və hətta zəiflikdə də güclü qalır. Onun Sözünün gücü sərhəd tanımayan sevginin, bizi özümüzdən əvvəl başqalarını sevməyə sövq edən məhəbbətin gücüdür” (Papa Fransisk, “Piazza del Plebiscito”-da Müqəddəs Messa, Neapol, 21.03.2015).

BİRİNCİ OXUNUŞ Yeremya 11, 18-20

O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum. Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. Ancaq, ey Ordular Rəbbi, ürəkləri və fikirləri sınayan ədalətli Hakim, mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım.

Təfsir

Rəbbin çağırışına cavab verərək Yeremya Onun sözünün elçisi oldu, lakin peyğəmbərin həmyerliləri onun həyatını çətinləşdirmək istəyirdilər. Missiyaya sadiqliyin acı tərəfi var ki, bu da Yeremyanı qisas almaq istəyinə aparır. O təqib olunduğunu hiss edir, amma buna birbaşa reaksiya vermir, özünü müdafiə etmir, işini Allaha tapşırır. Cəmiyyətin ədaləti öz əlinə almağa çalışdığı bir vaxtda peyğəmbər əlamət və şəhadət olaraq qalxır. O, günahlarımız üçün Özünü qurban verərək, onlara Çarmıxda qalib gələcək həqiqi “kəsilməyə aparılan həlim quzu” İsanı sanki qabaqlayır. Biz bu tövbə dövründə məhz bu ruhda, yalnız Rəbdə etibarlı sığınacaq tapa biləcəyimizi anlayaraq yaşamağa dəvət olunuruq.

İNCİL Yəhya 7, 40-53

Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı. Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz». Bundan sonra hər kəs öz evinə getdi.

Təfsir  

Bugünkü İncilin mətni insanların İsanın söz və hərəkətlərinə reaksiyasını təqdim edir. Bəziləri Onun həqiqətən peyğəmbər olduğunu, bəziləri Məsihi Onda gördüyünü söyləyirdi. Buna fikirlərə etiraz olaraq deyildi ki, Məsih Qalileyadan ola bilməz, çünki Müqəddəs Yazılarda Onun Betlehemdən gələcəyi deyilir. İnsanlar arasında Onun haqqında qızğın mübahisə yarandı. İsa ilə görüş heç kəsi laqeyd qoymur və hər kəs öz mövqeyini tutur. İsanın sözlərindən heyrətlənən əsgərlər Onu həbs etməkdən imtina edir; kahinlər və fariseylər Ona nifrət edir; İsanı gizli ziyarət edən Nikodim Məsihi dinləməyi xahiş edir. Bu dörd həftəlik Böyük Orucdan sonra sual yaranır: biz bu mübahisədə kimin tərəfindəyik - Rəbbə münasibətdə hansı qərarı veririk?

04 aprel 2025, 13:56