Axtar

VATICAN-RELIGION-POPE-ANGELUS-EPIPHANY

Papa Fransisk: İsa bizim xilasımız və nurumuzdur

Papa Fransisk, İsanın bütün xalqların xilası və nurumuz olduğunu xatırladan və bizi həqiqətən Allahla görüşməyə dəvət edən Rəbbin Məbəddə Təqdim edilməsi bayramı haqqında düşünür.

RƏBBİN MƏLƏYİ - ANGELUS

Müqəddəs Peter meydanı
Bazar, 2 fevral 2025

Əziz bacılar və qardaşlar, Rəbb Gününüz mübarək!

Bu gün Liturgiya İncili (Luka 2, 22-40) bizə körpə İsanı Yerusəlim məbədinə aparan Məryəm və Yusifdən bəhs edir. Qanuna uyğun olaraq, həyatın Rəbbdən gəldiyini xatırlamaq üçün Onu Allahın məskənində təqdim edirlər. Müqəddəs Ailə nəsildən-nəslə İsrail xalqı arasında həmişə görülən işləri yerinə yetirərkən, əvvəllər heç vaxt baş verməmiş bir şey baş verir.
İki ahıl insan, Şimeon və Xanna İsa haqqında peyğəmbərlik edir: onlar həm Allaha həmd edir, həm də uşaq haqqında “Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara” danışırlar (Luka 2, 38). Onların ürəkdən gələn səsləri məbədin qədim daşları arasında səslənir və İsrailin gözləntilərinin yerinə yetirildiyini bildirir. Həqiqətən, Allah Öz xalqının arasındadır: ona görə yox ki, O dörd divar arasındadır, ona görə ki O insanlar arasında insan kimi yaşayır. Bu da İsanın yeniliyidir. Şimeon və Xannanın ahıl dövründə dünya tarixini dəyişdirən yenilik baş verir.
Öz növbəsində, Məryəm və Yusif eşitdikləri qarşısında heyrətləndilər (Luka 2, 33). Doğrudan da, Şimeon uşağı qucağına alanda onu üç gözəl şəkildə çağırır və bu adlar üzərində düşünməyə dəyər. Ona verdiyi üç ad, üç şəkil bunlardır: İsa xilasdır, İsa nurdur; İsa ziddiyyət əlamətidir.

Hər şeydən əvvəl İsa xilasdır. Şimeon Allaha dua edərək deyir: “bütün xalqların gözləri önündə hazırladığın xilası… öz gözlərimlə gördüm” (Luka 2, 30-31). Bu, bizi həmişə heyrətə gətirir: ümumbəşəri xilas yalnız bir nəfərdə cəmləşmişdir! Bəli, çünki İsada Allahın, Onun məhəbbətinin tamlığı yaşayır (Kol 2, 9).
İkinci aspekt: ​​İsa “millətlərə aşkar edən nur”-dur (Luka 2, 32). Dünyaya çıxan günəş kimi, bu uşaq onu şər, ağrı və ölümün qaranlığından qurtaracaq. İşığa, bu işığa bu gün də nə qədər ehtiyacımız var!

Nəhayət, Şimeonun qucaqladığı uşaq ziddiyyət əlamətidir ki, “bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxacaq” (Luka 2, 35). İsa bütün tarixi və onun dramını, həmçinin hər birimizin həyatını mühakimə etmək meyarını açıqlayır. Və bu meyar nədir? Sevgidir: sevənlər yaşayır; nifrət edənlər ölür.

İsa qurtuluşdur, İsa nurdur və İsa ziddiyyət əlamətidir.

İsa ilə bu görüşdən aydınlanaraq, özümüzdən soruşa bilərik: həyatımda nə gözləyirəm? Mənim böyük ümidim nədir? Mənim ürəyim Rəbbin üzünü görmək istəyirmi? Mən Onun bəşəriyyət üçün qurtuluş planının təzahürünü gözləyirəmmi?

Gəlin birlikdə Pakizə Məryəmdən xahiş edək ki, o, tarixin işıqları və kölgələri arasında bizi müşayiət etsin, Rəbblə görüşə qədər həmişə bizi müşayiət etsin.

“Rəbbin Mələyi” duasından sonra

Əziz bacılar və qardaşlar!

Bu gün İtaliyada "Həyatı ötürmək - dünyaya ümid" mövzusunda Həyat Gününü qeyd edirik. Mən həyat hədiyyəsini həvəslə qarşılayan bir çox ailələrə minnətdarlığımı bildirərək, gənc cütlükləri dünyaya uşaq gətirməkdən qorxmamağa təşviq etmək üçün İtaliya yepiskoplarına qoşuluram. Və mən  İtaliyanın əlli yaşı olan “Həyat üçün Hərəkatı” salamlayıram və ən xoş arzularımı çatdırıram!

Sabah Vatikanda təbliğini etməkdən zövq aldığım və şəxsən iştirak edəcəyim “Onları sevin və onları qoruyun” adlı uşaq hüquqlarına dair beynəlxalq Sammit keçiriləcək. Bu, balacaların həyatı ilə bağlı ən aktual sualları dünyanın diqqət mərkəzinə çatdırmaq üçün unikal imkandır. Sizi onun uğuru üçün duaya qoşulmağa dəvət edirəm.

Əsas dəyər olan insan həyatına gəldikdə isə, məhv edən müharibəyə “yox”u təkrar edirəm; müharibə hər şeyi məhv edir, həyatı məhv edir və bizi həyatın özünə məhəl qoymamağa vadar edir. Və unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Bu yubiley ilində mən, xüsusən də xristian rəhbərlərinə, bütün davam edən münaqişələrə son qoymaq üçün danışıqlarda əllərindən gələni etməyə çağırışımı yeniləyirəm. Gəlin əzab çəkən Ukraynada, Fələstində, İsraildə, Livanda, Myanmada, Sudanda və Şimali Kivuda sülh üçün dua edək.

İtaliyadan və dünyanın digər yerlərindən gələnlər, sizin hamınızı salamlayıram. Mən xüsusilə Valensiya, Barselona və Sevilya imanlılarını; İspaniyanın Badajoz şəhərinin “Rodriguez Moñino” və Marselin “Ecole de Provence” tələbələrini; Nanterre və Polşa, Xorvatiya, Bolqarıstan və Hindistandan olan kilsə qruplarını  salamlayıram . Mən “Immacolata” gənclərini salamlayıram.

Mən Vighizzolo, Seregno və Cologno Monzese imanlılarını, Camerinio-San Severino Marche yeparxiyasının UNITALSI-ni, Noladan olan skautları və Serra Club International üzvlərini salamlayıram. Milan yeparxiyasının “Regina degli Apostoli” pastoral icmasının xidmətçilərini salamlayıram.

Hamınıza xoş  Rəbbin Günü arzu edirəm. Xahiş edirəm mənim üçün dua etməyi unutmayın. Nahardan zövq alın və “arrivederci”!

02 fevral 2025, 18:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >