Liturgiya oxunuşları: 2 MAY. Pasxanın II həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Həv 5,34-42
Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar. O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər. Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.
Təfsir
Həvarilərin Sinedrionda mühakiməsi sadəcə təxirə salınıb. Qamalielin müdaxiləsinə baxmayaraq, hadisələr elə inkişaf etdi ki, bütün həvarilər Yerusəlimdən qaçmalı oldular (İsanın qardaşı Yaqubdan başqa). Bu, qəribə şəkildə qədərlənmiş hadisə oldu, çünki bu ilk təqib vasitəsilə Müjdə o dövr üçün məlum olan dünyaya yayıldı. Həvarilər sadəcə olaraq kiçik bir töhmətlə azad edilmədilər, onlar qamçılandılar, lakin xoşbəxt getdilər, çünki Müqəddəs Ruh onlarla idi. Müjdəni təbliğ etmək üçün şəraitin nə qədər əlverişli olduğuna əhəmiyyət verməməliyik: müjdəçi hər zaman İncili vəz etməlidir. Bu oxunuşda həvarilərin böyük sevinci göstərilir. Onlar azaddırlar, çünki Allahı özlərindən çox sevirlər.
İNCİL Yəhya 6,1-15
Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. İsa dağa çıxıb şagirdləri ilə oturdu. Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» 6 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı. Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
Təfsir
Müjdəçi Yəhya çörəklərin çoxalması möcüzəsinin təsvirini İsanın Kefernahum sinaqoqunda Yevxaristiya haqqında danışacağı fəslin əvvəlinə yerləşdirir. Xronologiyaya əsasən hadisələrin birincisi (çörəklərin çoxalması) funksional olaraq ikinci ilə (həyat çörəyi haqqında söz) bağlıdır, lakin çörəklərin çoxalması möcüzəsi təkcə İsanın Kefernahum sinaqoqundaki deyəcək sözlərinə hazırlıq deyil, həm də bir neçə gün Onun arxasıca gəzən və buna görə də oruc tutan insanların ac qalmasından naharat olan Məsihin mərhəmətini təsvir edir. İnsan üçün maddi, fiziki ehtiyaclar birinci yerdədir və İsanın mərhəməti insanların bu ehtiyaclarını qabaqlayır.Bir neçə gün yemək yeməyən insana günahdan, mərhəmətdən danışmaq əbəsdir: onun üçün ən vacibi yeməkdir. Mərhəmət və həqiqət əl-ələ gəzirlər, biri olmadan digəri ola bilməz. Kiməsə imanın əsaslarını öyrətmək istəyəndə bunu daim xatırlamalıyıq: bəyan edilən məhəbbətin idealları konkret yaxşı əməllərlə ifadə olunur və təsdiqlənir.