Axtar

2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 8 APREL. Böyük Orucun V həftəsi, çərşənbə axşamı

"Xilas yalnız Çarmıxdadır və Allah bu Çarmıx xatirinə cism oldu. İdeyalarda, yaxşı olmaq niyyətində xilas yoxdur. Yeganə qurtuluş - çarmıxa çəkilmiş Məsihdədir, çünki yalnız O, tunc ilan kimi, günahın bütün zəhərini Özünə çəkərək, bizə şəfa verə bilər" (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 04.04.2017)

BİRİNCİ OXUNUŞ Saylar 21,4-9

Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.

Təfsir

İsrail xalqının Çıxış yolu çətin idi və insanlar sınaqlara tab gətirə bilməyib Allaha və Musaya qarşı gileylənməyə başladılar. Bu gileylərin ardınca cəza gəldi: Uca Allah zəhərli ilanlar göndərdi və bu səbəbdən çoxlu israillilər öldü. Səmanın qəzəbi tezliklə rəhmlə əvəzlənir: Musa tunc ilan düzəltməlidir ki, bu da canlı ilanların zəhərinə qarşı dərman olacaq. İnsan həvəslə yeni yola qədəm qoyur, amma sonra – gözlədiyini dərhal ala bilməyəcəyini anlayanda – köləlikdə yaşamış olsa belə, keçmişi üçün darıxmağa başlayır! İnsan ülvi qayələr haqqında düşünməyi dayandırır və fikrində keçmiş həzzlərə qayıdır. Allah üçün İsraili Misirdən çıxarmaq Misiri İsrailin qəlbindən çıxarmaqdan daha asan idi! Məzmurunun sözləri ilə imanımızı gücləndirmək üçün yalvarırıq: “Ya Rəbb, bu duama qulaq as, qoy fəryadım Sənə çatsın”.

İNCİL Yəhya 8, 21-30

Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz».  Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». İsanın onlara Ata barədə danışdığını anlamadılar. 2Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.

Təfsir  

Biz Əzablar Həftəsinə yaxınlaşırıq və İsa ilə fariseylər arasında gərginlik getdikcə kəskinləşir. Məsih Öz ilahiliyini onlara göstərir, lakin fariseylər Onu səhv başa düşürlər və Onu rədd edirlər. İsa onlara deyir: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam». Çarmıx Birinci oxunuşdaki ucaldılmış tunc ilan kimidir; bu dəhşətli ölüm aləti cazibə və həyat qüvvəsinə, yerlə göy arasında körpüyə çevrilir. Fariseylər kimi, biz də öz dar, dünyəvi düşüncələrimizin tələsinə düşə bilərik. Məsihin sözlərinə görə, Ona iman etməyənlər günah içində öləcəklər, yəni bu dünyanın əsiri olaraq qalacaqlar və həyatın dərdlərinə qərq olacaqlar. “Yerlə göy” arasındakı bu uçurumu aradan qaldırmağın yeganə yolu Rəbbə və Xilaskar İsa Məsihə iman etməkdir. Onda bu İncil parçasının sonunda deyilənlər bizim üçün də baş verəcək: “ İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi”.

07 aprel 2025, 23:02