Axtar

2024.12.31 Gesù Cristo

Liturgiya oxunuşları: 7 APREL. Böyük Orucun V həftəsi, bazar ertəsi

«Ya Rəbb, bütün bunların niyə baş verdiyini anlaya bilmirəm, lakin özümü Sənə etibar edirəm» – bu, zamanımızın “ölüm kölgəsi dərələrindən” keçərkən edə biləcəyimiz yeganə duadır. Yeganə mümkün cavab – Müqəddəs Yazının xatırlatdığı kimi, Öz xalqını heç vaxt tərk etməyən Allaha özünü etirbar etməkdir» (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa, 14.03.2016).

BİRİNCİ OXUNUŞ Dan 13,1-9.15-17.19-30.33-62

Babildə Yoakim adında bir kişi yaşayırdı. Bu adam Xilkiyanın Susanna adlı  qızı ilə evlənmişdi. Susanna çox gözəl və mömin qadın idi. Onun valideynləri saleh Yəhudilərdən idi və öz qızlarına Musanın qanununu öyrətmişdilər. Yoakim çox varlı adam idi və onun evinin ətrafında çox gözəl bağı var idi. Yəhudilər tez-tez orada toplanırdılar, çünki hamı Yoakimə hörmət edirdi. Bir biri ilə mübahisəsi olanlar Yoakimin evinə gedirdilər, çünki  həmin ildə xalq arasından çıxan iki hakim orada hakimlik edirdi. Rəbb belələri barədə demişdi ki, günah Babildə xalqı idarə etmək üçün təyin olunan hakimlərdən çıxdı. Günorta vaxtı xalq çıxıb gedəndə Susanna ərinin bağına gəzməyə çıxardı. Hər dəfə bağa gələn və orada gəzişən Susannanı o iki hakim görürdü və onlarda ona qarşı şəhvət hissi oyandı. Belə oldu ki, onlar əlverişli fürsəti gözlədilər. Bir dəfə Susanna hər gün olduğu kimi, ikixidmətçi qızla bağa girdi və bağda çimmək istədi, çünki çox isti idi. Gizlənib Susannanı güdən iki hakimdən başqa bağda heç kim yox idi. Susanna xidmətçilərinə belə dedi: «Mənə ətirli yağ və sabun gətirin, bağın qapılarını bağlayın ki, rahat çimə bilim». Xidmətçilər çıxan kimi iki hakim gizləndikləri yerdən çıxıb cəld Susannanın yanına gəldilər və belə dedilər: «Budur, bağın qapıları kilidlənib, bizi heç kim görmür. Səninlə yatmaq istəyirik, buna görə bizimlə razılaş və istədiyimizi bizə ver. Əgər istədiyimizi bizə verməsən, onda gənc bir adamla tək qalmaq üçün xidmətçilərini uzaqlaşdırdığını söyləyib sənə qarşı şahidlik edəcəyik». Susanna inləyərək belə söylədi: «Mən hər tərəfdən sıxışdırılmıĢam; çünki sizə təslim olsam, zina etdiyimə görə ölümə məhkum olunaram. Sizi rədd edərəmsə, sizin əlinizə düşərəm. Rəbbə qarşı günah işlətməkdənsə, sizin əlinizə düşməyə üstünlük verirəm». Bunu deyib Susanna var gücü ilə qışqırdı; iki hakim də onun əleyhinə bağırmağa başladılar. Bu kişilərdən biri qaçıb bağın qapılarını açdı. Evdəki xidmətçilər bağdakı səs-küyü eşidib Susannaya nə olduğunu görmək üçün yan qapılardan bağa atıldılar.  Hakimlər öz sözlərini deyəndə Susannanın xidmətçiləri çox utandılar, çünki Susanna haqqında bu günə qədər heç vaxt belə şeylər deyilməmişdi. Ertəsi gün xalq onun əri Yoakimin evinə toplandı. Onu ölümə məhkum etmək üçün Susannaya qarşı mənfur planlarını tətbiq etmək niyyətində olan iki hakim də oraya gəldi. Onlar xalq qarşısında belə dedilər: «Xilkiyanın qızı, Yoakimin arvadı Susannanı gətirin». Onu çağıranda Susanna anası, atası, uşaqları və bütün qohum-əqrəbaları ilə birlikdə gəldi. Susannanın ailəsi və orada olan hər bir kəs ağlayırdı. Amma iki hakim xalqın önündə ayağa qalxdı, əllərini Susannanın başına qoyub onu təqsirləndirməyə başladılar. Susanna isə göz yaşları içərisində gözlərini göylərə dikmişdi, çünki o, Rəbbə ümid edirdi. Bu iki hakim dedi: «Biz bağçada gəzirdik, bu qadın da iki xidmətçisi ilə gəldi və bağın əsas qapılarını bağlayıb xidmətçilərinə getmələrini əmr etdi. Sonra bağda gizlənən gənc bir adam ona yaxınlaşdı və onunla yatdı. Biz bağın bir tərəfində idik və bu qanunsuzluğu görəndə onları yaxaladıq. Onları yaxınlıq edən zaman yaxaladıq. O adamı tuta bilmədik, çünki o, bizdən güclü idi, qapıları açdı və qaçdı. Amma qadını yaxaladıq və  onu dindirdik, o isə bizə cavab vermək istəmədi. Doğru şahidlik etdiyimizə and içirik». Bu iki adam həm xalqın başçıları, həm də hakim olduqlarına görə xalq onların sözlərinə inandı və Susannanı ölümə məhkum etdi. Susanna yüksək səslə fəryad etdi və dedi: «Ey əbədi Var Olan Allah, Səndən heç bir şey gizli deyil, Sən bütün olacaq şeyləri əvvəlcədən bilirsən. Bu adamların mənə qarşı yalan söylədiklərini bilirsən, budur, mən heç bir günah etmədən, bu adamların pis niyyətlərinə görə ölməliyəm». Rəbb Susannanın səsini eĢitdi. Susanna ölümə məhkum edilmək üçün aparılanda Allah Daniel adlı gəncin ruhunu oyatdı və o, yüksək səslə bağırdı: «Onun ölümünə səbəb olanlardan biri olmaqdan imtina edirəm!» Onda bütün xalq ona tərəf döndü və dedi: «Dediyin bu söz nədir?» Onda Daniel onların  qarşısında ayağa qalxıb belə söylədi: «Siz belə düşüncəsizsinizmi, ey İsrail nəsli, həqiqəti araşdırmadan və həqiqəti bilmədən İsrailin qızını məhkum edəcəksiniz?  Məhkəməyə bir də baxın, çünki bu adamlar ona qarşı yalan şahidlik etmişdilər». Hamı geri qayıtdı və rəislik edən adamlar Danielə belə dedilər: «Bizim yanımızda otur və bizə demək istədiklərini açıqla, çünki Allah sənə hakimlik verib». Daniel onlara belə dedi: «Bu iki hakimi bir-birindən ayırın və mən onları ayrı-ayrı dindirəcəyəm». Onları bir-birindən ayırandan sonra Daniel birinci hakimi çağırdı və ona belə dedi: «Pislikdə qartlamış qoca, indi əvvəllər etdiyin bütün günahların aşkar oldu. Günahsızları məhkum edərək və günahkarlara bəraət verərək adil olmayan qərarlar çıxarırdın. Amma Rəbb “təqsirsizi və günahsızı öldürmə” deyib. Belə olan halda, əgər sən onların əxlaqsızlıq etdiyini görmüsənsə, onda de görüm, onları hansı ağacın altında görmüsən?» O dedi: «Saqqız ağacının altında».  Daniel dedi: «Düzdür! Bu yalanının cəzasını çəkəcəksən; budur, səni şaqqalamaq üçün Allahın mələyinə Allah tərəfindən əmr verildi». Birinci hakim oradan uzaqlaşdırılandan sonra ikincisini Danielin yanına gətirdilər və Daniel ona dedi: «Yəhudidən çox Kənanlıya oxşayırsan. Bu qadının gözəlliyi səni yoldan çıxartdı və düşüncələrini şəhvət pozdu. İsrailin qadınları səndən qorxduqları üçün onlarla istədiyini etməyə vərdiş etdin; amma Yəhudi qızı pislikdə səninlə ortaq olmaz. İndi mənə de görüm, onları hansı ağacın altında gördün?» İkinci hakim belə cavab verdi: «Palıd ağacının altında».  Daniel dedi: «Düzdür! Bu yalanının cəzasını həyatınla ödəyəcəksən, çünki Allahın mələyi səni ikiyə bölmək üçün əlində qılınc hazır durub. Beləcə ikinizdən də qurtulacağıq». Bundan sonra bütün toplananlar uca səslə Ona ümid bağlayanları xilas edən Allahı alqışladılar. Hamı bu iki hakimə qarşı çıxdı, çünki Daniel onların ağzından çıxan yalanı ifşa etdi. Musanın qanununa görə öz yaxınına qarşı yalan şahidlik edənlərə edilən cəza ilə onları cəzalandırdılar. Beləcə iki hakim ölümə məhkum edildi və günahsız qadın xilas oldu.

