Axtar

2025.04.16 Incontro con il personale sanitario del Gemelli e del Vaticano

Papa Cemelli xəstəxanasının həkim və tibb heyətini Vatikanda qəbul edib

Pasxadan bir neçə gün əvvəl Papa Fransisk Romanın Cemelli xəstəxanasının bir qrup həkimi və işçilərini, eləcə də bu xəstəxananın əlaqəli universiteti və qurumlarının üzvlərini Vatikanada qəbul edib. Təxminən 20 dəqiqəlik görüş zamanı o, onların xeyirxah işlərinə görə təşəkkürünü bildirib.

Debora Kastellano Lubov tərəfindən

Bu Müqəddəs Həftə ərzində Papa Fransisk, ikitərəfli sətəlcəmlə nəticələnən polimikrob mənşəli tənəffüs yolu infeksiyası səbəbilə 38 gün müalicə aldığı Roma Cemelli xəstəxanasının həkim və tibb heyətinə öz minnətdarlığını bildirib. Müqəddəs Ata 23 mart, bazar günü, “nəzarət altında evə buraxılması” şərti ilə xəstəxanadan çıxıb.

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin qısa açıqlamasında qeyd olunub ki, Müqəddəs Ata Pasxa bayramından bir neçə gün əvvəl, çərşənbə günü, Vatikanın VI Paul Zalının arxasındakı otaqlarda xəstəxanadan gələn bir qrup şəxsi qəbul edib.

Təxminən 20 dəqiqəlik görüş zamanı Papa Fransisk “A. Cemelli” Poliklinika Fondundan, “Sacro Cuore” Katolik Universitetindən və Vatikan Şəhər Dövlətinin Səhiyyə və Gigiyena İdarəsindən olan – ümumilikdə təxminən 70 nəfərlik – həkimlər, rəhbərlər və işçilərdən ibarət nümayəndə heyyəti ilə görüşüb. Bu şəxslər ötən ay onun xəstəxana müalicəsi zamanı ona dəstək göstərmişdilər.

Cemelli Fondunun İdarə Heyətinin sədri Daniele Franko qısa salamlama nitqi ilə çıxış edərək Papaya Pasxa təbriklərini çatdırıb və Müqəddəs Ataya tezliklə tam sağalmasını arzulayıb . Daha sonra Müqəddəs Ata hamıya təşəkkür edib, onlar üçün dua edəcəyini deyib və əvəzində özü üçün də dua etmələrini xahiş edib.

“Xəstəxanadakı xidmətinizə görə təşəkkür edirəm, çox yaxşı idi, belə davam edin!” – deyə o, sözlərini tamamlayıb.

Ardınca Papa Fransisk şəxsən iştirak edənləri salamlayıb və onlara təşəkkürünü bildirib. O, ilk olaraq Universitetin rektoru Dr. Elena Bekkalli ilə görüşüb.

Yaxşılaşma və fəallığın artması

Müqəddəs Atanın xəstəxanadan çıxmasından sonra onun vəziyyəti – Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin mütəmadi məlumatlarında qeyd olunduğu kimi – tənəffüs, hərəkətlilik və səs ilə bağlı sahələrdə yüngül, lakin davamlı irəliləyiş göstərməkdədir.

Papa Fransisk müalicəsini, hərəkət qabiliyyətini artırmaq və tənəffüs funksiyalarını gücləndirmək məqsədilə reabilitasiya terapiyalarını davam etdirir. O, oksigensiz uzun müddət qala bilir və ümumiyyətlə yalnız axşam saatlarında və ya ehtiyac yarandıqda burun kanülləri vasitəsilə yüksək axınlı oksigenə ehtiyac duyur.

Bundan əlavə, Mətbuat Xidməti bildirir ki, Papa Fransisk fəaliyyətini davam etdirir, Roma Kuriyasından olan əməkdaşları qəbul edir və işgüzar görüşlər keçirir.

