"Vatican News" artıq Azərbaycan dilində də mövcuddur
“Vatican News” tərəfindən
“Vatican News” Azərbaycan dilini əlavə etməklə çoxdilli xidmətinin əhatə dairəsini genişləndirib. Azərbaycana səfər edən ilk Roma Papası olan II İoann Pavelin vəfatının 20-ci ildönümü münasibətilə, 2 aprel 2025-ci il tarixindən Vatikan Mediası artıq italyan, ispan, ingilis və fransız işarət dili də daxil olmaqla, 56 dildə mövcuddur.
Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete (SDB) II İoann Pavelin 2002-ci ildə ölkəyə səfərini xatırlayır: “2002-ci il mayın 23-də Bakıda söylədiyi moizədə II İoann Pavel vurğulamışdı ki, ölkədəki kiçik katolik icması “maya” olmalı və yol göstərən ruh olmalıdır. Müasir dünyada media həqiqəti yaymaq, dindarların ümid və imanını gücləndirmək üçün getdikcə daha güclü vasitəyə çevrilir”, - deyə o qeyd edib.
Kommunikasiya üzrə Dikasteriya ilə əməkdaşlığın nəticəsi olan bu təşəbbüsü dəstəkləyən yepiskop Fekete deyir ki, "Azərbaycandakı əksər yerli katoliklər başqa dillərdə danışmırlar və onlar Ümumdünya Kilsəsi haqqında öyrənmək üçün bəzən etibarlı olmayan mənbələrə müraciət etməli olurlar. Bu səbəbdən biz biliyi təşviq etmək və imanı gücləndirmək üçün “Vatican Radio–Vatican News” ilə bu layihəni başlamağa qərar verdik."
"İndi", o əlavə etdi, "hər kəs Müqəddəs Atanın sözlərini və Ümumdünya Kilsəsində baş verən hadisələr haqqında xəbərləri öz dilində oxuyacaq. Əminəm ki, bu, başqa dinlərin nümayəndələri və ya imanı olmayanlar üçün də dəyərli məlumat mənbəyi olacaq".
O, həmçinin vurğuladı ki, Azərbaycan dilində təkcə Azərbaycanda deyil, dünyada 30 milyondan çox azərbaycanlı danışır. Yepiskop Vladimir Fekete, “Vatican News”-un bütün oxucularımızın ruhani və gündəlik həyatlarında mənalı və etibarlı yol yoldaşı olacağı ümidi ilə” bu layihəni Müqəddəs Məryəmin şəfaətinə etibar etdi.
“Əlaqələr parçasının” gücləndirilməsi
Vatikanın Kommunikasiya üzrə Dikasteriyasının Prefekti Paolo Ruffini qeyd etdi ki, "hər bir parça saysız-hesabsız toxunmuş saplardan ibarətdir. Bizim kommunikasiya şəbəkəmiz də buna bənzəyir. Bu gündən etibarən, yepiskop Vladimir Fekete və Azərbaycanın Apostol Prefekturası ilə əməkdaşlığın sayəsində həmin şəbəkə Azərbaycan dilində də danışacaq".
O, həmçinin əlavə etdi ki, "hər bir dil bizim gündən-günə tikdiyimiz Kilsənin canlı binasında mühüm rol oynayır. 2016-cı ilin oktyabrında Bakıya səfəri zamanı Papa Fransisk kiçik azərbaycanlı katolik icmasını tərifləyərək, onu Müqəddəs Ruhun enişini Yuxarı Otaqda toplaşaraq gözləyən ilk şagirdlərlə müqayisə etdi”.
Ruffini daha sonra qeyd etdi ki, "Azərbaycan dilini “Vatican News”-un bir çox dillərinə əlavə etmək - Kilsədə heç kimin digərindən böyük və ya kiçik olmadığını nümayiş etdirmək üsulumuzdur. Papa Fransisk bir dəfə demişdi ki, birliyin dolğunluğunu yaşamaq üçün iki şey vacibdir: həmin Yuxarı Otaqda Ana var idi və Müqəddəs Ruh tərəfindən göndərilən qardaşlıq sevgisi - mərhəmət var idi".
“Bu gün, Babil çaşqınlığında itmək riski ilə üzləşən dünyamızda bizim missiyamız – bir-birimizlə danışmaq, məhəbbət dilində bir-birimizi başa düşmək, xoşməramlı birlik yaratmaq və Kilsədə paylaşdığımız birliyi ən güclü ünsiyyət vasitəsimizə çevirməkdir”, - prefekt sonda vurğuladı.
Dialoq körpüsü
Prefektlə yanaşı, Vatikan Mediasının baş redaktoru Andrea Tornielli dedi ki, "Vatican News”-un Azərbaycan dilində mövcudluğu təkcə Papanın mesajını daha çox insana çatdırmaq üçün bir yol deyil, həm də dinlər arasında dialoqun təşviqi istiqamətində mühüm addımdır. Müharibə və zorakılıqla sarsılan dünyada Peterin Xələfinin sözləri bölünmə və nifrətə təslim olmaqdan imtina edən, bunun əvəzinə görüş, qarşılıqlı anlaşma və qardaşlıq yolları qurmağa çalışan hər kəs üçün körpüdür”.
Eyni şəkildə, baş redaktorunun müavini və Vatikan Radiosunun rəhbəri Massimiliano Meniketti, bu yeni əlavənin əhəmiyyətini "vacib addım kimi” vurğuladı, “çünki bu, milyonlarla insanın Papaya, Ümumdünya Kilsəsinə və Müqəddəs Taxt-Tacdan gələn xəbərlərə birbaşa çıxışını təmin edir".
"Son illərdə" o, davam etdi, "biz bütün dünyada əlaqələr qurmaq və yeni informasiya və müjdələmə layihələrini dəstəkləmək üçün Yerli Kilsələrlə əməkdaşlığımızı gücləndiririk. Məqsədimiz - ümumi, desentralizasiya edilmiş şəbəkələr yaratmaq üçün təcrübə və resursları birləşdirməkdir”.
Sonda o qeyd edib ki, "bir tərəfdən, bu, dinamik və əməkdaşlıq edən kommunikasiya şəbəkəsi yaradacaq, digər tərəfdən isə yerli istedadları yetişdirəcək və müxtəlif icmalar daxilində inkişafa təkan verəcək. Bizim arzumuz bütün dünya üzrə katolik icmalarının bir-biri ilə tam əlaqədə olduğu, onlara real vaxt rejimində təkcə mətnləri, şəkilləri və audioları deyil, həm də Kilsənin canlı təcrübəsini paylaşmağa imkan verən platforma yaratmaqdır."