Papa: Xəstə çarpayısı müqəddəs yerə çevrilə bilər
Françeska Merlo tərəfindən
Aprelin 5-i və 6-sı keçirilmiş Xəstələrin və Səhiyyə İşçilərinin Yubileyinə həsr etdiyi moizəsi üçün Papa Fransisk ilhamı Yeşaya peyğəmbərdən alıb.
Arxiyepiskop Rino Fizikella tərəfindən oxunan moizədə Papa Fransisk imanlıları sürgündə olan israillilərin vəziyyəti haqqında düşünməyə dəvət etdi: “hər şey məhv olmuş kimi görünürdü…Bununla belə, yeni bir xalq məhz sınaq anında doğuldu.”, - dedi Papa.
Papa Fransisk bu təcrübəni 6 aprel, Rəbbin günü İncilindəki günahlarına görə məhkum və təcrid edilən qadınla müqayisə etdi. İlk daşı atmağa hazır olan ittihamçılar İsanın səssiz qüdrəti ilə dayandırıldılar. İsa isə qadına dedi: "Get. Sən azadsan. Sən xilas oldun".
Hekayələri müqayisə edən Papa Fransisk deyir ki, Allah həyatımıza müdaxilə etməzdən əvvəl onun mükəmməl olmasını gözləmir. Bunun əksi olaraq: "O, bizim yaralarımıza daxil olur. O, bizim qapımızı əzablarımıza baxmayaraq yox, məhz həmin əzablara görə döyür".
Xəstəlik və qayğı
Sonra xəstələrə və onlara qayğı göstərən hər kəsə müraciət edərək, Papa, xəstəliyin böyük əzablar gətirə biləcəyini etiraf etdi. “Xəstəlik, bizə sürgündəki insanların və ya İncildəki həmin qadının hiss etdiklərini yaşada bilər. Lakin o həm də təvazökarlıqla və lütflə sevməyi və sevilməyi öyrəndiyimiz bir görüş yeri, bir "məktəb" də ola bilər."
Papa Fransisk daha sonra öz xəstəliyi və onun nəticəsində yaranan başqalarından asılılığı haqqında düşünərək, bunu bir yük kimi deyil, inam, minnətdarlıq və ümid dərsi kimi təsvir etdi. "Gəlin sevilməyə müqavimət göstərməyək...gəlin özümüzə sevilməyə icazə verək".
Papa Fransisk səhiyyə işçilərinə müraciət edərək, onlara zəhmətlərinə görə təşəkkür etdi və onları hər bir xəstəni özlərində insanlıq hisslərini yeniləmək üçün bir fürsət kimi görməyə çağırdı. “Xəstə çarpayısı, mərhəmətin laqeydliyi yandırdığı, minnətdarlığın isə ümidi qidalandırdığı müqəddəs bir yerə çevrilə bilər...”.
Şəfqətə çağırış
Papa Fransisk çıxışını yekunlaşdıraraq sələfi Papa XVI Benediktin sözlərinə müraciət etdi. Papa XVI Benedikt Kilsəyə xatırlatmışdır ki, “insanlığın həqiqi ölçüsü əzablara münasibətlə müəyyən edilir”. O, zəiflərə arxa çevirən cəmiyyətin qəddar və qeyri-insani olacağı ilə bağlı xəbərdarlıq etmişdir.
Sonda Papa Fransisk mərasimdə iştirak edənlərin hamısını yaşlı, xəstə və ya həyatın çətinlikləri ilə yüklənmiş insanların tərcrid edilməsinə və unudulmasına qarşı durmağa təşviq etdi. "Gəlin əzabları ətrafımızdan qovmayaq...gəlin zəif olanları kənarda qoymayaq”. Əvəzində, ürəyimizə tökülən Allahın məhəbbətinin hətta əzab-əziyyəti belə ünsiyyət və mənəvi inkişaf məkanına çevirməsinə icazə verməliyik.