Axtar

2025.03.31 La residenza di Papa Francesco "Domus Sanctae Marthae" nota anche come "Casa Santa Marta"

Papa Fransiskin səhhəti yaxşılaşmaqda davam edir

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin jurnalistlərə verdiyi açıqlamasına əsasən, Papa Fransisk “Casa Santa Marta” - Müqəddəs Marta Evindəki iqamətgahında tədricən yaxşılaşmağa davam edir və bazar günü “Rəbbin mələyi” (Angelus) müraciəti ilə bağlı yeniliklərin ola biləcəyi söylənilir.

“Vatican News” tərəfindən

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti cümə günü səhər jurnalistlərə məlumat verib ki, Papanın ənənəvi “Rəbbin mələyi” duası və müraciəti, əvvəlki bazar günləri ilə müqayisədə,  fərqli bir şəkildə keçirilə bilər və bu barədə yeni məlumat şənbə günü veriləcək.  

Papanın səhhəti ilə bağlı brifinq zamanı Mətbuat Xidməti bildirib ki, Papa Fransisk ikitərəfli pnevmoniya ilə nəticələnən polimikrob infeksiyası səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra, hal hazırda “Casa Santa Marta”-dakı iqamətgahında sağlamlığını bərpa edir və  kliniki göstəriciləri yaxşılaşmaqda davam edir.  

Müqəddəs Ata 23 mart tarixində Romanın Cemelli xəstəxanasından "nəzarət altında olmaq" şərti ilə buraxılıb.

Papa Fransiskin vəziyyətində tənəffüs, hərəkət və səslə bağlı bir qədər yaxşılaşma müşahidə olunub.

Sonuncu qan analizləri Müqəddəs Atanın ağciyər infeksiyasında cüzi yaxşılaşma olduğunu göstərir.

Müqəddəs Ata müalicəsini, həmçinin hərəkətlilik və tənəffüslə bağlı fiziki terapiyasını davam etdirir; əlavə oksigenə olan ehtiyac isə azalıb. Gündüzlər adi oksigenlə təmin olunur, gecələr isə lazım olduqda burun kanülləri ilə yüksək axınlı oksigen terapiyası aparılır.

Bundan əlavə, Papa Fransisk iş fəaliyyətini davam etdirir və əhval-ruhiyyəsi yaxşıdır.

Cümə günü səhər Müqəddəs Ata Vatikanın VI Paul Zalında keçirilən Böyük Oruc dövrünə aid mülahizələri video bağlantı vasitəsilə izləyib. Mühazirəni Papa Sarayının vaizi, ata Roberto Pazolini (OFM Cap) oxuyub.

Çərşənbə günü Papa Müqəddəs Peter Bazilikasında Vatikanın Dövlət Katibi kardinal Pietro Parolinin başçılığı ilə keçirilmiş və müq. II İoann Pavelin vəfatının 20-ci ildönümünə həsr olunmuş Müqəddəs Messanı izləyib.

Mətbuat Xidməti bildirib ki, Papa Fransiskin Əzablar Həftəsinin ayinlərində iştirak edib-etməyəcəyi barədə danışmaq üçün hələ tezdir.

Müqəddəs Atanın səhhəti ilə bağlı növbəti rəsmi məlumat 8 aprel, çərşənbə axşamı təqdim olunacaq.

04 aprel 2025, 14:57