Liturgiya oxunuşları: 1 MAY. Pasxanın II həftəsinin cümə axşamı
MAY AYI - İSANIN ANASI VƏ ANAMIZ OLAN MÜQƏDDƏS MƏRYƏMƏ HƏSR OLUNMUŞ AY
May ayı özü ilə xüsusi bir yaz əhval-ruhiyyəsini gətirir: Sanki bütün ətraf həyat nəğməsini oxuyur. İtalyan şairi Cakomo Leopardi bu ayı “ətirli” adlandırıb: havadakı qoxular, çiçəklər, qış yuxusundan oyanan təbiət – hər şey gözəllikdən danışır. Ətrafımızda gördüyümüz bu gözəllik bizi hər mənada mükəmməl olan Müqəddəs Məryəmə baxmağa çağırır. Biz, sevdiklərimizə və yaxınlarımıza görə, bizi narahat edən vəziyyətlərə görə onun şəfaətinə müraciət edərək, ona olan sevgimizi etiraf edirik. Bu ay ərzində Müqəddəs Rozari duasını birlikdə oxumaq gözəl bir ənənədir. "Əqdəs və Pakizə Məryəmə həsr olunmuş may ayı" adlı qeydlərində (1858) müq. Covanni Bosko, bütün may ayı üçün üç bənddən ibarət olan bir növ proqram təklif etmişdir. Müq. Covanni Bosko bizi günahdan çəkinmək üçün mümkün olan hər şeyi etməyə çağırır; ruhani və dünyəvi vəzifələrimizə qarşı laqeyd olmamaq, əksinə onları bacardıqca ən yaxşı şəkildə yerinə yetirmək; Məryəm Anaya həsr olunan ibadət və dualarda sevdikləriniz üçün nümunə olmaq ki, onlar da bu ibadətlərdə iştirak etmək istəsinlər. Bütün bu təkliflər özü özlüyündə olan məqsəd deyil: Covanni Bosko onların təbii olaraq gündəlik həyatımıza daxil olmasını və onun ayrılmaz hissəsinə çevrilməsini təklif edir.
Müqəddəs Zəhmətkeş Yusif
Bu gün Kilsə bütün zəhmətkeşlərin himayədarı olan Müqəddəs Yusifin xatirəsini qeyd edir. Bu, həmçinin İsanın doğulub böyüdüyü və demək olar ki, bütün həyatı boyu yaşadığı mühitin xatirəsidir. Məsih də zəhmət çəkirdi, əlləri ilə işləyirdi. O, gündəlik iş və vəzifələrimizdə bizim üçün nümunə və güc mənbəyi olmalıdır. Papa Fransisk dua edirdi ki, "bütün işlərimiz Rəbdə başlasın və Rəbdə də bitsin". 1955-ci ildə Papa XII Pius Müqəddəs Zəhmətkeş Yusif bayramını təsis etdi.
BİRİNCİ OXUNUŞ Kol 3,14-15.17.23-24
Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz.
Təfsir
Gündəlik işləri təvəzökarcasına və sakit şəkildə yerinə yetirmək müqəddəsliyin böyük sirridir. Əgər biz həqiqətən də hər şeyi İsanın adı naminə edə biliriksə və Onun vasitəsilə Ata Allaha şükür ediriksə, deməli, doğru yoldayıq. Xristian həyatı sadədir: İsanın Özü Yusifə və Məryəmə itaət edərək Nazaretdəki evdə otuz il yaşamaq istədiyi üçün bu o deməkdir ki, müqəddəslikdə ən yüksək həyatı yaşamaq bizim üçün də mümkündür. Söhbət sadə işləri məhəbbət və sədaqətlə yerinə yetirməkdən gedir: işləmək, ac olanı yedizdirmək, qocalara və xəstələrə baş çəkmək və s., və bununla da Allahı izzətləndirdiyimizi dərk etmək. Bu sadə məhəbbət əməlləri bəyük vəzlərə və möcüzələrə bərabərdir. Əsas olan qəlbin təmizliyi və niyyətimizidir. Əgər biz hər şeyi Allahı izzətləndirmək üçün ediriksə, deməli, artıq hər şeyi yerinə yetirmişik. Müqəddəs Yusifin möcüzələr yaratdığına və ya mistik hallar yaşadığına dair heç bir sübut yoxdur. O, təvazökar və saleh bir zəhmətkeş idi, hər şeyi Allahın izzəti üçün edirdi, və Ata Allahın izzəti üçün hər gün İsa və Məryəmlə birlikdə yaşayaraq böyük bir müqəddəsə çevrildi.
İNCİL Мatta 13,54-58
Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
Təfsir
Burada, “dülgərin oğlu” şərəfli ad deyil, daha çox İsraili və dünyanı günah yükündən xilas etmək üçün Allahın elçisi olduğunu “iddia edən” İsaya qarşı istifadə edilən bir arqumentdir. Nazaret sakinlərinin fikrincə, Məsih dülgərliklə məşğul olmuş sadə bir usta ola bilməzdi. Ola bilsin ki, biz də oxşar şəkildə düşünərdik, buna görə də bugünkü İncil birbaşa bizə aiddir. Başqa bir kontekstdə İsa deyəcək: “kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!” (Matta 11,6). Odur ki, qoy Allah Allah olsun. Biz isə istədiyimiz və ya ən səmərəli hesab etdiyimiz şeylərə görə yox, Onun iradəsinə uyğun hərəkət edək. Möcüzələr və lütflər də bizim imanımızdan və Məsihi azad iradə ilə qəbul etməyimizdən asılıdır. Yusif uzun illər Onunla yaşadı, amma heç vaxt bir möcüzə, heç bir heyrətamiz hərəkət görmədi. O, sübuta, xüsusi əlamətlərə ehtiyac duymadan inanırdı. Sadəcə inanırdı. Müqəddəs Yusif iman, ümid və mərhəmətin əsl qəhrəmanıdır. O, İsa ilə necə yaşamağı öyrədir.