Axtar

Papa: Parolin celebra a Piazza S.Pietro seconda messa 'novendiali'

Kardinal Parolin: "Mərhəmət bizi imanın qəlbinə aparır"

Kardinal Pietro Parolin, Allahın Mərhəməti Rəbb günündə mərhum Papa Fransiskin ruhuna keçirilən ikinci “Novemdiales” (Doqquz günlük Messa) Messasına başçılıq edib və mərhəmət fəzilətini bizi bir-birimizlə və Məsihlə birləşdirən qızıl ipə bənzədib.

Devin Uotkins

“Novemdiales”-in ikinci günü, və ya mərhum Papa Fransisk üçün "doqquz günlük" Messaların ikincisi zamanı kardinal Pietro Parolin xristianları dünyada və qəlbimizdə sülhün bərqərar olması üçün Məsihin sonsuz mərhəmətinə nəzər salmağa dəvət edib.

İtaliya əsilli 70 yaşlı kardinal öz vəzində İsanın ölümündən sonra Yuxarı Otaqda toplaşan həvarilərin qorxu və kədərindən bəhs edən Rəbb gününün İncilinə müraciət edib.

Onun sözlərinə görə, günün İncilindəki səhnə Kilsənin hal-hazırda hiss etdiklərini təmsil edir, çünki bu günlərdə xristianlar Pasxa bazar ertəsi günü vəfat edən və şənbə günü dəfn edilən mərhum Papaya yas tuturlar.

“Onun vəfatı ilə bağlı qüssə, bizi sarsıdan kədər hissi, qəlbimizdə hiss etdiyimiz qarışıqlıq, çaşqınlıq…biz bütün bunları İsanın ölümünə kədərlənən həvarilər kimi yaşayırıq” – dedi kardinal.

Bununla belə, kardinal Parolin qeyd etdi ki, Məsih Özünü Dirilməsinin izzətində zahir etmək və qəlblərimizi işıqlandırmaq üçün məhz bu qaranlıq anını seçir.

“Papa Fransisk seçildiyi vaxtdan bəri bu həqiqəti bizə xatırladırdı, onu tez-tez təkrarlayırdı. Papa Fransisk mənşəyi İncil olan sevinci öz pontifikatının mərkəzinə qoydu” – dedi kardinal.

Yeniyetmələr Yubileyш zamanı keçirilən ikinci “Novemdiales” Messasında çoxlu gənclər iştirak edib.

Kardinal Parolin gəncləri, itki acısına baxmayaraq Pasxa sevincinə açıq olmağa təşviq etdi və onlara xatırlatdı ki, İsa bizə həmişə “yaşamaq üçün cəsarət” bəxş edir.

Allahın Mərhəməti bayramını xatırladan kardinal, Papa Fransiskin təlimində, heç bir məhdudiyyəti olmayan və bizi yüksəltməyə və yeniləməyə çalışan Allahın Mərhəmətinə böyük əhəmiyyət verildiyini söylədi.

“Papa Fransiskə indiki zamanda təzahür edən məhəbbətimiz sadəcə bu an yaşanan hisslər səviyyəsində qalmamalıdır. Biz onun irsini alqışlamalı və onu həyatımızın bir hissəsinə çevirməli, özümüzü Allahın Mərhəmətinə qarşı açmalı və bir-birimizə qarşı mərhəmətli olmalıyıq” – dedi kardinal.  

Kardinal Parolin əlavə etdi ki, mərhəmət, “bizi imanın qəlbinə qaytarır” və bizə Allahla münasibətimizi və Kilsə kimliyimizi dünyanın deyil, Allahın kateqoriyalarına uyğun şərh etməyə yardım edir.

İncilin xoş xəbəri, ilk növbədə, xidmət və nailiyyətlərimizdən asılı olmayaraq, hər birimizə qarşı mərhəmətli və zərif hisslər bəsləyən Allah tərəfindən sevildiyimizin kəşfindədir”. Bu, həm də həyatımızın mərhəmətdən ibarət olduğunu xatırladır: bizi qeyd-şərtsiz sevən və bizi bağışlayan biri varsa, biz o zaman yıxıldığımız yerdən qalxıb gələcəyə baxa bilərik"

Papa Fransisk dövründə Dövlət Katibi vəzifəsində çalışmış kardinal Parolin qeyd edib ki, nifrət və zorakılıq alovlarını söndürən, şəfa verən və yeni dünya yaradan yalnız mərhəmətdir.

“Dirilmiş Rəbb Öz şagirdlərini, Kilsəsini, bütün bəşəriyyət üçün, Allahın məhəbbətini və rəhmini qəbul etmək istəyənlər üçün mərhəmət aləti olmağa çağırır” – dedi  kardinal. “Papa Fransisk, yaralılara doğru şəfqətlə əyilən və mərhəmət məlhəmi ilə onları sağaldan bir Kilsənin parlaq şahidi idi.”

Mərhum Papa qəti şəkildə inanırdı ki, qarşılıqlı qəbul edilmə  və bağışlanma olmadan sülh mümkün olmayacaq, deyə kardinal əlavə etdi.

Roma Kuriyasının və Vatikanın əməkdaşlarına müraciət edən kardinal Parolin onlara Müqəddəs Taxt-tac qarşısında yorulmaz xidmətlərinə görə təşəkkür etdi.

"Biz özümüzü Müqəddəs Məryəmə etibar edirik. Papa Fransisk Ona o qədər bağlı idi ki,  “Santa Maria Maggiore” Bazilikasında dəfn olunmağı seçdi" – dedi kardinal Parolin.

"Qoy, Mübarək Məryəm bizi qorusun, bizim üçün şəfaət etsin, Kilsəyə nəzarət etsin və bəşəriyyətin sülh və qardaşlıq yolu ilə addımlamasına dəstək olsun."

28 aprel 2025, 13:22