Müqəddəs Həftənin ilk əsas liturgiyası olan Palma Rəbb günü Messasına başçılıq etmək üçün Papa Fransisk kardinal Leonardo Sandri-ni öz nümayəndəsi olaraq təyin etmişdi. Lakin Müqəddəs Ata ayinin sonunda imanlıların yanına gələrək onlara sürpriz edib.

Papa Fransisk Müqəddəs Peter Meydanında toplaşan imanlılara “Palma Rəbb gününüz və Müqəddəs Həftəniz mübarək olsun” arzusunu bildirib. O, bazilikadan meydana daxil olaraq təxminən on dəqiqə orada qalıb. Son xeyir-duadan dərhal sonra Müqəddəs Ata öz arzularını çatdırıb və sonra əlil arabasında meydandakı insanlara yaxınlaşaraq onları salamlayıb.

Əvvəlki Rəbb günü, Xəstələr və Səhiyyə İşçiləri Yubileyi üçün keçirilən Messanın sonunda da Papa xəstəxanadan çıxdıqdan sonra ilk dəfə Vatikan ərazisində ictimaiyyət qarşısında görünərək iştirakçılara sürpriz etmişdi. O tədbir zamanı səhnədə qısa müddət görünüb, xalqı salamlayaraq onlara xeyir-dua verib və belə deyib: “Rəbb gününüz mübarək olsun, çox sağ olun!”

Həmin həftənin sonrakı günlərində Papa Fransisk Müqəddəs Peter Bazilikasını göslənilmədən ziyarət edib, Santa Marta iqamətgahında Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ilə xüsusi görüş keçirərək onların evlilik ildönümü münasibətilə xoş arzularını çatdırıb. Ardınca isə Romadakı Marian Bazilikası – Santa Maria Maggiore-yə gedərək orada dua edib.

Bu səhər Cemelli xəstəxanasından gələn qrupla Müqəddəs Atanın iqamətgahında baş tutan görüş, onun xəstəxanadan çıxdıqdan sonra keçirdiyi ilk qrup toplantısı oldu.

Müqəddəs Həftə Liturgiyaları

Papa Fransisk, bəzi Müqəddəs Həftə və Pasxa liturgiyalarına başçılıq etmək üçün öz əməkdaşlarından bir neçəsini təyin edib. Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti isə bu tədbirlərdə Papanın iştirakının mümkünlüyü ilə bağlı əlavə məlumat verməyib. Cümə günü jurnalistlərə yenilənmiş məlumat təqdim olunacağı bildirilib.

Müqəddəs Cümə Axşamı günü səhər saatlarında Yağların Təqdis edilməsi Messasına APSA-nın Fəxri prezidenti kardinal Domeniko Kalkanyo başçılıq edəcək.

Əzablar Cüməsi günü Müqəddəs Peter Bazilikasında keçiriləcək Əzablar Liturgiyasına Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti başçılıq edəcək. Həmin axşam isə Kolizeydə keçiriləcək Via Crucis (Xaç Yolu) ayinini Papa Fransiskin Roma üzrə General vikarisi kardinal Baldo Reina başçılıq edəcək. Qeyd edək ki, bu ayin üçün dua mətnlərini şəxsən Papa Fransisk özü qələmə alıb və bu mətnlər Cümə günü günorta Mətbuat Xidməti tərəfindən yayımlanacaq.

Müqəddəs Şənbə axşamı Pasxa Ərəfəsi Liturgiyasına Kardinallar Kollegiyasının Dekanı kardinal Covanni Battista Re başçılıq edəcək.

Pasxa Bayramı günü isə Müqəddəs Peter Bazilikasında keçiriləcək Pasxa Messasına Vatikan Şəhər Dövləti üzrə Fəxri General vikari və Müqəddəs Peter Bazilikası İdarəsinin Fəxri prezidenti kardinal Ancelo Komastri başçılıq edəcək.

16 aprel 2025, 18:34