Papa Fransiskin digər dinlərlə dostluğu sülh quruculuğuna yollar açırdı
Debora Kastellano Lubov tərəfindən
Bu səylər sırasında Papa tərəfindən Ərəb Yarımadasına və İraqa edilən ilk səfərlər; Argentinada yəhudi ravvin Abraham Skorka və Əl-Əzhərin böyük imamı Əhməd Ət-Tayyib ilə olan səmimi dostluğu; sinaqoqlara tez-tez etdiyi səfərlər; Şoah (Holokost) və antisemitizmə qarşı verdiyi bəyanatlar; müxtəlif dinlərin liderləri ilə birgə imzalanmış sülhə, harmoniyaya çağıran və dini ekstremizmi pisləyən ortaq bəyannamələr var.
Bunlar, Papa Fransiskin pontifikatı dövründə, və, hətta ondan onilliklər öncəyə gedib çıxan dinlərarası dostluq və dialoqun unudulmaz anlarını xatırladan bir neçə nümunədir.
2019-cu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfəri ilə (bir Papanın Ərəb Yarımadasına etdiyi ilk səfər) Papa Fransisk digər dinlərlə körpülər qurmağa və münasibətləri dərinləşdirməyə çalışan bir Kilsə təsviri təqdim etdi.
Ən diqqətçəkən hadisələrdən biri isə, Papa Fransisk və sünni müsəlmanların ən yüksək dini rəhbəri, Əl-Əzhərin Böyük İmamı Əhməd Ət-Tayyib tərəfindən imzalanan “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Haqqında Sənəd”, başqa adı - “Əbu-Dabi Bəyannaməsi” oldu. Bu sənəd, katoliklər və müsəlmanlar arasında yeni bir münasibət dövrünün başlanğıcını qoydu.
Sənədin yekun hissəsində belə deyilir: “Bu, dözülməz zorakılığı və kor ekstremizmi rədd edən hər vicdanlı insan üçün bir çağırışdır; tolerantlıq və qardaşlıq dəyərlərini yaşadan və təşviq edən dinlərə bağlı olanlar üçün bir çağırışdır.”
Bunun ardından Papa, qardaşlıq mövzusuna həsr olunmuş “Fratelli tutti” adlı ensiklikasını yazdı və onu Şeyx Ət-Tayyibə həsr etdi.
Mətnin əvvəlində Papa qeyd edir ki, 2015-ci ildə yazdığı ətraf mühitə dair “Laudato si’” ensiklikasını hazırlayarkən, pravoslav patriarxı Varfolomeyin sözləri ona ilham vermişdi: “O, yaradılışa qayğı göstərməyə dair təsirli şəkildə danışmışdı.”
Papa davam edir: “Bu mənada, mən Əbu-Dabidə görüşdüyüm Böyük İmam Əhməd Ət-Tayyibdən xüsusən ilhamlanmışam. Orada biz birgə bəyan etdik ki, ‘Allah bütün insanları hüquq, vəzifə və ləyaqət baxımından bərabər yaradıb və onları bacı-qardaş kimi birgə yaşamağa çağırıb.’”
Papa vurğulayır: “Bu, təkcə diplomatik bir jest deyildi, dialoqdan və ortaq dəyərlərdən doğan bir düşüncənin ifadəsi idi.”
Bundan əlavə, Papa Fransisk təhlükəsizlik məsələlərinə və Covid-19 pandemiyasına baxmayaraq, İraqa səfər edən ilk Papa oldu. Orada İraq şiələrinin ən yüksək dini rəhbəri Ayətullah Əli əl-Sistani ilə də görüşdü.
Bu görüş, başqa dinlərə mənsub olan qardaş və bacılarını dəfələrlə “dinlərin tələb etdiyi kimi” “ən yüksək əxlaqi dəyərlərin yayılmasına sərmayə qoymağa” çağıran Papada dərin iz buraxdı.
O, həmçinin xristianların və müsəlmanların “bir çox münaqişələrlə yaralanan və buna görə də mərhəmətə və şəfaya ehtiyacı olan bu dünyada həqiqətin, sevginin və ümidin şahidi” olmaları üçün dua edirdi.
Pontifikatı boyunca Papa Fransisk çoxsaylı dinlərarası sammit və görüşlərdə şəxsən iştirak edib. Demək olar ki, hər Apostol Səfəri zamanı digər dinlərin liderləri ilə görüşmək üçün vaxt ayırıb.
