Axtar

++ Il Papa in Piazza S. Pietro per Giubileo ammalati ++

Roma Papası gözlənilmədən Müqəddəs Peter meydanında göründü

Xəstələrin və Səhiyyə İşçilərinin Yubileyi münasibətilə keçirilən Müqəddəs Messanın sonunda Papa gələn zəvvarlara "Rəbb gününüz xeyirli olsun. Hamınıza təşəkkür edirəm!" deyib. Bu, Papanın martın 23-də xəstəxanadan çıxdıqdan sonra ictimaiyyət qarşısında ilk çıxışı oldu.

Jan-Benua Arel tərəfindən

Papa Fransiskin Rəbb günü, aprelin 6-da heç bir rəsmi çıxışı nəzərdə tutulmamışdı. Buna baxmayaraq, Xəstələrin və Səhiyyə İşçilərinin Yubiley Messasının sonunda Papa gözlənilmədən Müqəddəs Peter meydanına gəldi.

Imanlılar izdihamından keçərək Papa, Yevangelizasiya üzrə Dikasteriyanın pro-prefekti arxiyepiskop Rino Fizikella tərəfindən Messanın keçirildiyi qurbangaha çatdı.

Son xeyir-duadan sonra Papa Fransisk toplaşmış zəvvarlara bir neçə sadə sözlə müraciət etdi: "Rəbb gününüz xeyirli olsun. Hamınıza təşəkkür edirəm!"

Bundan dərhal sonra o, “Casa Santa Marta” – Müqəddəs Marta Evindəki iqamətgahına qayıtdı.

Martın 23-də Cemelli xəstəxanasından çıxanda olduğu kimi Papa nəfəs almasını asanlaşdırmaq üçün burun kanülləri taxmışdı.

Zəvvarlar sevincini alqışlar və çoxlu “Viva il Papa” (“Yaşasın Papa”) nidaları ilə ifadə etdilər.

Plenar (tam) indulgensiya

Müqəddəs Peter meydanında imanlıları salamlamazdan və onlara təşəkkür etməzdən əvvəl, Müqəddəs Ata “Müqəddəs Peter Bazilikasında Tövbə Sirrini qəbul etdi, dua etdi və Müqəddəs Qapıdan keçdi”.

Bu o deməkdir ki, Papa bu həftə sonu Xəstələrin və Səhiyyə İşçilərinin Yubileyi üçün Vatikana gələn zəvvarlar ilə birlikdə plenar (tam) indulgensiya almaq üçün tələb olunan müvafiq addımları atıb.

Aprelin 4-ü, cümə günü, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papa Fransiskin səhhətinin bir qədər yaxşılaşdığını və Müqəddəs Atanın əhvalının yaxşı olduğunu bildirib.

06 aprel 2025, 18:06