Axtar

US Vice President JD Vance visits Vatican

ABŞ-ın vitse-prezidenti JD Vens Vatikan Dövlət Katibi Kardinal Parolin ilə görüşüb

ABŞ-ın vitse-prezidenti, ailəsi ilə birlikdə, Müqəddəs Cümə günü axşamı Vatikanın Müqəddəs Peter Bazilikasında keçirilən Rəbbin Əzabları Liturgiyasında iştirak etdikdən sonra, Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin və Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Katib arxiyepiskop Paul Riçard Qallaher ilə görüşüb. Görüşdə sülh, dini azadlıq və miqrasiya məsələləri müzakirə olunub.

Debora Kastellano Lubov tərəfindən   

Müqəddəs Şənbə səhəri, ABŞ-ın vitse-prezidenti JD Vens Dövlət Katibliyində Vatikanın Dövlət Katibi kardinal Pietro Parolin tərəfindən qəbul edilib. Görüşdə Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Katib, arxiyepiskop Paul Riçard Qallaher də iştirak edib. Bu barədə şənbə günü Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “səmimi söhbətlər zamanı Müqəddəs Taxt-Tac ilə Amerika Birləşmiş Ştatları arasında mövcud olan yaxşı ikitərəfli münasibətlərdən məmnunluq ifadə olunub və dini azadlıq və vicdan hüququnun qorunması üçün birgə öhdəlik bir daha vurğulanıb.”

Açıqlamada daha sonra bildirilir: “Dünyadakı vəziyyət, xüsusilə müharibədən, siyasi gərginliklərdən və çətin humanitar vəziyyətdən əziyyət çəkən ölkələr barədə fikir mübadiləsi aparılıb, miqrantlara, qaçqınlara və məhbuslara xüsusi diqqət yetirilib.”

Tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

Nəhayət, ABŞ-da dövlətlə Katolik Kilsəsi arasında dinc əməkdaşlığa ümid ifadə olunub və Kilsənin ən zəif təbəqələrə göstərdiyi dəyərli xidmət qeyd edilib.

ABŞ vitse-prezidenti JD Vens beynəlxalq səfəri çərçivəsində İtaliyaya gəlib və daha sonra Hindistana səfər edəcək. O, ailəsi ilə birlikdə Müqəddəs Cümə günü axşamı Müqəddəs Peter Bazilikasında keçirilən Rəbbin Əzabları liturgiyasında iştirak edib.

JD Vens və ailəsi Kardinal Parolin ilə birlikdə
JD Vens və ailəsi Kardinal Parolin ilə birlikdə   (ANSA)
20 aprel 2025, 13:38