Axtar

Easter Vigil mass

Papa Fransisk: Qoy Dirilmənin Nuru qəlblərimizi işıqlandırsın

Kardinal Covanni Battista Re Papanın adından Pasxa Ərəfəsi Messasına başçılıq edib. Müqəddəs Atanın kardinal Re tərəfindən səsləndirilən vəzində, Papa Fransisk bu bayramın "Dirilmə Nurunun yolumuzu və qəlblərimizi işıqlandırdığını" necə xatırlatdığını izah edir. Papa dua etmək və imanlıları salamlamaq üçün ibadətdən bir neçə saat əvvəl Müqəddəs Peter Bazilikasını qısa müddətə ziyarət etdi.

Taddeus Cons tərəfindən

Kardinallar Kollegiyasının dekanı, kardinal Covanni Battista Re tərəfindən Müqəddəs Peter Bazilikasındakı Pasxa Ərəfəsi zamanı səsləndirilən vəzdə Papa Fransisk vurğulayır ki, “Dirilmə Nuru yolumuzu addım-addım işıqlandırır”, tarixin qaranlığını yararaq, qəlblərimizdə parlayır. Kardinal Re, son aylarda tənəffüs yolları xəstəliklərindən müalicəsini davam etdiyi üçün ictimai fəaliyyətini məhdudlaşdıran Papa Fransiskin adından Pasxa Messasına başçılıq edib.

İbadət başlamazdan əvvəl Papa, dua etmək və Pasxa Ərəfəsi Liturgiyasına gələn imanlıları salamlamaq üçün Müqəddəs Peter Bazilikasına gəldi. Bazilikada və bayırdakı meydanda beş mindən çox imanlı toplaşmışdı.

Papa, kardinal Re tərəfindən ibadət zamanı səsləndirilən vəzində deyir ki, Dirilmənin Nuru “zəfərçilikdən azad olmuş təvazökar iman cavabını” gözləyir. “Dirilmə, bəzən hələ də zülmət və imansızlığın şikarı olaraq qalan qəlbimizdə yavaş-yavaş, səssizcəsinə kök salan kiçik nur toxumlarına bənzəyir.”

"Nur toxumunun" böyüməsinə kömək etmək

Papa qeyd edib ki, Dirilmənin Nuru bizə “ürəklərimizdə məskən salan gecələrlə və tez-tez dünyamızı bürüyən ölümün kölgələri ilə mübarizə aparmağa” kömək edir, çünki “dünya tariximizdə Onun Dirilməsinin gücü hələ də həyata keçirilir”. Və biz bu prosesin bir hissəsi olmağa çağırılmışıq, Papa dedi, "kiçik nur toxumunun" qorunmasına və böyüməsinə yardım etmək bizə tapşırılıb.

Pasxa ümidinin çiçəklənməsinə imak vermək

“Qardaşlar və bacılar, bu Yubiley ilində biz Pasxa ümidinin həyatımızda və dünyada çiçəklənməsinə imkan vermək çağırışını güclü hiss etməliyik!”

Papa etiraf etdi ki, dünyamızdakı ölüm, zorakılıq və şərin qaranlıq kölgələri bizə ağırlıq verə bilər və ümid işığını söndürə bilər, lakin “gəlin ruhdan düşməyək, və bu gecənin mesajına qayıdaq”.

“Biz qaranlıqda olsaq da, işıq sakitcə parlayır; bizə yeni həyat və nəhayət azad edilmiş dünya vəd olunub; və yeni başlanğıc, nə qədər qeyri-mümkün görünsə də, bizi gözlənilmədən təəccübləndirə bilər, çünki Məsih ölümü məğlub etdi.”

İsanın Dirilməsini qeyd etdiyimiz zaman ürəyimizi dolduran bu yeni ümid mesajı həyatımızın qaranlıq gecələrini dəf etməyə kömək edəcək “Allahın əllərində olduğumuzu” xatırlamağa yardım etməlidir.

“O, böyük məhəbbətinə görə bizi sarsılmağa qoymaz və ya son sözə şərin sahib olmasına imkan verməz. Eyni zamanda, Məsihdə artıq yerinə yetirilən bu ümid bizim üçün çatmalı bir məqsəd olaraq qalır. Bununla belə, bu ümid bizə etibar edilmişdir ki, biz ona həqiqi şəhadət verə bilək və beləliklə Allahın Padşahlığı dövrümüzün qadın və kişilərinin qəlbinə yol tapa bilsin.”

Pasxa Ümidi əks etdirmək

Pasxa ümidi bizi onu öz həyatımızda əks etdirməyə və “bu qədər ölüm küləyi bizə qarşı hələ də əsdiyi halda belə, ümid elçiləri, ümid qurucuları olmağa” çağırır”, - Papa vurğulayıb. İstifadə etdiyimiz sözlər, etdiyimiz şəfqət və sevginin "kiçik gündəlik hərəkətləri" və "bütün həyatımız ümidin varlığına işarə ola bilər" – hətta inanmayanlar, yolunu azmış və ya yoxsulluq və zülm səbəbiylə əzab çəkənlər üçün də. Biz “alçaldılan və öldürülən çoxlu qadınları”, doğulmamış körpələri, pis rəftar edilən uşaqları və müharibə qurbanlarını xatırlayırıq: “gəlin onların hər birinə və hamısına Pasxa ümidini çatdıraq!”

Pasxa Ümidinin bəyan edilməsi

“Dirilmiş Məsih bəşər tarixində son dönüş nöqtəsidir. O, heç vaxt sönməyən ümiddir. O, bizi müşayiət edən və bizi dəstəkləyən məhəbbətdir... Gəlin Dirilmiş Rəbbin Nuruna yer açaq! Və biz dünya üçün ümid qurucuları olacağıq.”

20 aprel 2025, 11:08