Kardinal Re Dəfn Messasında: Papa Fransisk - xalqın çobanı
Liza Zenqarini tərəfindən
Şənbə günü səhər saatlarında iki yüz mindən çox insan Müqəddəs Peter Meydanına və ətraf ərazilərə axış edərək Papa Fransiskə son vida borcunu yerinə yetirdi.
Təntənəli və duyğulu şəkildə keçirilən Dəfn Messası Kardinal Covanni Battista Re tərəfindən idarə olundu və Messada təxminən 250 kardinal, patriarxlar, arxiyepiskoplar, yepiskoplar, keşişlər və saysız-hesabsız rahib və rahibələr iştirak etdi.
Öz vəzində kardinal Re, insanlara olan səmimi yaxınlığı, sadə, amma dərin məna daşıyan jestləri və hər şeydən öncə hər kəs üçün açıq olmasını istəyən Kilsəyə duyduğu böyük sevgi ilə yadda qalan Papa Fransiskin 12 illik qeyri-adi və fədakar Peter missiyasının bir çox mühüm məqamlarına toxundu.
Qəlblərə toxunan Papa
Kardinal Re, iştirak edən dövlət və hökumət başçılarına, rəsmi nümayəndə heyətlərinə təşəkkür etdi və bu həftə boyu yaşanan böyük kədərin Papa Fransiskin pontifikatının təkcə Kilsə daxilində deyil, daha geniş dairələrdə də insanların “yaddaşına və qəlbinə necə toxunduğunu” göstərdiyini vurğuladı.
Axıra qədər xalqına yaxın olan yaxşı çoban
İncilin Peterə qoyunları otarmaq tapşırığını verən hissəsinə istinad edən Kardinal Re qeyd etdi ki, “Zəifliyinə və ağrılarına baxmayaraq, Papa Fransisk yer üzündəki həyatının son gününə qədər fədakarlıq yolunu seçdi” və bu yolda “Yaxşı Çoban olan Rəbbinin izi ilə getdi”.
O, həmçinin Papa Fransiskin ad olaraq “Fransisk”i seçməsinin, pontifikatının başlanğıcından etibarən pastoral planı və üslubunu, yəni Assizili Müqəddəs Fransiskin ruhundan ilham almaq niyyətini açıq şəkildə göstərdiyini xatırlatdı.
Hər kəsə açıq və zamanın əlamətlərinə həssas Papa
Kardinal Re, Papa Fransiskin temperamentinin, pastoral liderlik tərzinin və qətiyyətli şəxsiyyətinin dərhal Kilsənin idarəçiliyinə təsir etdiyini vurğuladı.
“O, xalq arasında olan bir Papa idi”, hamıya, xüsusilə də kənarlaşdırılmışlara, ən kimsəsizlərə açıq qəlbli idi, lakin “həm də zamanın əlamətlərinə və Müqəddəs Ruhun Kilsədə oyatdığı şeylərə diqqətli idi.”
Papa Fransisk özünəməxsus sadə və təsirli dili ilə dövrümüzün problemlərinə Müjdə müdrikliyi ilə işıq tutmağa çalışır, xristianları inamlarını çağırışlar və ziddiyyətlər arasında yaşamaları üçün təşviq edirdi. Bu çağırışları və ziddiyyətləri Papa “yeni dövr açan dəyişiklik” kimi təsvir edirdi.
Yevangelizasiya Papa Fransiskin yanaşmasının mərkəzində idi
Kardinal Re qeyd etdi ki, evangelizasiya Papa Fransiskin yanaşmasının mərkəzində dayanırdı və bu, ən aydın şəkildə onun “Evangelii Gaudium” apostolik nəsihətində ifadə olunmuşdur.
Onun Kilsəni “səyyar xəstəxana” kimi təsvir etməsi, yaralı bir dünyanın ortasında aktiv bir Kilsə idealını ortaya qoyurdu. Miqrantlar və qaçqınlarla həmrəylik jestləri — Lampedusa, Lesbos və ABŞ-Meksika sərhədinə etdiyi səfərlər — onun əziyyət çəkənlərlə birlikdə olduğunu simvolik şəkildə göstərirdi.
Kardinal Re, Papanın 47 Apostolik Səfəri arasında İraqa etdiyi səfəri xüsusilə vurğuladı. Bu səfər, həm bir “pastoral məlhəm”, həm də dinlərarası dialoqa çağırış idi.
Papa Fransiskin dünya səfərləri tez-tez ehtiyac və konflikt içində olan bölgələri əhatə edir, 2024-cü ildəki Asiya-Okeaniya bölgəsinə səfəri isə Kilsənin ən uzaq ucqar bölgələrə qədər uzanmasını nümayiş etdirirdi.
Mərhəmətə verdiyi daimi önəm
Kardinal Re həmçinin Papa Fransiskin mərhəmət mövzusuna verdiyi daimi önəmi də qeyd etdi. Bu, xüsusilə 2016-cı ildə elan etdiyi Mərhəmət İli ilə öz əksini tapdı. Kardinal Re mərhum Papanın “istifadə edib kənara atmaq mədəniyyətə” qarşı “dialoq və ünsiyyət”i təşviq etdiyini vurğuladı.
Onun “Fratelli tutti” ensiklikası və 2019-cu ildə Əbu-Dabidə imzalanan “İnsan Qardaşlığı Bəyannaməsi” vasitəsilə insan qardaşlığına çağırışı, dünya səviyyəsində həmrəylik və sülh arzusu ilə dolu idi.
Sülhə çağıran cəsarətli səs
Ətraf mühitə qayğı və məsuliyyət anlayışı isə, “Laudato si’” ensiklikası ilə ifadə olunmuşdu və burada bütün yaradılışın qarşılıqlı bağlılığı və planetə qarşı ortaq məsuliyyət anlayışı ön plana çəkilmişdi.
Qlobal zorakılıq və müharibələr dövründə, Papa Fransiskin səsi daim sülhə çağırırdı. O, “Müharibə insanlıq üçün bir məğlubiyyətdir”, — deyə israr edirdi.
Papa Fransisk, Səmadan bizim üçün dua et!
Kardinal Re vəzini Papa Fransiskin tez-tez istifadə etdiyi, “Mənim üçün dua etməyi unutmayın” sözlərini xatırladaraq duyğulu şəkildə tamamladı.
İzdihamın alqışları arasında Kardinal Re dedi: İndi, Allahın bağrında dincələn Papa Fransisk bizdən dua etməyimizi istəmir, əksinə, biz ondan bizim üçün dua etməsini istəyirik: