"Müqəddəs Torpaqlardakı xristianların köməyimizə ehtiyacı var"
Şərq Kilsələri Dikasteriyasının Prefekti kardinal Klaudio Qucerotti Müqəddəs Torpaqlar üçün Əzablar Cüməsi İanəsi ərəfəsində bütün dünya Kilsələrinə təcili çağırış edib və sülh naminə dialoqa səsləyib.
Stefano Leşçinski tərəfindən
17 martda yepiskoplara göndərilən məktubunda, Şərq Kilsələri Dikasteriyasının Prefekti kardinal Klaudio Qucerotti, bu ilki Əzablar Cüməsi İanəsinin, İsa Məsihin yer üzündəki həyatı ilə bağlı müqəddəs məkanlar üçün əhəmiyyətini vurğuladı. O, son illərdə Müqəddəs Torpağın zorakılıq və münaqişələr səbəbindən “ağrı, ümidsizlik və məhv” içində olduğunu xatırlatdı.
Məktubundan sonra Vatikan Mediasına verdiyi müsahibədə Kardinal bildirib: “Müqəddəs Torpaq xristianları üçün etdiyimiz bu çağırış, eyni zamanda, bu rüsvayçılığa, bu talana təcili son qoymaq üçün ümumi bir çağırışdır – sanki torpaq kimsənin şəxsi mülküdür. Halbuki torpaq xalqa məxsusdur.”
Həqiqi və mənalı dialoqun bərpasının əhəmiyyətini vurğulayaraq, o əlavə etdi: “Dialoq bəzən çox çətindir, amma həyatları xilas edir. Dialoqun əsas şərti qarşı tərəfə hörmətdir.”
Dünya susur, amma Papa yox
Kardinal Qucerotti vurğulayıb ki, sülh hərbi güclə təmin edilə bilməz, çünki bu, yalnız müəyyən maraq qruplarına xidmət edir. O, Qəzza, İordan çayının Qərb Sahili, Suriya və Livanda, eləcə də Ukrayna, Afrika və Asiyada davam edən münaqişələrə diqqət çəkərək bildirib ki, bütün bu hallarda Papa Fransisk sülhün güclü səsi olub.
Kardinal qeyd edib: “Papanın son xəstəliyi zamanı onun səsinin yoxluğunu hiss etmək həm qorxulu, həm də təsəlliverici idi. Bir çoxları mənə dedi: ‘Papa susanda dünya da susur.’ Onun səsi insan ləyaqətindən danışan səsdir və o susanda başqa səslər eşidilmir.”
İnsan ləyaqətinin müdafiəsi
Kilsə həmişə həyatın müqəddəsliyini müdafiə etməyə sadiq olub və bu prioritet bu gün daha da vacibdir.
Müqəddəs Torpaqların Kustodiyasının hesabatına görə, ən ağır vəziyyətdə olanlara təcili yardım göstərmək zərurəti səbəbindən Müqəddəs Torpaq üçün nəzərdə tutulan bir çox layihə “kiçildilib, təxirə salınıb, dayandırılıb və ya ləğv edilib.”
Qeyri-insanilik bizi yuxusuz qoyur
Kardinal Qucerotti bildirib: “Müqəddəs Torpaqdan gələn görüntülər bizi yuxusuz qoyur, nəfəsimizi kəsir. Baş verənlər qeyri-insanidir.”
Bu fikirlə o, Əzablar Cüməsi İanəsinin əhəmiyyətini bir daha vurğulayıb. Bu, Papa VI Pavelin dövrünə qədər gedib çıxan bir papalıq təşəbbüsüdür. Kardinal əlavə edib: “Buna görə də xahiş etmişəm ki, vəsait toplama səyləri təkrarlanmasın və resursların parçalanmasının qarşısı alınsın. Bu ianə Müqəddəs Torpaq üçün göstərilən yardımın əsasını təşkil edir. Məktubumda bunun pastoral bir prioritet olmasını istəmişəm.”
Kilsənin səsi
Kardinal vurğulayıb ki, bu ianənin əsas məqsədi ənənəvi olaraq müqəddəs məkanların qorunması olsa da, hazırda əsas prioritet xristian icmalarının özlərinin qorunmasıdır.
“Ola bilməz ki, xristianlar kütləvi şəkildə köç etsin və İsanın ətrini hələ də özündə daşıyan torpaqları tərk etsinlər,” – deyə o bildirib və əlavə edib: “Bu insanlar Məsihlə qırılmaz bağın canlı şəhadətidir. Biz yalniz humanitar səbəblərə görə səsimizi ucaltmırıq – bu insanlar bizim üçün bir sakramentdir. Amma, əlbəttə, Kilsə eyni zamanda təqib olunan, zəif, əzab çəkən və tərk edilən hər kəs üçün də danışır.”
Daha yaxşı bir dünyaya inanmaq
Müqəddəs Torpaqda davam edən qarışıqlıq zəvvar səfərlərinə də ağır zərbə vurub. Bu səyahətlər möminlərə müqəddəs yerləri görmək və Yer üzündə Allahın varlığını hiss etmək imkanı verir. Bu gün zəvvar səyahətləri əlavə bir məna daşıyır: şahidlik etmək və ədalətsizliyə məruz qalanlarla həmrəylik göstərmək.
Bu, Kilsənin Pasxa bayramına və Ümid Yubileyinə hazırlaşdığı bir vaxtda xüsusi əhəmiyyət kəsb edir. Kardinal təəssüflə qeyd etdi ki, müharibə və yoxsulluq səbəbindən bir çox şərq xristianları Yubiley üçün Romaya səyahət edə bilməyəcək. “Onlar bu ‘peyğəmbərlik dövrünü’ evdə yaşamağa məcburdurlar.”
Bu çətinliklərə baxmayaraq, kardinal Qucerotti daha yaxşı gələcəyə inamında qətiyyətlə dayanır.
O israrla bildirdi: ‘Biz xristianlar daha yaxşı bir dünyanın mümkünlüyünə inadla inanırıq. Buna əminik, lakin onu mümkün qədər tez reallaşdırmaq da bizim vəzifəmizdir. Günah adlandırdığımız şeyi məğlub etməliyik, çünki bütün bu əziyyətlərin kökündə günah dayanır – təkcə sosial deyil, həm də siyasi günahlar.’