Yeni Papanın seçilməsi üçün Konklav mayın 7-də başlayacaq
Liza Zenqarini və Devin Uotkins tərəfindən
Romada olan Kardinallar konklavın 7 may 2025-ci il tarixində başlayacağını təsdiqləyiblər.
Tarix, bazar ertəsi səhəri, Vatikanda, V Ümumi Konqreqasiyada iştirak edən təxminən 180 kardinal (onların yüzdən çoxu seçicilərdir) tərəfindən təyin edilib.
Konklav Vatikanın Sikstin Kapellasında keçiriləcək və həmin günlərdə kapella ziyarətçilər üçün bağlı olacaq.
Konklav zamanı nə baş verir?
Konklavdan əvvəl, kardinal-seçicilərin iştirak edəcəyi “Papanın Seçilməsi üçün” (Pro Eligendo Papa) adlanan Müqqəddəs Messa keçiriləcək.
Günün ikinci yarısında kardinal-seçicilər təntənəli bir yürüşlə Sikstin Kapellasına gedəcəklər və burada yeni Papanı seçmək üçün Konklav başlayacaq.
Sikstin Kapellasına daxil olduqdan sonra, hər bir kardinal-seçici “Universi Dominici Gregis” sənədinin 53-cü bəndinə əsasən and içəcək.
Bu and vasitəsilə hər bir kardinal-seçici, əgər seçilərsə, Kilsənin ümumdünya Pastoru olaraq Peter Vəzifəsini (Munus Petrinum) sadiqliklə yerinə yetirəcəyinə söz verir.
Kardinallar, həmçinin, seçkiyə dair bütün məlumatların tam gizli saxlanılacağına və seçkiyə xarici müdaxilə cəhdlərinə qarşı çıxacaqlarına and içirlər.
Bu anda Pontifikin Liturgiya Ayinləri üzrə Magistr “extra omnes” elan edir, yəni konklavda iştirak etməyən bütün şəxslər Sikstin Kapellasını tərk etməlidirlər.
Yalnız Liturgiya Ayinləri üzrə Magistr və ikinci meditasiya çıxışını edəcək din xadimi qalır.
Bu meditasiya seçicilərin üzərinə düşən ağır məsuliyyətə və Ümumdünya Kilsəsinin xeyrinə saf niyyətlə hərəkət etmək zərurətinə, yalnız Allahı göz önündə tutmağa yönəldilir.
Meditasiya təqdim edildikdən sonra həm din xadimi, həm də Pintifikin Liturgiya Ayinləri üzrə Magistr kapellanı tərk edir.
Sonra kardinal-seçicilər “Ordo Sacrorum Rituum Conclavis” sənədinə uyğun olaraq dua edir və Kardinal-Dekan soruşur ki, kardinallar səsverməyə başlamağa hazırdırlarmı, yoxsa qayda və proseslərlə bağlı hər hansı izahat tələb olunur.
Seçki prosesi tamamilə Vatikan Apostol Sarayındakı Sikstin Kapellasında aparılır və seçki başa çatana qədər kapella tamamilə bağlı qalır.
Seçki prosesi boyunca kardinal-seçicilər məktub göndərməkdən və ya həddindən artıq zəruri hallar istisna olmaqla, telefon danışıqları da daxil olmaqla söhbətlərdən çəkinməlidirlər.
Onlar heç bir mesaj göndərə və ya qəbul edə bilməz, heç bir qəzet və ya jurnal ala bilməz, radio və ya televiziya verilişlərini izləyə bilməzlər.
Papanın seçilməsi üçün neçə səs lazımdır?
Yeni Papanın etibarlı şəkildə seçilməsi üçün iştirak edən seçicilərin üçdə ikisinin səs çoxluğu tələb olunur.
Əgər seçicilərin sayı üçə bölünməzsə, əlavə bir səs tələb olunur.
Seçki ilk günün günortasında başlayarsa, yalnız bir səsvermə olacaq. Növbəti günlərdə isə səhər və günortadan sonra olmaqla səsvermə gündə iki dəfə aparılacaq.
Səslər hesablandıqdan sonra bütün bülletenlər yandırılır. Əgər səsvermə nəticəsiz olarsa, Sikstin Kapellasının bacasından qara tüstü çıxır. Əgər Papa seçilərsə, o zaman bacadan ağ tüstü qalxır.
Əgər ardıcıl üç gün ərzində razılıq əldə olunmazsa, seçicilərə bir günlük dua, azad müzakirə və Kardinal Proto-Diakon (Kardinal Dominik Mamberti) tərəfindən qısa ruhani müraciət üçün fasilə verilir.
Yeni Papa seçildikdən dərhal sonra nə baş verir?
Kardinallar yeni Papanı seçdikdən sonra Kardinal Diakonların sonuncusu Kardinallar Kollegiyasının Katibini və Pontifikin Liturgiya Ayinləri üzrə Magistri Sikstin Kapellasına çağırır.
Kardinallar Kollegiyasının Dekanı, kardinal Covanni Battista Re, bütün seçicilər adından seçilmiş namizədin razılığını aşağıdakı sözlərlə soruşur: “Sən Ali Pontifik kimi kanonik seçilməyini qəbul edirsənmi?”
Seçim qəbul edildikdən sonra, ona belə sual verilir: “Necə bir adla çağırılmaq istəyirsən?”
Notariat funksiyasını Pontifikin Liturgiya Ayinləri üzrə Magistr, iki rəsmi şahidin iştirakı ilə yerinə yetirir, qəbul sənədini və seçilən adın qeyd olunduğu sənədi tərtib edir.
Bu andan etibarən yeni seçilmiş Papa Ümumdünya Kilsəsi üzərində tam və ali səlahiyyətə malik olur. Konklav dərhal bu anda sona çatır.
Daha sonra kardinal-seçicilər yeni Papaya itaət və sədaqət andı içir və Allaha şükür duaları edirlər.
Kardinal Proto-Diakon sonra xalq qarşısında məşhur cümləni elan edir:
“Annuntio vobis gaudium magnum; Habemus Papam” (yəni: “Sizə böyük bir sevinc xəbəri elan edirəm; Papamız var”).
Bundan dərhal sonra yeni Papa Müqəddəs Peter Bazilikasının eyvanından “Urbi et Orbi” (şəhərə və dünyaya) Apostol xeyir-duasını verir.
Son addım olaraq, Pontifikatın təntənəli inauqurasiyasından sonra və uyğun vaxt ərzində yeni Papa Müqəddəs İoann (Vəftizçi Yəhya) Lateran Patriarxal Arxibazilikasını rəsmi olaraq öz himayəsinə almalıdır.