Papa Fransisk: münaqişələrdə humanitar hüquqa hörmət edilsin!
RƏBBİN MƏLƏYİ - ANGELUS
Müqəddəs Peter meydanı
Bazar, 5 yanvar 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Əla! Siz cəsarətlisiniz, axı yağış yağır! Rəbb gününüz mübarək!
Bugünkü İncildə (Yəhya 1, 1-18), bizə cism almış Allahın Kəlamı, İsa haqqında danışılır və deyilir: “Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.” (Yəhya 1,5). Bu, bizə Tanrının sevgisinin nə qədər güclü olduğunu xatırladır; bu sevgi heç nə tərəfindən məğlub edilə bilməz və maneələrə və rədd edilmələrə baxmayaraq, parlamağa və yolumuzu işıqlandırmağa davam edir.
Biz bunu Miladda görürük, Allahın Oğlu, insan olub, çox sayda maneələri və ayrılıqları aşır. O, öz dövrünün “böyük”lərinin möhürlənmiş ağıl və ürəkləri ilə üzləşir, onlar Allahı axtarmaqdansa, daha çox qüdrəti qorumağa çalışırlar (Matta 2, 3-18). Sonra, O, Məryəm və Yusifin sadə həyatını paylaşır, onlar Onu sevgi ilə qəbul edirlər, lakin imkanları məhdud olanların çətinlikləri ilə böyüdürlər, çünki onlar kasıb idilər. O, zəif və müdafiəsiz halda, həyatın sərtliyi və cəmiyyətin laqeydliyi ilə üzləşən insanlar ilə - çobanlar ilə (Luka 2, 8-18) görüşə çıxır,; sonra isə Onu tanımaq istəyilə yola düşən və uzun bir səfər edən Müdriklərlə (Matta 2,1) qarşılaşır, onlar Onu sadə insanların evində, böyük kasıblıq içində tapırlar.
Bu və ziddiyyətli görünən bir çox başqa çətinliklərlə üzləşən Allah heç vaxt dayanmır – gəlin bunu aydın şəkildə eşidək - Allah heç vaxt dayanmır. O, hər birimizi, harada olursaq olaq, hesabsız və şərtsiz bir şəkildə tapmaq üçün minlərlə yol tapır, hətta insanlığın ən qaranlıq gecələrində, qaranlığın boğa bilməyəcəyi işıq pəncərələri açır (Yeşaya 9, 1-6). Bu, bizə təsəlli verən və ruhlandıran bir həqiqətdir, xüsusilə bizim dövrümüzdə, asan olmayan bir dövrdə, işığa, ümidə və sülhə böyük ehtiyacın olduğu bir zamanda, insanların bəzən o qədər mürəkkəb vəziyyətlər yaratdığı bir dünyada ki, onlardan çıxmaq mümkünsüz kimi görünür. Çox sayda vəziyyətdən çıxmaq mümkünsüz kimi görünür. Amma bu gün Allahın Sözü bizə deyir ki, bu belə deyil! Əksinə, bizi Məhəbbət olan Allahı nümunə götürməyə çağırır, harada olursaq olaq, kiminlə qarşılaşsaq da, hər hansı bir mühitdə: ailə, sosial, beynəlxalq kontekstdə, işıq işartıları saçmağa dəvət edir. Bizi birinci addımı atmaqdan qorxmamağa dəvət edir – bu, bu gün Rəbbin dəvətidir – birinci addımı atmaqdan qorxmamaq. Bunu etmək üçün cəsarət lazımdır, amma gəlin əzab çəkənlərə yaxınlıq işıqlarını, bağışlanma, şəfqət və barış işıqlarını saçmaqdan qorxmayaq: bunlar, həyat səyahətini daha aydın, daha təhlükəsiz və hər kəs üçün mümkün etmək naminə atmalı olduğumuz birinci addımlardır. Və bu dəvət, yenicə başlamış olan Yubiley ilində xüsusi şəkildə səslənir, bizi həyat bəxş edən seçimlər edərək, həyata sadə amma konkret bir "bəli" deyərək ümidin elçiləri olmağa təşviq edir. Gəlin bunu hamımız edək: bu, xilasa gedən yoldur!
Beləliklə, yeni ilin əvvəlində özümüzə sual verə bilərik: ətrafımda və münasibətlərimdə işıq pəncərəsini necə aça bilərəm? Mən harada Tanrının sevgisinin keçə biləcəyi bir işıq işartısı ola bilərəm? Bu gün atmalı olduğum birinci addım nədir?
Məryəm, İsanın yanına aparan ulduz, bizə Atanın hər kəsə olan sevgisinin parlaq şəhadətçiləri olmağımızda kömək etsin.
“Rəbbin Mələyi” duasından sonra
Əziz bacı və qardaşlar!
Sizi, Romanın imanlılarını və müxtəlif ölkələrdən gələn zəvvarları salamlayıram.
Mən xüsusilə Zaqreb arxeparxiyasının din müəllimlərini salamlayıram. Əziz dostlar, yeni nəsillərin mədəni, mənəvi-əxlaqi formalaşdırılması üçün çox vacib olan işinizdə sizə uğurlar arzulayıram.
Orzinuovinin imanlılarını, Massa Lombarda ailələrini, Postioma və Porçellenyo ministrantlarını və pastoral işçilərini, “Betaniyanın Fransiskan Qardaşlığı”nın gənclərini və Müqəddəs VI Pavel -in doğulduğu yer olan Konsesio gənclərini, “Immacolata” gənclərini salamlayıram. Və Lecce əyalətindəki Oggiono dekanlığından bir qrup yeniyetmənin Yubiley ziyarətlərini salamlayıram.
Gəlin Ukraynada, Fələstində, İsraildə, Livanda, Suriyada, Myanmada və Sudanda sülh üçün dua etməyə davam edək. Qoy beynəlxalq birlik qətiyyətlə hərəkət etsin ki, münaqişələrdə humanitar hüquqa hörmət edilsin. Bir daha vurulan məktəblər, xəstəxanalar olmasın; daha vurulan iş yerləri olmasın! Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir, həmişə!
Hamınıza uğurlu Rəbb günü arzu edirəm. Və xahiş edirəm, mənim üçün dua etməyi unutmayın. Sabah görüşənədək!