Həmişə səmimi dostluq, hörmət və qlobal sülh arzusundan ilhamlanan Papa, 2022-ci ildə Astanada keçirilən Dünya və Ənənəvi Dini Liderlərin Yeddinci Qurultayında iştriak etmək üçün Qazaxıstana səfər etdi. Bu, xüsusilə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bir neçə ay sonra sülh təşəbbüslərini təşviq etmək məqsədini daşıyırdı.
Bir neçə ay sonra Bəhreynə səfəri zamanı isə Papa və digər dini liderlər dinlərarası dialoqu və sülhü təşviq edən Bəhreyn Bəyannaməsini imzalayaraq sülh və harmoniya çağırışlarını bir daha təkrarladılar.
Sağlamlığı ilə bağlı bəzi çətinliklərə və arzularının reallaşıb-reallaşmayacağına dair qeyri-müəyyənliyə baxmayaraq, Papa Fransisk 2024-cü ilin sentyabrında İndoneziyaya — dünyada ən çox müsəlman əhalisi olan ölkəyə (240 milyondan çox) səfər etdi. Bu səfər, onun dörd ölkəni əhatə edən apostol səfərinin ilk mərhələsi idi və davamında Papua Yeni Qvineya, Timor-Leste və Sinqapura səfər etdi.
Papa Fransisk illərdir bu müsəlman ölkəsinə səfər etməyə qərarlı idi. Bu ölkə “Pancasila” adlı təməl prinsiplərinə görə müxtəlifliyi və dinc birgəyaşayışı ilə fəxr edir.
Cakartada yerləşən dünyanın ən böyük məscidi olan İstiqlal məscidində, Papa və Böyük İmam Nasaruddin Umar “İstiqlal 2024 - Birgə Bəyannaməsini” imzaladılar. Bu bəyannamə bəşəriyyət naminə dini harmoniya üçün liderlər arasında əməkdaşlığa çağırır və iki əsas qlobal problemi vurğulayırdı: dehumanizasiya və iqlim dəyişikliyi.
Şübhəsiz ki, Müqəddəs Atanın digər dinlərlə olan mənalı anları yaddaşımızda qalacaq. Xüsusilə Tayland, Şri-Lanka və tarixi olaraq buddist olan Monqolustana etdiyi səfərlər zamanı buddistlərlə görüşləri də həmin təsirli anlardan idi.
Həmçinin onun yəhudi qardaş və bacıları ilə yaxınlığı, ən azı Buenos-Ayres arxiyepiskopu olduğu dövrlərdən bəri bir neçə yəhudi ilə uzunmüddətli dostluğu ilə təcəssüm olunmuşdur.
2023-cü ildə Müqəddəs Ata, Argentinadakı Latın Amerika Ravvin Seminariyasının fəxri ravvini Abraham Skorka adlı yaxın dostuna yazdığı məktubda belə deyirdi: “Dostluğunuz və müdrikliyiniz mənim üçün dəyərli bir hədiyyədir və buna görə Allaha şükür edirəm.”
Papa və ravvin Buenos Ayresdə birlikdə radio verilişi aparıb və “Göylər və Yer haqqında” adlı kitabı yazmışdılar.
Papa Fransisk Roma, Nyu York və başqa şəhərlərdəki sinaqoqlara səfərlər edib, yəhudi qardaş və bacılarına yaxınlığını tez-tez ifadə edib və antisemitizmə qarşı açıq bəyanatlar verib. Sələflərinin izindən gedərək yəhudi xalqının başına gələn fəlakətləri tanıyıb və Şoahı qınayıb.
2016-cı ildə Polşada keçirilən Dünya Gənclər Günündə iştirak edən Papa, Auşvits ölüm düşərgəsinə səssiz bir ziyarət həyata keçirərək orada həyatını itirən bütün günahsız insanlar üçün dua edib.
2014-cü ildə Müqəddəs Torpağa etdiyi səfərdə isə İsrailin iki baş ravvini ilə görüşüb, Yerusəlimdəki Yad Vaşem memorialına və şəhərin Böyük Müftisinə baş çəkib.
Xüsusilə 7 oktyabr 2023 hadisələrindən sonra, Müqəddəs Ata Müqəddəs Torpaqda sülhün təmin olunması üçün dini liderlərlə birlikdə çalışmağa qərarlı idi. Bu, pontifikatının əvvəllərindən bəri qəlbində daşıdığı bir istək idi.
Digər dinlərə mənsub insanlarla olan dostluqlar qısa zamanda möcüzələr yaratmasa da, qardaş və bacı kimi birgə dua etməyin sülh və yaxşılıq toxumları əkdiyini dərindən anlayırdı, çünki “Allah üçün heç nə mümkünsüz deyil.”