Axtar

Mass for 20th anniversary Saint John Paul II

Kardinal Parolin: "Qoy Papa II İoann Pavel bu yaralı bəşəriyyətə xeyir-dua versin"

Kardinal Pietro Parolin müqəddəs Papa II İoann Pavelin vəfatının 20-ci ildönümünə həsr olunmuş Messaya başçılıq edib. Moizəsi zamanı o, pontifikin Kilsəyə və dünyaya dərindən təsir etmiş mirasından danışıb.

Linda Bordoni tərəfindən

Papa II İoann Pavelin həyatının son anları haqqında düşünən kardinal Pietro Parolin, Papanın parlaq görüntülərini - “Via Crucis” (Çarmıx Yolu duası) zamanı çarmıxı qucaqlamasını,  Pasxa Günü, Müqəddəs Peter meydanına baxan pəncərədən səssizcə xeyir-dua verməsini və çobanları ilə vidalaşmaq üçün toplaşan böyük izdihamı xatırlayıb.

Vatikanın Dövlət Katibi, aprelin 2-də, Müqəddəs Peter Bazilikasında mərhum papanın xatirəsini şükranlıq və sevinc ruhunda yad etmək üçün toplaşan ruhanilərin, rahiblərin, mötəbər şəxslərin və imanlıların iştirakı ilə keçirilən Müqəddəs Messaya başçılıq edib.

"O, özünü Atanın mərhəmətli əllərinə tapşırdığı zaman, bütün dünya duada birləşmişdi", - dedi  kardinal.

Yəhyanın Müjdəsinə istinad edərək, kardinal Parolin, II İoann Paveli həyatı boyu istiqamətləndirən dərin iman haqqında danışıb: “Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir” (Yəhya 5, 24). Kardinalın sözlərinə görə, bu iman mərhum Papanı sarsılmaz missiyasında dəstəkləyirdi, onu çətinliklərlə fövqəladə cəsarət və sədaqətlə üzləşməyə sövq edirdi.

Kardinal Parolin moizəsində Polşalı Papanın Allahın nəzəri altında yaşamaq hissini vurğulayıb, onun “Roma Triptixi” adlı toplusuna istinad edib. Burada Papa II İoann Pavel Allahı, qarşısında hər şeyin çılpaqlığı aşkar olunan “İlk Baxan” kimi təsvir edib. “Onun həyatının Allah qarşısındakı şəffaflığı," kardinal qeyd etdi, "həqiqətə qorxmaz şəhadətinin, insan ləyaqətinin sarsılmaz müdafiəsinin və Müjdəni yorulmadan təbliğinin əsası idi".

Onun Allah qarşısında həyatının şəffaflığı onun həqiqətə qorxmaz şahidliyinin, insan ləyaqətinin sarsılmaz müdafiəsinin və İncilin yorulmadan təbliğinin əsası idi.

İlahi Qəzavü-qədər

Moizənin əsas mövzusu II İoann Pavelin öz həyatında ilahi qəzavü-qədəri qəbul etməsi idi. 1981-ci ildə baş vermiş sui-qəsd cəhdindən sonra Papanın dediyi sözləri xatırladan kardinal Parolin qeyd etdi ki, Karol Voytıla (II İoann Pavel) sağ qalmasını, onu Kilsəyə xidmət etməkdə sadiqliyini təsdiqləyən Allahın ənamı hesab edirdi

II İoann Pavel öz ruhani vəsiyyətində yazır: "İlahi qəzavü-qədər məni möcüzəvi şəkildə ölümdən xilas etdi. Həyatın və ölümün yeganə Rəbbi olan O, mənim həyatımı uzatdı, müəyyən mənada onu mənə yenidən bəxş etdi".

Parolin dedi ki, Papa II İoann Pavelin bu missiya hissi, onun Kilsəyə Üçüncü Minilliyə gedən yolda rəhbərlik edəcəyini qabaqcadan görən kardinal Stefan Vişinskinin məsləhəti ilə daha da aydın formalaşdı. Kardinal Parolin qeyd etdi ki, bu “peyğəmbərlik rəhbərliyi” II İoann Pavelə onun papalığını müəyyən edəcək məqsədi aydın etdi.

Qorxmayın!

Vatikanın Dövlət Katibi Papanın 2000-ci ilin Böyük Yubileyindəki tarixi rolu haqqında da danışıb.

"II İoann Pavel üçün Məsih tarixin mərkəzi idi. O, dünyanı öz varlığının mənasını Xilaskarın işığında yenidən kəşf etməyə çağırırdı."

Papa II İoann Pavelin Kilsəyə "dərinliyə get" (Duc in altum) çağırışını xatırladan Parolin, həmin çağırışın bu gün də rezonans yaratmağa davam etdiyini və Papa Fransiskin "Missiyada olan Kilsə" baxışları üçün ilham mənbəyi olduğunu söylədi. II İohann Pavel “Novo Millennio Ineunte” (Yeni Minilliyin Başlanğıcında) adlı apostolik məktubunda yazdığı kimi: "Qorxmayın! Məsih üçün qapıları geniş açın!"

“Qorxmayın! Məsih üçün qapıları geniş açın!”

Müharibə həmişə məğlubiyyətdir

Sülhün və insan ləyaqətinin yorulmaz təəsübkeşi olan II İoann Pavelin səsi məzlumları müdafiə etmək və müharibəyə qarşı çıxmaq üçün ucalırdı. "Onun sözləri eşidilməsə də, sülhə sarsılmaz sədaqəti Kilsənin peyğəmbərlik şəhadətini təcəssüm etdirirdi”, - kardinal Parolin qeyd etdi.

O, II İoann Pavelin “Müharibə həmişə bəşəriyyət üçün məğlubiyyətdir” deyib müharibələrdən qaçmaq üçün necə çağırışlar etməsini xatırladı.

Kardinal moizəsini II İoann Pavelin şəfaətinə müraciət edərək bitirdi. O, 20 il əvvəl, dəfn ayini zamanı Papa XVI Benediktin sözlərini təkrarlayaraq dua etdi: "Bizə xeyir-dua ver, Müqəddəs Ata II İoann Pavel! Bu zəvvar səfərində olan ümid Kilsəsinə, öz ləyaqətini və çağırışını axtaran bu yaralı bəşəriyyətə xeyir-dua ver ki, o Allahın mərhəmətini və məhəbbətini  yenidən tapa bilsin."

“Bizə xeyir-dua ver, Müqəddəs Ata II İoann Pavel! Bu zəvvar səfərində olan ümid Kilsəsinə, öz ləyaqətini və çağırışını axtaran bu yaralı bəşəriyyətə xeyir-dua ver ki, o Allahın mərhəmətini və məhəbbətini yenidən tapa bilsin.”

03 aprel 2025, 13:23