Liturgiya oxunuşları: 6 APREL. Böyük Orucun V Rəbb günü
BİRİNCİ OXUNUŞ Yeşaya 43, 16-21
Dənizdə və azğın sularda yol, riz açan, atlarla döyüş arabalarını, igid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, basdırılıb piltə kimi söndürüldü. Əvvəlki şeyləri yada salmayın, köhnə hadisələr barəsində düşünməyin. Budur, Mən təzə bir şey edirəm, o artıq baş verir, məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, quru torpaqda çaylar yaradacağam. Mənim seçdiyim xalqıma su içirtmək üçün çöllükdə su verdiyimə görə, quru torpaqda çaylar yaratdığıma görə, vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq. Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
Təfsir
Böyük Oruc dövrünün beşinci Rəbb günü Yeşayanın təsəlli sözləri ilə açılır. Peyğəmbər seçilmiş xalqın tarixi Çıxışını xatırladır, lakin geriyə baxmamağa çağırır, çünki Uca Allah indiki zamanda da böyük işlər görməyə davam edir. Bir vaxtlar O, israilliləri xilas etmək üçün dənizi sularını yardığı kimi, indi də Öz xalqı üçün səhrada yol açır. Rəbb həmişə Öz əhdinə sadiqdir və heç vaxt dünyada və insanların qəlbində fəaliyyət göstərməkdən vaz keçmir, onların qarşısında xilas üçün yeni, naməlum yollar açır. Nə şübhə, nə zəiflik, nə də ki günah insanı Rəbbdən tam ayıra bilməz, çünki O, Xilaskardır. Bu həqiqətlər bizə Məzmurun sözləri ilə Allaha həmd edərək, Əzablar Həftəsinə sevinc və minnətdarlıqla daxil olmağa kömək edir, çünki “Rəbb bizim üçün böyük işlər gördü”.
İKİNCİ OXUNUŞ Flp 3, 8-14
Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim. Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Təfsir
Həvari Rəbblə görüşdü, Onun mərhəmətini hiss etdi və Məsihi əldə etmək üçün Onun xatirinə hər şeyi tərk etdi. Rəbbi tanımaq - bütün dünyəvi nailiyyətləri üstələyir və salehliyə biz Qanunun yerinə yetirilməsi ilə deyil, Xilaskara iman və məhəbbətlə çata bilərik. Paul öz ruhani həyatını idmançının qaçışı ilə müqayisə edir: o, hələ kamilliyə çatmayıb, lakin İsa Məsihi ən yüksək dərəcədə dərk etməyə can atır. Bu dərketmə qanun biliyinə əsaslanmır: həvarini gələcəyə, hədəfə, Allahın Səmada bizim üçün hazırladığı mükafata doğru irəlləməyə sövq edən sevgi bağlarının bir-birinə qarışmasına əsaslanır. Əgər biz Rəbbə və qonşularımıza belə məhəbbət göstərə biliriksə, əgər yeganə məqsədimiz - Allahla mübarək ünsiyyətdə keçəcək gələcək əbədi həyatdırsa, nə bəxtiyarıq biz!
İNCİL Yəhya 8, 1-11
Lakin İsa Zeytun dağına getdi. Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». Sonra yenə əyilib yerə yazı yazdı. Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
Təfsir
Biz Böyük Oruc ayının beşinci Rəbb gününə çatdıq və cəmi bir həftədən sonra, Rəbbin Yerusəlimə Girişi Günü ilə Əzablar Həftəsinə daxil olacağıq. Keçdiyimiz yol bizə həyatımızın sınaqlar qarşısında nə qədər kövrək olduğunu, eyni zamanda onun Allahın Kəlamı tərəfindən nə qədər etibarlı şəkildə qorunduğunu anlamağa kömək etdi. Allahın hər bir həyat hadisəsi vasitəsilə bizimlə danışdığını dərk edərək çətinliklərə imanla cavab verə bilmək vacibdir. Rəbbin nəzərində heç kim, hətta böyük günaha batsa belə, sona qədər rədd edilmir. Rəbb bizə daş atmaz, O bizimlə mərhəmətlə rəftar edir, yıxıldıqdan sonra ayağa qalxmaq şansı verir, bizi gücləndirir ki, yeni günahlardan uzaq duraq. Niyyətimiz - daima Allahın köməyinə arxalanaraq, Onun sonsuz məhəbbətinə güvənərək müqəddəsliyə doğru irəliləməkdir.