Papa Fransisk: Müharibə anaların ürəyini parçalayır!
ALLAHIN ƏQDƏS VALİDƏSİ MƏRYƏMİN BAYRAMI
58-ci ÜMUMDÜNYA SÜLH GÜNÜ
PAPA FRANSİSK
RƏBBİN MƏLƏYİ - ANGELUS
Müqəddəs Peter meydanı
Çərşənbə, 1 yanvar 2025
Əziz qardaş və bacılar, Yeni iliniz mübarək!
Miladın sürprizi və sevinci bugünkü İncildə (Luka 2,16-21) davam edir, burada çobanların Betlehem mağarasına gəlişindən bəhs edilir. Həqiqətən də, mələklərin elanından sonra “onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar” (Luka 2, 16). Bu görüş hər kəsi heyrətlə doldurur, çünki çobanlar “Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər” (Luka 2, 17): yeni doğulmuş uşaq “xilaskar”, “Məsih”, “Rəbb”dir (Luka 2, 11)!
Gəlin çobanların Betlehemdə gördükləri, yəni körpə İsa haqqında, həmçinin onların görmədikləri, yəni bütün bunları saxlayan və düşünən Məryəmin qəlbi haqqında düşünək (Luka 2, 19).
İlk növbədə, körpə İsa: bu İbrani adı “Allah xilas edir” deməkdir və O, məhz bunu edəcək. Həqiqətən də, Rəbb dünyaya Öz həyatını bizə vermək üçün gəldi. Gəlin bu haqda düşünək: bütün insanlar evladdır, amma heç birimiz doğulmağı seçmədik. Lakin, Allah bizim üçün doğulmağı seçdi. Allah seçdi. İsa Allahın dünyaya sülh gətirən əbədi məhəbbətinin vəhyidir.
Bakirə Ana Məryəmin qəlbi, Atanın mərhəmətini təzahür etdirən yeni doğulmuş Məsihlə səsləşir. Bu qəlb Ali-Mələyin elanını dinləyən qulaqdır; bu qəlb Yusifə verilən gəlinin əlidir; bu qəlb Elizabeti qocalığında bürüyən qucaqdır. Ümid Anamız Məryəmin qəlbində döyünür; ümid hər bir məxluqun azadlığı və xilası üçün döyünür.
Analar! Analar hər zaman övladlarını ürəklərində daşıyır. Bu gün, ilin ilk günü, sülhə həsr olunan bir gündə, ürəklərində sevinc olan anaları və zorakılıq, təkəbbür və nifrət səbəbindən övladlarını itirən, ürəkləri dərd dolu olan anaları düşünək. Sülh necə də gözəldir! Müharibə isə necə də qeyri-insani bir şeydir – o anaların ürəyini parçalayır!
Bu düşüncələrin işığında hər birimiz özümüzdən soruşa bilərik: İsanın Mövludu üzərində düşünmək üçün sakitlik içində qalmağı bacarırammı? Və bu Adventdə onun xeyirxahlıq və xilas mesajını ürəyimdə saxlamağa çalışdımmı? Belə böyük bir hədiyyəyə səxavətli sülh, bağışlama və barışıq jesti ilə necə cavab verə bilərəm? Hər birimiz etmək üçün nə isə bir şey tapacaq və bu bizə yaxşılıq gətirəcəkdir.
Allahın Əqdəs Validəsi Məryəm bizə İncilin sevincini ürəyimizdə saxlamağı və ona dünyada şəhadət etməyi öyrətsin.
“Rəbbin Mələyi” duasından sonra
Əziz bacılar və qardaşlar,
Hamınıza, romalılara, zəvvarlara və media vasitəsilə bizi izləyənlərə yeni ildə ən xoş arzularımı çatdırıram. Mən İtaliya Respublikasının Prezidentinə xalqa müraciətində məni xatırladığına görə minnətdarlığımı bildirir, onu ürəkdən salamlayır və onun üçün dua etdiyimə əmin edirəm. Yeni iliniz mübarək, cənab Prezident!
Müqəddəs Papa VI Pavel ilin ilk gününü Dünya Sülh Günü elan etmək istəyirdi. Bu il, Yubiley ili ilə əlaqədar olaraq, xüsusi bir mövzuyla fərqlənir: borcların bağışlanması. Borcları bağışlayan ilk şəxs Allahdır və biz də Rəbbin duasında Ona günahlarımız üçün bağışlanma diləyərək eyni zamanda bizə qarşı günah işləyənləri bağışlamağı öhdəmizə götürürük. Yubiley bizdən bu bağışlamanı sosial müstəvidə həyata keçirməyimizi tələb edir ki, heç bir insan, ailə və ya xalq borcların ağırlığı altında əzilməsin. Buna görə də mən, xristian ənənəsinə malik ölkələrin rəhbərlərini, ən kasıb ölkələrin borclarını mümkün qədər ləğv etmək və ya azaltmaqla yaxşı bir nümunə göstərməyə təşviq edirəm.
Dünyanın hər yerində yeparxiya və prixod icmaları, assosiasiyalar, kilsə hərəkatları və qruplar tərəfindən təşkil olunan bütün dua və sülh təşəbbüsləri, o cümlədən dünən Pesaroda keçirilən Milli Sülh Yürüşü üçün təşəkkür edirəm,. Həmçinin, Sant’Egidio Birliyinin müxtəlif ölkələrdə təşkil etdiyi “Bütün Torpaqlarda Sülh” tədbirinin iştirakçılarını salamlayıram. Burada olan Sant’Egidio Birliyini salamlayıram.Münaqişə bölgələrində dialoq və danışıqlar üçün çalışan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Gəlin dua edək ki, bütün cəbhələrdə döyüşlər dayansın və sülh və barışıq üçün həlledici addımlar atılsın. Mən əziyyət çəkən Ukrayna, Qəzza, İsrail, Myanmar, Kivu və müharibə içində olan bir çox xalqı düşünürəm. “A Sua Immagine” proqramında müharibənin gətirdiyi dağıntıları əks etdirən görüntüləri və fotoları gördüm. Qardaşlar və bacılar, müharibə dağıdır, həmişə dağıdır! Müharibə həmişə bir məğlubiyyətdir, həmişə.
Hamınızı, Romadan olanları və zəvvarları ürəkdən salamlayıram, xüsusilə ABŞ-dan olan bəzi məktəblərin musiqi qruplarını: Miçiqan, Kaliforniya, Oklahoma və Şimali Karolinadan olanları salamlayıram. Musiqiniz üçün təşəkkür edirəm! Həmçinin İspaniyanın Pontevedra şəhərindən olan imanlıları və Fraterna Domus könüllülərini salamlayıram. İmmakolata Gənclərini də salamlayıram: sülh üçün mübarizə aparın!
Rəbbin və Məryəm Ananın xeyir-duası ilə hamınıza uğurlu bir yeni il başlanğıcı arzu edirəm. Zəhmət olmasa, mənim üçün dua etməyi unutmayın. Hamınıza nuş olsun və sağ olun!