Müq. Peter Meydanında Papa Fransisk üçün "Rozari" duası edildi
Salvatore Çernutsio tərəfindən
Papa kimi ilk günündə xalqa xeyir-dua verdiyi və onlardan xeyir-dua istədiyi həmin meydanda, bazar ertəsi həmin insanlar çobanları Papa Fransisk üçün onun sağlamlığı, sağalması və onların arasına qayıtması üçün dua etmək üçün toplandılar. Fevralın 24-də, axşam saat 21:00-da, Papanın Cemelli xəstəxanasında müalicə almasının onuncu günündə gənclər, ailələr, keşişlər, rahibələr, Romada yaşayan kardinallar, Dikasteriya rəhbərləri və Roma Kuriyasının üzvləri Müqəddəs Peter Meydanında bir araya gəldi. Rozari duasına Dövlət katibi kardinal Pietro Parolin başçılıq etdi və giriş nitqində insanları Papa Fransiskin “sağlamlığını bərpa etməsi” üçün dua etməyə çağırdı.
Dünyanın Dörd Bir Yanında Rozari və Messalar
Romada günorta saatlarında yağan yağışa və nəqliyyat tətilinə baxmayaraq, yüzlərlə insan bu gün günorta saatlarında edilən çağırışa cavab verərək Müqəddəs Ata üçün dualara qoşuldu. Bu təşəbbüs, artıq keçən şənbə günü dünyanın müxtəlif yeparxiyalarında başlayan və davam edən dua marafonunu daha da gücləndirdi. Ən sonuncu, xronoloji ardıcıllıqla, Papa Fransiskin doğulduğu yer olan Buenos-Ayres arxiyepiskopluğu idi, burada, “Villas miserias”-da, Papa üçün Müqəddəs Messa keçirildi.
Şənbə günü daha böyük əzab anları və bazar ertəsi Vatikanın axşam verdiyi açıqlamada elan edilən "yüngül yaxşılaşma” ilə müşayiət olunan Papanın səhhəti haqda xəbərlər 88 yaşlı Pontifikə məhəbbət və yaxınlıq hisslərinin artmasına səbəb oldu. Bu dəstək Rozari duaları və Müqəddəs Messalarla yanaşı, eyni zamanda Papanın hər nitqinin və katexizisinin sonunda özü üçün xahiş etdiyi dualarla təzahür edir. Çünki onun sözləri ilə desək, “bu, hər bir çoban üçün bir zireh kimidir.”
Kardinallar və Dikasteriya rəhbərləri iştirak edənlər arasında
Axşamı mülayim hava və səmimi bir atmosfer bürümüşdü. Təxminən otuz kardinal pillələrdə əyləşmişdi. Ön sırada kardinallar Taqle, Uile, Prevost, Artime, Banyaşo, Feroçi, Semeraro, Börk, Müller və Beçu kimi tanınmış simalar yer almışdı. Bəzi kardinallar, məsələn, Kardinal Çernı kimi, xalqın arasında oturmuşdular. Həmçinin, bir həftə sonra Vatikan Qubernatorluğunun rəhbərliyini üzərinə götürəcək Rahibə Raffaella Petrini və Roma Kuriyası ilə Roma Yeparxiyasının digər nümayəndələri də iştirak edirdi.
Rozari duasının edilməsi
Meydanı dolduran izdiham arasında müxtəlif materiallardan və rənglərdən olan rozari təsbehləri möminlərin əllərindən asılı halda görünürdü. Onlar Rozarinin Sevincli Sirrlərini etdilər, bu dualar “Schola Cantorum” musiqi məktəbinin ilahilər ifası, litaniyalar (Müqəddəslərə Dualar) və Lukanın İncilindən “Mələyin Məryəmə Müjdəsi” haqqında hissənin oxunması ilə müşayiət olunurdu.
Bəziləri bütün mərasim boyu ayaq üstdə qaldı, digərləri oturdu; kimisi səssiz dua etdi, kimisi isə pıçıltı ilə. Bəziləri öz ölkələrinin bayrağını, Papanın çap olunmuş və ya telefon ekranında olan şəklini, bir şam və ya hətta bir fənər gətirmişdi. Rozari duasını edən hər kəs baxışlarını adətən Papanın Messalara və çərşənbə audiensiyalarına başçılıq etdiyi ağ səhnəyə yönəltmişdi. Bu gecə isə həmin yerdə kardinal Parolinin Papa Fransiski əmanət etdiyi “Məryəm Ana, Xəstələrin Şəfası” ikonası dururdu.
