Axtar

2025.03.09 Inizio Esercizi Spirituali

Kuriyanın ruhani məşğələləri: “Dəyişilməyi qəbul etmək”

Papa Sarayının vaizi Roberto Pazolini (OFM Cap) Roma Kuriyasının 2025-ci ildəki ruhani məşğələləri üçün "Dəyişilməyi qəbul etmək" mövzusunda düşüncələrini təqdim edib

 

Roberto Pazolini (OFM Cap) tərəfindən

Həyat, bütün gözəllikləri və çətinlikləri ilə, qarşımızda ən mühüm sualı qoyur: hər şeyin sonu olduğu bu dünyada yolumuzun mənası nədir?

Əbədilik ümidi olmadan, reallığın ağırlığı bizi ümidsizliyə apararaq əzə bilər və ya sinik insana çevirə bilər. Müqəddəs Paul bizi baxışlarımızı görünməz, əbədi olana yönəltməyə çağırır.

Bəşəriyyət fiziki tənəzzüllə xarakterizə olunur, lakin daxili yenilənmə gündən günə baş verir. Əriyən kimi görünən hər şeyin əslində daha böyük bir məqsədi var: Allah bizi dirilmək üçün yaratmışdır və bu, utopik bir yuxu deyil, dolğunluğa çağırılan varlığın təbii məntiqidir.

Məsihin Çarmıxının və Dirilməsinin sirrində Allah məhəbbət planını yerinə yetirdi. Çarmıxa Çəkilmişin zahiri məğlubiyyəti əslində Öz övladlarını tərk etməyən Atanın vəhyidir. Bu o deməkdir ki, bizim həyatımız kor təsadüfə buraxılmayıb. Həyatımız -  övladlığa götürmə və satın alma planının bir hissəsidir ki, bu da bizi əbədiyyət üçün təyin olunmuş sevimli övladlara çevirir.

Yaşadığımız hər şey - sevinc, kədər, nailiyyətlər və uğursuzluqlar - ölməklə yeni həyata başlayan bir toxum kimi davamlı dəyişimin bir hissəsidir. Eynilə, biz ölümün astanasından keçsək də, bizim üçün yeni və izzətli bir həyat hazırlanır.

Bu çevrilmə təkcə gələcəyə aid deyil, indiki zamanda da başlanır. Yevxaristiyada sirli bir mübadilə baş verir: biz həyatımızı Allaha təqdim edirik və əvəzində bizi məhəbbəti ilə dəyişdirən Məsihin Özünü qəbul edirik.

Keçirdiyimiz hər Müqəddəs Messada kimliyimiz olan hər şey Məsihin həyatına daxil olur və Məsihdə Ataya təqdim olunur.  Bu, simvolik bir ritual deyil, varlığımızın həqiqi çevrilməsi prosesidir ki, bizi hətta indiki zamanda belə əbədi həyatın iştirakçısı edir.

Hər şeyin sonda necə olacağını dəqiq bilmirik, amma bilirik ki, nə olacağımız artıq içimizdə toxum şəklindədir. Biz unudulmağa məhkum deyilik, ümidlə dolu gələcəyə doğru addımlayırıq. Bu əminlik hər şeyi dəyişir: həyatımız mənasız bir film deyil, bizi əbədiyyətə baxmağa və Ona doğru inamla addımlamağa dəvət edən qeyri-adi Müəllif tərəfindən yazılmış və idarə olunan əsərdir.

Bu bir həqiqətdir ki, Allah övladlar törədib və biz də onların arasındayıq. Gələcək qarşımızda yalnız qismən aşkar edilmiş bir məhəbbət niyyəti olaraq dayanır. Ancaq bu gün gördüklərimiz artıq heyrətamizdir: biz sevimli övladlarıq, səma vətəndaşlarıyıq, Allah üçün və əbədi olaraq yaşayırıq.

14 mart 2025, 13:40