Papa Fransisk: Vəftiz vasitəsilə biz yeni həyata doğuluruq
RƏBBİN MƏLƏYİ - ANGELUS
Müqəddəs Peter meydanı
Bazar, 12 yanvar 2025
Əziz bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Bu gün qeyd etdiyimiz İsanın Vəftiz bayramı bizi bir çox şeylər, o cümlədən öz Vəftizimiz haqqında düşünməyə vadar edir. İsa günahların bağışlanması üçün vəftiz olunmağa hazırlaşan Öz xalqına qoşulur. Bugünkü liturgiyanın himninin sözlərini xatırlamaq istəyirəm: İsa “çılpaq ruh və yalın ayaqla” Yəhya tərəfindən vəftiz olunmağa gedir. Çılpaq ruh və yalın ayaq.
İsa vəftiz olunarkən, Ruh Özünü təzahür etdirir və Allahın Zühuru baş verir; O, Oğulda Öz üzünü açır və səsini eşitdirir: “Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam” (Luka 3, 22). Üz və səs.
İlk növbədə, üz. Oğul vasitəsilə Ata olduğunu göstərməklə, Allah bəşəriyyətlə dialoqa və ünsiyyətə girmək üçün xüsusi məkan yaradır. Bu sevimli Oğlunun üzüdür.
İkinci yerdə səs. Üz və səs. “Sən Mənim sevimli Oğlumsan” (Luka 3, 22). Bu, İsanın vəhyini müşayiət edən başqa bir əlamətdir.
Əziz qardaş və bacılar, bugünkü bayram bizi İsanın insanlığında təzahür edən Allahın siması və səsi haqqında düşünməyə vadar edir. Beləliklə, gəlin özümüzə sual verək: sevildiyimizi hiss edirikmi? Mən özümü Allah tərəfindən sevildiyimi və müşayiət olunduğumu hiss edirəm, yoxsa Allahın məndən uzaq olduğunu düşünürəm? Biz İsada və bacı-qardaşlarımızda Onun üzünü tanımağa qadirikmi? Və biz Onun səsinə qulaq asmağa öyrəşmişikmi?
Sizə bir sual verim: hər biriniz vəftiz olunduğunuz tarixi xatırlayırsınızmı? Bu çox vacibdir! Düşünün: mən hansı gündə vəftiz olundum? Əgər xatırlamırıqsa, evə gəldiyimiz zaman gəlin valideynlərimizdən və ya vəftiz valideynlərimizdən vəftizimizin tarixini soruşaq. Gəlin bu tarixi yeni ad günü kimi qeyd edək: Allahın Ruhunda doğulduğumuz günü kimi. Unutmayın! Bu, bizim ev tapşırığımız olsun: Vəftiz tariximiz.
Gəlin Məryəm Ananın köməyinə müraciət edərək özümüzü Ona etibar edək. Vəftiz olunma tarixini də unutmayın!
“Rəbbin mələyi” duasından sonra
Mən son günlər dağıdıcı yanğınların davam etdiyi Kaliforniyanın Los-Anceles dairəsi sakinlərinə yaxınlığımı ifadə edirəm. Hamınız üçün dua edirəm.
Bu səhər mən bəzi yeni doğulmuş körpələri, Müqəddəs Taxt-Tacın və İsveçrə Qvardiyasının əməkdaşlarının övladlarını vəftiz etmək sevincini yaşadım. Gəlin onlar üçün, ailələri üçün dua edək. Mən bütün gənc ailələr üçün Rəbbdən xahiş etmək istərdim ki, onlar evlad hədiyyəsini qəbul etmək və evladlarını Vəftizə gətirmək sevincini yaşasınlar.
Əqdəs Qanın Missionerlərinin keşişi Don Covanni Merlini bu səhər Müqəddəs Yəhya Lateran Bazilikasında mübarək elan edildi. O, xalqının missiyasına sadiq qalaraq, bir çox ruhların müdrik məsləhətçisi, sülh elçisi idi. Gəlin biz də Ukraynada, Yaxın Şərqdə və bütün dünyada sülh üçün dua edərkən onun şəfaətinə müraciət edək. Yeni mübarəkimiz üçün bir alqış!
Hamınızı, Romalıları və zəvvarları, xüsusən də İspaniyadakı Olivenza tələbələrini və Ata Semeriya və Ata Minozzi xeyriyyə evlərində işləyən imanlıları və Şagirdlər Ailəsinin üzvlərini salamlayıram.
Sülh üçün dua etməyi də unutmayaq və unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Hər kəsə xoş Rəbb günü arzu edirəm. Və xahiş edirəm mənim üçün dua etməyi unutmayın. Naharınızdan zövq alın, hələlik!