Parolin: Müqəddəs Ata üçün şövqlü dua
“Həvarilərin İşləri kitabında yazılır ki, Kilsə, Müqəddəs Peter həbsdə olduğu zaman onun üçün şövq ilə dua edirdi. İki min il ərzində, xristianlar Papa təhlükə altında və ya xəstə olduğu zaman onun üçün dua ediblər,” – kardinal Parolin giriş nitqində belə dedi. “Həmçinin bu günlərdə də, Papa Fransiskin Cemelli xəstəxanasında yatdığı vaxtda, dünyada bütün imanlılardan və xristian icmalarından Rəbbə dualar ucalıb".
“Bu axşamdan etibarən,” – deyə kardinal Dövlət Katibi bəyan etdi, – “biz də burada, onun evində, müqəddəs Rozari duası etməklə birləşmək istəyirik. Onu, Salus Infirmorum - Xəstələrin Şəfası adı ilə çağırdığımız Müqəddəs Məryəmin güclü şəfaətinə əmanət edirik. Qoy bizim Sevimli Anamız, bu xəstəlik və sınaq dövründə, ona dəstək olsun və tezliklə sağalmasına yardım etsin”.
Xalqın Ümidləri
Axşam duası xaç nişanını çəkməklə və meydanın arxa hissəsindən ənənəvi “Viva il Papa” (Yaşasın Papa!) səsləri eşidilməyə başlayanda alqışlarla sona çatdı. Tədbir təxminən 45 dəqiqə çəkdi . Xalq dağıldıqca, bəzi insanlar obeliskin yaxınlığında meydanda qaldılar: İspaniyalı rahibələr, Çinli imanlılardan ibarət bir qrup və Filippinli keşişlərdən ibarət daha böyük bir qrup. Orada həmçinin uzun illər Monqolustanda missiyada olan Kolumbiyalı bir rahib də var idi. O dedi ki, “Bu çətin bir dövrdür, amma biz Papanın yanındayıq”.
İki gənc qadın açıqlama verdi: “Çox uzaqlardan, Romanın kənar məhəllələrindən gəldik, amma burada olmaq istədik. Papa bunu bacaracaq; bacarmalıdır. Bizim ona ehtiyacımız var.”
Şimal İtaliyadan Yubiley İli üçün Romaya gəlmiş bir cütlük isə əlavə etdi: “O bizim bələdçimizdir”. Qara palto geyinmiş və bənövşəyi papaq taxmış bir qadın isə bir neçə gündür Papa Fransisk barədə narahat olduğunu etiraf etdi: “Məni qəzəbləndirən bütün o pis xəbərlər və yalan xəbərlər arasında bu gün biz gözəllik gördük. Hər gün evdə Papa üçün dua edirəm və bunu bir yerdə etmək çox gözəl idi. O qədər insan... Papa həmişə bizə ‘Mənim üçün dua edin’ deyirdi və biz də etdik.”
Kardinal Yu: Ümid edirik ki, Papa, tezliklə sağalar
Jurnalistlərin mobil telefonları və fotoaparatlarla çəkdiyi fotolar arasında, sütunların solğun işığında bəzi kardinalların qırmızı papaqları diqqət çəkirdi. Onlar, öz ölkələrindən gələn imanlılarla salamlaşmaq üçün dayanmışdılar. Onların arasında, ətrafı gənc koreyalılarla əhatələnmiş Ruhanilər üzrə Dikasteriyanın Prefekti, Kardinal Lazarus Yu Xınsik də var idi.
“Allahın xalqının, hamımızın, səhhəti yaxşı olmayan Papa üçün burada olmasından çox məmnunam. Papa, Xristianlığın, Kilsənin mərkəzindədir, o Peterin varisidir. Bizi çox sevən Papa üçün dua etməliyik və indi biz də ona sevgimizi göstərməliyik. Ümid edirəm ki, ən qısa zamanda sağalar.” – kardinal Vatikan mediasına verdiyi açıqlamada belə dedi.
“Papanın bizdən istədiyini yerinə yetirmək vacibdir: Kəlamı yaşamaq, qəlbimizi açmaq, başqalarını—ən kiçikləri, miqrantları, kənarlaşdırılmışları, yoxsulları—sevmək. Çünki onları sevərək biz İsanı sevirik. Papa bizə bu nümunəni göstərdi və göstərməyə davam edir. Biz hamımız birlikdə Kilsəni və bəşəriyyəti daha gözəl bir yerə çevirməyə davam etməliyik,” – deyə kardinal Yu əlavə etdi. Bundan başqa o, Papa Fransiskə birbaşa mesaj göndərmək istədiyini bildirdi:
“Müqəddəs Ata, sizi çox sevirəm! Bir dəfə sizə demişdim ki, sizin və Kilsənin uğrunda həyatımı verməyə hazıram. Bunu bir daha təkrar edirəm: Sizin və Kilsənin uğrunda həyatımı verməyə hazıram. Bu da mənim yanımda olan hər kəsi sevəcəyim mənasına gəlir. Hər zaman, böyük bir sevinc ilə”.