Axtar

2019.04.19 Adorazione della Croce, Papa Francesco in preghiera, riflessione, attesa durante la Adorazione della Croce

Papa Fransiskin səsi və kövrəklik məktəbi

Papa taxtına seçilməsinin on ikinci ildönümündə Papa Fransisk Romanın Cemelli xəstəxanasında müalicəsinə davam edir.

 

Andrea Tornielli

Bu il Papa Fransiskin pontifikatının on ikinci ildönümü, bir ay Cemelli xəstəxanasının onuncu mərtəbəsindəki xəstəxana otağında yaşayan pontifik üçün xüsusi bir məqama təsadüf edir. Ən son tibbi bülletenlərdən gələn xəbərlər ümidvericidir, papanın səhhəti ilə bağlı proqnozlar artıq “ehtiyyatlı” deyil və ümid edirik ki, o tezliklə Vatikana qayıda biləcək. Bununla belə, Papanın indiki vaxtda yaşadıqları, şübhəsiz ki, papalığının başlanmasının bu ildönümünü çox qeyri-adi edir. Papa Fransiskin ən uzun qitələrarası səyahətinə (İndoneziya, Papua Yeni Qvineya, Timor Leste və Sinqapur), Sinodallıq haqqında Sinodun yekunlaşmasına, Yubileyi təntənəli şəkildə açıq elan edən Müqəddəs Qapının açılışına şahid olan il indi bu incə məqamlara şahidlik edir.  Bu günlərdə öz xəstəliyi ilə digər xəstələrlə həmrəy olan Müqəddəs Peterin xələfi, dünyadakı bir çox insanların dua xorunun müşayiəti ilə, sülh üçün əzab çəkir, sülh üçün dua edir.  Bu on iki il ərzində heç bir məclisi, katexizisi və ya “Rəbbin mələyi”-ni “mənim üçün dua etməyi unutmayın” demədən başa vurmayan Papa Fransisk, bu gün ona dərin qayğı göstərən bir çox imanlı və imansızların ağuşunu hiss edir.

Bu, qəlbləri aşkar edən bir zamanda, yaxşı olardı ki, biz Kilsənin təbiəti və Roma Yepiskopunun missiyası haqda dərindən düşünək. Roma Yepiskopu, transmilli bir korporasiyanın baş menecerindən nə qədər fərqlənir. On iki il əvvəl, o zamankı kardinal Berqolio (Papa Fransisk), konklav qabağı Ümumi Konqreqasiyalara müraciət edərək, Anri De Lubakın Kilsənin başına gələ biləcək ən böyük pisliyin mənəvi dünyəvilik olduğuna dair fikrini sitat gətirərək dedi:“Kilsə öz gücünə və strategiyalarına, öz səmərəliyinə arxalanaraq, “öz işığına malik olduğuna inanaraq” böyük riskə gedir. Bu yolda o, Başqasının nurunu əks etdirən “Ay sirri”, “misterium lunae” olmaqdan çıxır; yaşamağı və hərəkət etməyi dayandırır, çünki Kilsə yalnız “Mənsiz heç nə edə bilməzsiz” (Yəhya 15, 5) deyənin lütfü ilə dəstəklənir və istiqamətləndirilir.

Bu sözləri bir daha xatırlayaraq, bu gün Cemelli xəstəxanasının onuncu mərtəbəsinin pəncərələrinə sevgi və ümidlə baxırıq. Papa Fransiskə bu “kövrəklik məktəbinə” görə təşəkkür edirik; son günlər Müqəddəs Peter Meydanında “Rozari” duasına qoşulan zəif və titrək səsinə görə təşəkkür edirik.

Müharibəyə deyil - sülhə, zorakılığa deyil - dialoqa, laqeydliyə deyil – mərhəmətə və şəfqətə çağırmağı davam edən kövrək səs.

İldönümünüz mübarək, Papa Fransisk! Sizin səsinizə hələ çox ehtiyacımız var.

12 mart 2025, 17:46