Axtar

2025.02.04 Premio Zayed vincitori

2026 il Zayed Mükafatı üçün namizədliklər açılır

İnsan Qardaşlığının Ali Komitəsi qardaşlıq, birgəyaşayış və tolerantlığa “görkəmli töhfələri” tanıyaraq 2026-cı il Zayed İnsan Qardaşlığı Mükafatı üçün namizədlikləri açır.

Cozef Tallok tərəfindən

Mükafat 2019-cu ilin fevralında Papa Fransiskin Əl-Əzhərin Böyük İmamı ilə tarixi görüşündən və onların İnsan Qardaşlığı üzrə Birgə Sənədi dərc etməsindən sonra təsis edilib.

Sənədin imzalanması Birləşmiş Ərəb Əmirliklərində baş tutub və ölkə indi Şeyx Zayed bin Sultan Əl Nəhyanın şərəfinə adlandırılan mükafata sponsorluq edir.

Mükafat

Zayed Mükafatı “insan qardaşlığının inkişafında, dinc yanaşı yaşayışın təşviqində və tolerantlıq və həmrəylik dəyərlərinin müdafiəsində görkəmli töhfələr verən” fərdlərin və qrupların tanınmasını təmin etmək məqsədi daşıyır.

1 milyon ABŞ dolları məbləğində olan mükafat istənilən mənşə, din və ya millətə mənsub şəxslərə və təşkilatlara verilə bilər.

Mükafatçılar əvvəlcə akademik, ictimai xadim, ruhani lider, hökumət üzvü və ya QHT rəhbəri tərəfindən irəli sürüldükdən sonra müstəqil münsiflər heyəti tərəfindən seçilir.

Müvafiq namizədlər adlarını İnsan Qardaşlığı üçün Zayed Mükafatının rəsmi veb-saytı vasitəsilə təqdim edə bilərlər: https://zayedaward.org/. Namizədliklər 1 oktyabr 2025-ci il tarixinədək açıqdır.

2025-ci ilin qalibləri

“Vatican News” BƏƏ-də 2025-ci il Zayed Mükafatının təqdim edilməsində iştirak etdi. Mükafatlar Dünya Mərkəzi Mətbəxi QHT-na, Barbadosun Baş Naziri Mia Mottli-yə və 15 yaşlı Efiopiya-Amerikalı ixtiraçı Heman Bekele-yə verildi.

Mia Mottli Barbadosun Baş naziri olaraq iqlim dəyişikliyi ilə bağlı atdığı qətiyyətli addıma görə, Dünya Mərkəzi Mətbəxi isə 2023-cü ilin oktyabrında İsrail-Həmas müharibəsinin başlanmasından bəri Qəzzada Fələstinlilərə 100 milyon yemək də daxil olmaqla, 30 müxtəlif ölkəyə çatdırdığı 300 milyon yemək üçün mükafatlandırılıb.

Heman Bekele, bu arada, erkən mərhələdə dəri xərçənginin qarşısını almaq və müalicə etmək üçün nəzərdə tutulmuş sabun ixtirasına görə mükafatlandırılıb.

Mükafatlandılrma mərasimində “Vatican News”-a danışan Müqəddəs Taxt-Tacın Birləşmiş Ərəb Əmirliklərindəki apostol nunsisi arxiyepiskop Kristof El-Kassis Zayed mükafatının əhəmiyyətini vurğulayaraq, Papa Fransisk ilə Böyük İmam arasındakı əməkdaşlığın “başqaları üçün nümunə” olduğunu və hamımızın “bir ailə olduğumuzu” xatırlatdığını söylədi.

25 fevral 2025, 12:27