Papa: "Bütün bəşəriyyət üçün ağrılı və utanc verici ildönümü"
RƏBBİN MƏLƏYİ - ANGELUS
Bazar, 23 fevral 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn
Bacılar və qardaşlar, Rəbb gününüz mübarək!
Bu səhər Müqəddəs Peter Bazilikasında bəzi namizədlərin diakonluğa qəbul edilməsi ilə müşayiət olunan Yevxaristiya qeyd olundu. Mən onları və bu günlərdə Vatikanda baş tutan Diakonların yubileyinin iştirakçılarını salamlayıram; və bu tədbirin hazırlanmasına görə Ruhanilər üzrə və Yevangelizasiya üzrə Dikasteriyalara təşəkkür edirəm.
Əziz Diakon qardaşlar, siz özünüzü Kəlama və xeyriyyəçilik xidmətinə həsr edirsiniz; Kilsədəki xidmətinizi sözlər və əməllərlə həyata keçirirsiniz, hər kəsə Allahın məhəbbətini və mərhəmətini gətirirsiniz. Mən sizi həvariliyinizi sevinclə davam etdirməyə və – bugünkü İncildə deyildiyi kimi – hər kəsi əhatə edən, pisliyi yaxşılığa çevirən və qardaşlıq dünyasını yaradan sevginin əlaməti olmağa çağırıram. Sevmək riskindən qorxmayın!
Mən öz tərəfimdən Cemelli Xəstəxanasında imanla qalmağı davam etdirirəm və lazımi müalicəni alıram; və istirahət də terapiyanın bir hissəsidir! Bu xəstəxananın həkimlərinə və səhiyyə işçilərinə mənə göstərdikləri diqqətə və xəstələrə xidmətlərində göstərdikləri fədakarlığa görə ürəkdən təşəkkür edirəm.
Sabah Ukraynaya qarşı genişmiqyaslı müharibənin üçüncü ildönümü olacaq: bütün bəşəriyyət üçün ağrılı və biabırçı hadisə! Əzab çəkən Ukrayna xalqına yaxınlığımı təkrarlayaraq, sizi bütün silahlı münaqişələrin qurbanlarını xatırlamağa və Fələstində, İsraildə və bütün Yaxın Şərqdə, Myanmada, Kivuda və Sudanda sülh üçün dua etməyə dəvət edirəm.
Son günlər mənə çoxlu sevgi mesajları gəlib və uşaqlardan gələn məktublar və rəsmlər məni xüsusilə heyrətləndirdi. Bu yaxınlığa və dünyanın hər yerindən aldığım təsəlli dualarına görə təşəkkür edirəm! Hamınızı Məryəmin şəfaətinə tapşırıram və sizdən mənim üçün dua etməyinizi xahiş edirəm.