Axtar

2019.02.01 Ritorno del figliol prodigo di Rembrandt

Papa Fransisk: Biz yolumuzu azmışıq? Sevimli Atamız bizi gözləyir

Papa Fransisk həftəlik Ümumi Audiensiya üçün hazırladığı katexizis mətnində İtmiş Oğul məsəlini xatırlayıb və bizi əmin edib ki, yolumuzu nə qədər azmış olsaq da, mehriban Atamız qucaq açaraq bizi hər zaman gözləyir.

MÜQƏDDƏS ATA TƏRƏFİNDƏN HAZIRLANMIŞ KATEXİZİS
Çərşənbə, 16 aprel 2025
Yubiley 2025 – Katexizis silsiləsi. İsa Məsih bizim Ümidimizdir. II. İsanın həyatı. 5-ci Görüş. Mərhəmətli ata. “O itmişdi, tapıldı!” (Luka 15, 32)

Əziz bacılar və qardaşlar,

İncildə İsa Məsihin bəzi insanlarla qarşılaşmaları üzərində düşünəndən sonra, bu katexizisdən başlayaraq bir neçə məsəl üzərində dayanmaq istəyirəm. Bildiyimiz kimi, bu hekayələr gündəlik həyatdan götürülmüş obrazlara və vəziyyətlərə əsaslanan hekayələrdir. Bu səbəbdən onlar bizim həyatımızla da bağlıdırlar. Onlar bizi düşündürürlər. Və bizdən bir mövqe tutmağı tələb edirlər: bu hekayədə mən haradayam?

Gəlin, bəlkə də uşaqlığımızdan bəri hamımızın xatırladığı ən məşhur məsəl ilə başlayaq: ata və iki oğul haqqında olan məsəl (Luka 15, 1-3;11-32). Bu məsəldə İsa Məsihin Müjdəsinin ürəyini — Allahın mərhəmətini görürük.

Lukanın İncilində deyilir ki, İsa bu məsəli fariseylərə və ilahiyyatçılara danışır, çünki onlar Onun günahkarlarla birgə yemək yeməyindən narazı idilər. Buna görə də bu məsəli, itmiş, amma bunu bilməyən və başqalarını mühakimə edən insanlara ünvanlanmış bir məsəl adlandırmaq olar.

“İncil bizə bir ümid mesajı verir: harada və necə itmiş olsaq da, Allah həmişə bizi axtarır!”

İncil bizə bir ümid mesajı verir: harada və necə itmiş olsaq da, Allah həmişə bizi axtarır! Bəlkə biz otlamağa çıxan və yoldan azmış bir qoyun kimi azmışıq, ya da yorğunluqdan geridə qalmışıq (Luka 15, 4-7). Bəlkə də biz bir sikkə kimi itmişik — yerə düşüb tapılmayan, ya da kimsə onu bir yerə qoyub və harada olduğunu xatırlamır. Və ya bəlkə də bu atanın iki oğlu kimi itmişik: kiçik oğul münasibətin ağır və çox tələbkar olduğunu düşünüb getdi; amma böyük oğul da itmişdi, çünki o, evdə qalsa da, qəlbində qürur və kin daşıyırdı. Sadəcə evdə olmaq yetərli deyildi.

Sevgi həmişə bir öhdəlikdir, digərinə yaxınlaşmaq üçün nəyisə itirməli oluruq. Amma bu məsəldəki kiçik oğul yalnız özü haqqında düşünür — bu, uşaqlıq və yeniyetməlik dövrlərində tez-tez rast gəlinən bir haldır. Əslində isə, ətrafımızda çoxlu sayda böyüklər var ki, münasibət qura bilmirlər, çünki eqoistdirlər. Onlar özlərini tapacaqlarına inanırlar, amma əslində itirlər, çünki biz yalnız başqası üçün yaşadığımız zaman həqiqətən yaşayırıq.

Bu kiçik oğul, bizim kimi, sevgi aclığı çəkir, sevilmək istəyir. Amma sevgi qiymətli bir hədiyyədir; onu diqqətlə qorumaq lazımdır. Halbuki o, sevgini israf edir, ona laqeyd yanaşır, özünə hörmət etmir. O bunu yalnız aclıq dövründə anlayır — heç kimin onu vecinə almadığı zaman. Belə anlarda biz sevgi dilənmək və qarşılaşdığımız ilk “ağaya” bağlanmaq təhlükəsi ilə üz-üzə qalırıq.

Bu təcrübələr içimizdə təhrif olunmuş bir inanc formalaşdırır: sanki biz yalnız qul kimi münasibət qura bilərik, əvvəlcə bir günahın qarşılığını ödəməliyik, ya da əsl sevgi mövcud ola bilməz. Kiçik oğul da uçuruma düşəndə, atasının evinə qayıdıb bir az sevgi qırıntısı əldə edəcəyini düşünür.

Bizi sevgi haqda bu yalançı təsəvvürdən yalnız həqiqətən sevən birisi azad edə bilər. Allahla münasibətdə biz məhz bu təcrübəni yaşayırıq. Böyük rəssam Rembrandt məşhur əsərində “İtmiş oğulun qayıdışı” səhnəsini gözəl şəkildə təsvir edib. İki detal xüsusilə diqqət çəkir: oğulun başı bir tövbəkarın başı, ya da bir uşağın başı kimi qırxılmışdır — çünki bu oğul yenidən doğulur. Və atanın əlləri: biri kişi, digəri qadın əli kimidir — bağışlanmanın qucağındakı gücü və şəfqəti təsvir etmək üçün.

“Ata bizi gözləyir, bizi uzaqdan görür və qapını həmişə açıq saxlayır.”

Amma bu məsəlin hədəfi olan böyük oğuldur: o, daim evdə atasının yanında olmuş, lakin qəlbən ondan uzaq qalmış birisidir. Ola bilsin ki, o da getmək istəmişdi, amma qorxudan və ya məsuliyyət hissindən qalmaq qərarına gəlmişdi. Məcburiyyətlə uyğunlaşanda, insanın içində qəzəb yaranır və gec-tez bu qəzəb partlayır. Paradoksal olaraq, sonda bayırda qalmaq təhlükəsi olan məhz böyük oğuldur, çünki atanın sevincini paylaşmaq istəmir.

Ata ona da tərəf gedir. Ona danlaq vermir, vəzifələrini xatırlatmır. O, yalnız onun sevgisini hiss etməsini istəyir. Onu içəri dəvət edir və qapını açıq saxlayır. Bu qapı bizim üçün də açıq qalır. Əsl ümid də buradadır: biz ümid edə bilirik, çünki bilirik ki, Ata bizi gözləyir, bizi uzaqdan görür və qapını həmişə açıq saxlayır.

Əziz qardaşlar və bacılar, gəlin özümüzə sual verək: bu möhtəşəm hekayədə biz haradayıq? Və Allahdan diləyək ki, biz də evə qayıtmaq yolunu tapaq.

16 aprel 2025, 16:54