Təfsir

Daniel peyğəmbərin məqsədi Allahın günahsızları tərk etmədiyini göstərməkdir. Şəhvətin əsiri olmuş iki qoca riyakar Susannaya qarşı hiylə qururlar. Ehtirasları onları Uca Allahdan uzaqlaşdırır və günah hissini duymamaq üçün, onlar öz ehtiraslarına qapılaraq gözlərini Allahdan çevirirlər. Haqsız ittihamla qarşılaşdıqda Susanna insanlardan bəraət axtarmır, tamamilə Rəbbə güvənir. Gənc peyğəmbər Danielin müdaxiləsi sayəsində yalan üzə çıxarılır və ədalət yerini tapır. Bu gün bir çox insan pislikdən qorunmaq üçün baxıcılara və ya ulduz falına müraciət edir. Susannanın nümunəsi isə bizə xatırladır ki, həqiqi dayaq yalnız Allahdadır. Necə ki Məzmurda deyilir «Şərdən qorxmaram, çünki Sən mənimləsən ».

İNCİL Yəhya 8,12-20

Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.

Təfsir  

İncil hekayəsi bizi Çadırlar bayramı günlərinə aparır. O zaman Yerusəlim məbədində və evlərdə çıraqlar yandırılırdı – bu, İsraillilərin Misirdən çıxışı zamanı Allahın onlara rəhbərlik etməsinin bir nişanəsi idi. Bu kontekstdə Rəbb İsa bəyan edir: “Mən dünyanın nuruyam; Mənim ardımca gələn qaranlıqda gəzməyəcək, həyat nuruna sahib olacaq.” İşıq olmadan insan istiqamətini itirir, çaşqınlığa düşür və yolunu azaraq məqsədini itirə bilər. İşıq insana əminlik, rahatlıq bəxş edir və həyatın ən vacib suallarını aydınlaşdırır. Məsih özünü təkcə nur adlandırmır, həm də cavab gözləyir – biz Onu qəbul edəcəyikmi, yoxsa bir zamanlar Onun dövründəki insanlar kimi rədd edəcəyik? Rəbbə iman edən insan həyat yolunun bütün istiqamətlərini görə bilir, çünki Məsih heç vaxt sönməyən dan ulduzudur.

05 aprel 2025, 13:23