Axtar

2025.04.23 Sheikh-ul-islam of Azerbaijan and Caucasus paid a visit to Baku Immaculate Conception Church

Azərbaycanın və Qafqazın Şeyxülislamı: Papa Fransisk bütün dünyada sülhü və qardaşlığı arzulayırdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycanın Dinlərarası Məşvərət Şurasının üzvləri, aprel ayının 21-də vəfat etmiş Roma Papası Fransiskin xatirəsini ehtiramla yad etmək və başsağlığı kitabını imzalamaq məqsədilə Bakının baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsini ziyarət ediblər.

Toral Ağayev tərəfindən

Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan yepiskopu Aleksiy (Rus Pravoslav Kilsəsi), Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və Udi Xristian İcmasının sədri Robert Mobili, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar, mərhum Papanın xatirəsini ehtiramla yad etmək məqsədilə Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsini ziyarət ediblər.

Azərbaycanın dini liderlərini kilsədə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Ölkənin Dinlərarası Məşvərət Şurası adından Roma Papası Fransiskin vəfatı ilə bağlı kilsədə açılan başsağlığı kitabı imzalandı.

Papa Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Məryəm kilsəsində açılan başsağlığı kitabı
Papa Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Məryəm kilsəsində açılan başsağlığı kitabı

“Dərin hüznlə zəmanəmizin görkəmli dini lideri Zati-Müqəddəsləri Roma Papası Fransiskin vəfatı barədə xəbəri aldıq. Zati-Müqəddəslərinin fədakar səsi daim müharibələrə, şiddətə, və nifrətə yox dedi, sülhə və mərhəmətə çağırdı. Onun fəqir, xəstə və ahıllara, qaçqın və miqrantlara qayğıkeşliyi bütün sülhsevər insanların ürəklərində yaşayacaq”, - başsağlığı yazısında deyilir.

Şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransisklə bağlı xatirələrini bölüşdü: "Onun bütün dinlərə gözəl münasibəti var idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O, bütün dünyada sülhün və qardaşlığın bərqərar olmasını arzulayan insan idi".

23 aprel 2025, 18:53