Roma Kuriyasının Oruc məşğələləri: "Əbədi həyata ümid"
Papa Sarayının vaizi ata Roberto Pazolininin başçılıq edəcəyi 2025-ci ilin Böyük Oruc meditasiyaları martın 9-dan 14-dək Vatikanın VI Paul zalında keçiriləcək.
“Vatican News” tərəfindən
Roma Kuriyasının ruhani məşğələləri 9 martda, Böyük Orucun I Rəbb Günü, Roma vaxtı ilə saat 17:00-da VI Paul zalında başlayacaq. Məşğələlər martın 14-dək Cemelli xəstəxanasına yerləşdirilən Papa Fransisk ilə "ruhani birlikdə" davam edəcək.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti bildirib ki, “Əbədi həyata ümid” mövzusunda meditasiyalara Papa Sarayının vaizi ata Roberto Pazolini başçılıq edəcək.
Diriliş: Ümid və təsəlli
Papa Sarayının Prefekturası tərəfindən verilən ruhani məşğələlərə dəvətdə vurğulanır ki, hamıya əbədi həyat vəd edən Məsihin dirilməsi “Nikea Kilsə Məclisi tərəfindən bəyan edilmiş xristian imanının ümidi, mahiyyəti və zirvəsidir. Bu inam, əsrlər boyu, bəşəriyyət üçün həyatın ali mənasını işıqlandıran təsəlli və hidayət mənbəyi olmuşdur”. Lakin zaman keçdikcə "bu vəd sanki tozla örtüldü və bu toz pərdəsi onun daha dərin mənasını gizlətdi."
Bəyanatda deyilir ki, “Yubiley ilində qeyd olunan Orucda biz əbədi həyat haqqında bir gün baş verəcək bir hadisə kimi deyil, artıq varlığımızı işıqlandıran bir lütf kimi düşünmək istəyirik”. Dəvət bu sözlərlə yekunlaşır: “Bəşəriyyətin səyahətini müşayiət etməyə davam edən sınaqlar və əzablar bizdə aşkar olunmağı gözləyən izzətin - Allahın bizi əvvəldən çağırdığı əbədiyyət vədinin kölgəsidir”.