Xristianlar və Müsəlmanlar: birlikdə kim olmaq istəyirik
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının 2025 il Ramazan ayı və Fitr Bayramı münasibətilə müsəlmanlara müraciəti.
Əziz müsəlman bacılar və qardaşlar,
Ramazan ayının əvvəlində Dinlərarası Dialoq üzrə Dikasteriya sizə ən səmimi və dost salamlarını çatdırır. Bu oruc, dua və paylaşma vaxtı Allaha yaxınlaşmaq və din, şəfqət və həmrəyliyin təməl dəyərlərində yenilənmək üçün imtiyazlı bir fürsətdir. Bu il Ramazan ayı, xristianlar üçün oruc tutmaq, dua etmək və Məsihə dönüş etmək dövrü olan Böyük Oruc dövrünə təsadüf edir. Dini təqvimdəki bu yaxınlıq bizə, xristianlara və müsəlmanlara, ümumi saflanma, dua və sədəqə əməllərində birlikdə addımlamaq üçün unikal fürsət təqdim edir. Biz katoliklər üçün bu vaxtı sizinlə bölüşmək çox xoşdur, çünki bu, hamımızın bu yer üzündə zəvvar olduğumuzu və hamımızın daha yaxşı həyat sürməyə çalışdığımızı xatırladır. Bu il biz yalnız daha yaxşı bir həyat yaşamaq üçün sizinlə birlikdə nə edə biləcəyimizi deyil, hər şeydən əvvəl ümid axtaran bu dünyada, xristian və müsəlman olaraq, birlikdə kim olmaq istədiyimizi düşünürük. Biz daha yaxşı bir dünyanın qurulması üçün çalışan sadə əməkdaşlar olmaq istəyirk, yoxsa Allahın bütün bəşəriyyətlə dostluğuna ümumi şəhadət verən həqiqi bacı-qardaş?
Ramazan biz katoliklərə sadəcə bir oruc ayı deyil, daxili dəyişmə məktəbi kimi görünür. Müsəlmanlar yemək və içməkdən çəkinməklə nəfslərini cilovlamağı öyrənir və vacib olana üz tuturlar. Bu, mənəvi tərbiyə dövrüdür - insanı Allaha yaxınlaşdıran və qəlbi başqalarına açan bir fəzilət olan təqvanın inkişafına dəvətdir. Bildiyiniz kimi, xristian ənənəsində müqəddəs Böyük Oruc dövrü bizi oxşar yola dəvət edir: oruc tutmaq, dua etmək və sədəqə verməklə biz qəlblərimizi təmizləməyə çalışırıq və diqqətimizi həyatımızı istiqamətləndirən və idarə Edənə yenidən cəmləşdiririk. Bu ruhani məşğələlər, müxtəlif yollarla ifadə olunsa da, imanın yalnız zahiri təzahür deyil, daxili dəyişmə yolu olduğunu bizə xatırladır.
Haqsızlıq, qarşıdurma və gələcəyə dair qeyri-müəyyənliyin hökm sürdüyü dünyada bizim ümumi çağırışımız oxşar ruhani yollardan daha çox şeyi əhatə edir. Dünyamız qardaşlığa və həqiqi dialoqa susayıb. Nifaqı təşviq edən tarixin və ideologiyaların yükünə baxmayaraq dostluğun mümkün olduğuna əmin olan müsəlmanlar və xristianlar birlikdə bu ümidin şahidi ola bilərlər. Ümid sadəcə nikbinlik deyil: bu, Rəhman olan Yaradanımız Allaha imandan qaynaqlanan bir fəzilətdir. Sizlər üçün, əziz müsəlman dostlar, ümid - bağışlayan və hidayət verən ilahi rəhmətə təvəkküldən qidalanır. Biz xristianlar üçün ümid - Allahın məhəbbətinin bütün sınaq və maneələrdən güclü olduğuna əminliyə əsaslanır.
Ona görə də biz, bir-birimizə dərin hörmət bəsləyərək, birlikdə, insanlıqda bacı-qardaş olmaq istəyirik. Allaha olan təvəkkülümüz, fərqlərimizə baxmayaraq, bizi birləşdirən bir xəzinədir. Bu bizə xatırladır ki, biz hamımız ləyaqətlə, qarşılıqlı hörmətlə yaşamağa çağırılmış ruhani, cismani və sevimli varlıqlarıq. Üstəlik, biz zorakılığın, ayrı-seçkiliyin və təcridin bütün formalarını rədd edərək, bu müqəddəs ləyaqətin keşikçiləri olmaq istəyirik. Bu il, Ramazan və Böyük Oruc kimi iki mənəvi ənənəmizin birləşdiyinə görə, imanın fərdləri və cəmiyyətləri dəyişdirdiyini, onun birlik və barışıq qüvvəsi olduğunu dünyaya göstərmək üçün unikal imkanımız var.
“Başqa mədəniyyətlərlə, başqa insanlarla görüşün qarşısını almaq üçün səddlər mədəniyyəti qurmaq, ürəklərdə səddlər, yerdə səddlər tikmək istəyinin yarandığı” dünyada (Papa Fransisk, Fratelli Tutti, 27) bizim vəzifəmiz dialoq yolu ilə qardaşlığa əsaslanan ümumi gələcək qurmaqdır. Biz sadəcə birlikdə yaşamaq istəmirik; biz səmimiyyət və qarşılıqlı hörmət içində birlikdə yaşamaq istəyirik. Ədalət, şəfqət və yaradılışa hörmət kimi ortaq dəyərlərimiz hərəkətlərimizə və münasibətlərimizə ilham verməli və səddlər deyil, körpülər qurmaq, zülmü deyil, ədaləti müdafiə etmək, ətraf mühiti məhv etmək deyil, qorumaqda bizim üçün kompas rolunu oynamalıdır. İmanımız və onun dəyərləri bizə ədalətsizliyə və biganəliyə qarşı çıxış edən, insan müxtəlifliyinin gözəlliyini iqrar edən səslər olmağa kömək etməlidir.
Bu Ramazan ayında və qarşıdan gələn Fitr bayramında bu ümidi sizinlə bölüşməkdən məmnunuq. Qoy dualarımız, həmrəylik əməllərimiz və sülh üçün göstərdiyimiz səylər sizinlə səmimi dostluğumuzun əyani əlamətləri olsun. Qoy bu bayram müsəlmanlar və xristianlar arasında qardaşlıq görüşləri üçün bir fürsət olsun ki, bu zaman biz birlikdə Allahın xeyirxahlığını tərənnüm edə bilərik. Bu sadə, lakin güclü paylaşma anları cəmiyyətlərimizi və dünyamızı dəyişdirə biləcək ümid toxumlarıdır. Qoy dostluğumuz sülh və qardaşlığa susayan dünyaya sərinləşdirici meh olsun!
Ramazan ayında tutduğunuz oruc və digər saleh əməllər və onların yekunu olan Fitr bayramı sizə bol-bol sülh, ümid, qardaşlıq və sevinc bəhrələri gətirsin.
Kardinal Corc Yaqub Kuvakad,
Prefekt
Mons. İndunil Kodituvakku Canakaratne Kankanamalage,
Katib