Papa Fransisk: Nikodim İsa ilə qarşılaşmada ümid tapdı
MÜQƏDDƏS ATA TƏRƏFİNDƏN HAZIRLANMIŞ KATEXİZİS
Çərşənbə, 19 mart 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. 1-ci Görüş. Nikodim. “...yenidən doğulmalısınız” (Yəhya 3, 7)
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Bu katexizis ilə biz İsanın necə ümid verdiyini başa düşmək üçün İncillərdə təsvir olunan bəzi qarşılaşmalar üzərində düşünməyə başlayacağıq. Doğrudan da, bunlar həyatı işıqlandıran, ümid bəxş edən görüşlərdir. Məsələn, elə ola bilər ki, kimsə qarşılaşdığımız çətinliyi və ya problemi fərqli perspektivdən görməyə kömək edir; ya da ola bilsin ki, kimsə bizə sadəcə olaraq keçdiyimiz ağrıda tək olmadığımızı hiss etdirən bir söz deyir. Bəzən hətta heç kimin heç nə demədiyi səssiz görüşlər də ola bilər, lakin bu anlar bizə yenidən yola qayıtmağa kömək edir.
Üzərində düşünmək istədiyim ilk qarşılaşma Yəhya İncilinin 3-cü fəslindəki İsa ilə Nikodimin qarşılaşmasıdır. Mən bu epizodla başlayacağam, çünki Nikodim öz tarixçəsi ilə qaranlıqdan çıxmağın və Məsihin ardınca getməyə cəsarət tapmağın mümkün olduğunu göstərir.
Nikodim İsanın yanına gecə gəlir: görüş üçün qeyri-adi vaxtdır. Yəhyanın dilində günün vaxtına istinadlar çox vaxt simvolik məna daşıyır: burada gecə, ehtimal ki, Nikodimin qəlbində olana işarə edir. O, həyatımızda nələrin baş verdiyini artıq başa düşmədiyimiz və irəliyə doğru yolu aydın görə bilmədiyimiz zaman yaşadığımız qaranlıqda, şübhələrin qaranlığında olan bir insandır.
Əgər qaranlıqdasansa, əlbəttə ki, işığı axtarırsan. Yəhya İncilinin əvvəlində yazır: “Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı” (1,9). Buna görə də Nikodim İsanı axtarır, çünki hiss edir ki, İsa onun ürəyinin qaranlığını işıqlandıra bilər.
Ancaq İncil bizə deyir ki, Nikodim İsanın ona nə dediyini dərhal başa düşmür. Və beləliklə biz görürük ki, bu dialoqda çoxlu anlaşılmazlıqlar, həmçinin müjdəçi Yəhyaya xas olan bir çox istehza var. Nikodim İsanın ona nə dediyini anlamır, çünki o, öz məntiqi və kateqoriyaları ilə düşünməyə davam edir. O, aydın və müəyyən edilmiş şəxsiyyətə malik bir insandır; ictimai rolu var, yəhudilərin liderlərindən biridir. Lakin, ola bilsin ki, həyatında nəsə artıq düz getmir. Nikodim hiss edir ki, onun həyatında artıq nəsə işləmir. Dəyişmək ehtiyacı hiss edir, amma haradan başlayacağını bilmir.
Bu, həyatımızın müəyyən dövrlərində hər birimizin başına gəlir. Dəyişikliyi qəbul etməsək, sərtliyə, vərdişlərə və ya düşüncə tərzimizə qapansaq, ölmək riski ilə üzləşirik. Həyat - sevmək məqsədi ilə yeni bir yol tapmaq üçün dəyişə bilməkdir. Həqiqətən də, İsa Nikodimə yeni doğuş haqqında danışır, və bu yeni doğuş təkcə mümkün deyil, həm də səyahətimizin müəyyən nöqtələrində zəruridir. Əslində, mətndə istifadə olunan ifadənin özü ikimənalıdır, çünki anōthen (ἄνωθεν) “yuxarıdan” və ya “yenidən” kimi tərcümə oluna bilər. Yavaş-yavaş Nikodim başa düşəcək ki, bu iki məna birləşir: Müqəddəs Ruhun bizdə yeni həyat yaratmasına icazə versək, biz yenidən doğulacağıq. İçimizdə, ola bilsin, sönməkdə olan həyatı yenidən kəşf edəcəyik.
Mən Nikodimdən başlamağı ona görə seçdim ki, o, bu dəyişikliyin mümkün olduğunu həyatı ilə göstərən bir insandır. Nikodim bunu bacardı: sonda o, İsanın cəsədini istəmək üçün Pilatın yanına gedənlərin arasında olacaq (Yəhya 19, 39)! Nikodim nəhayət işığa çıxdı, yenidən doğuldu və onun artıq gecədə qalmasına ehtiyac yoxdur.
Dəyişikliklər bəzən bizi qorxudur. Bir tərəfdən bizi cəlb edirlər, bəzən biz onları arzulayırıq, digər tərəfdən isə rahatlıq içində qalmağa üstünlük veririk. Buna görə də Ruh bizi bu qorxularla üzləşməyə təşviq edir. İsa İsraildə müəllim olan Nikodimə xatırladır ki, hətta israillilər səhra ilə yol gedəndə qorxurdular. Və onlar öz qayğılarına o qədər diqqət yetirdilər ki, müəyyən məqamda bu qorxular zəhərli ilanlar şəklini aldı (Say 21, 4-9). Azad olmaq üçün Musanın dirəyə qoyduğu mis ilana baxmalı idilər, yəni başlarını qaldırıb qorxularını ifadə edən surətin qarşısında dayanmalı idilər. Biz yalnız qorxularımızın üzünə baxaraq azad ola bilərik.
Nikodim, hamımız kimi, Çarmıxa Çəkilmişə - bütün qorxularımızın kökü olan ölümü məğlub Edənə baxa bilir. Gəlin biz də «bədənini deşdikləri» Ona baxmaq üçün gözlərimizi qaldıraq, İsa ilə görüşək. Onda biz həyatımızda dəyişikliklərlə qarşılaşmaq və yenidən doğulmaq ümidini tapacayıq.