Papa Fransisk: "Yubiley bizi yenidən başlamağa dəvət edir"
YUBİLEY AUDİENSİYASI
Audiensiya zalı
Şənbə, 11 yanvar 2025
Əziz bacılar və qardaşlar, sabahınız xeyir!
Bir çoxunuz “ümid zəvvarları” kimi burada, Romadasınız. Bu səhər biz şənbə Yubiley audiensiyalarına başlayırıq. Onlar dünyanın hər yerindən yeni başlanğıc axtarışına gələnlərin hamısını qarşılamaq və qucaqlamaq üçün düşünülüb. Həqiqətən də Yubiley yeni bir başlanğıcdır, hər kəsin Allahdan yeni nələrisə başlamaq imkanıdır. Yubileylə biz yeni həyata, yeni mərhələyə başlayırıq.
Bu şənbə günlərində ümidin bəzi məqamlarını zaman-zaman vurğulamaq istərdim. Katexizis bizə deyir ki, ümid - teoloji bir fəzilətdir. Latın dilində isə fəzilət - “virtus”, “güc” deməkdir; deməli, o Allahdan gələn bir qüvvədir. Buna görə də ümid insanın sahib olduğu ya olmadığı bir vərdiş və ya xarakter xüsusiyyəti deyil; o xahiş ediləsi bir gücdür. Buna görə də biz özümüzü zəvvar edirik: biz ənam istəmək, həyat səyahətinə yenidən başlamaq üçün gəlirik.
Ümid etmək yenidən başlamaq deməkdir
Biz İsanın Vəftiz bayramını qeyd etmək üzrəyik və bu, bizi ümidin böyük peyğəmbəri, Vəftizçi Yəhya haqqında düşünməyə vadar edir. İsa onun haqqında gözəl bir şey söylədi: o, qadınlardan doğulanlar arasında ən böyüyüdür (Lk 7,28).Bu zaman biz başa düşürük ki, niyə bu qədər insan yeni bir başlanğıc həsrəti ilə, yenidən başlamaq həsrəti ilə ona axışırdı. Yubiley isə bu işdə bizə kömək edir. Vəftizçi həqiqətən böyük görünürdü, şəxsiyyətində etibarlı görünürdü. Bu gün biz Müqəddəs Qapıdan keçdiyimiz kimi, Yəhya da Yeşuanın ilk dəfə etdiyi kimi vəd edilmiş diyara daxil olmaq üçün İordan çayını keçməyi təklif etdi. Yenidən başlamaq, ilk dəfə olduğu kimi, torpağı yenidən almaq üçün. Bacılar və qardaşlar, əsas söz budur: yenidən başlamaq. Gəlin bunu ağlımıza gətirək və hamımız birlikdə deyək: “yenidən başlamaq”. Gəlin birlikdə deyək: yenidən başlamaq! Bunu unutmayın: yenidən başlamaq!
Lakin İsa bu böyük iltifatından dərhal sonra bizi düşündürən bir şey əlavə edir: “Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür” (Lk 7, 28). Ümid, qardaşlar və bacılar, bu müqaisədə hər şeydir. Bu, bizdən deyil, Allahın Padşahlığından asılıdır. Təəccüb doğuran budur: Allahın Padşahlığını qəbul etmək bizi böyüklüyün yeni səviyyəsinə aparır. Dünyamızın, hamımızın buna ehtiyacı var! Bəs biz nə etməliyik? [Hər kəs: “Yenidən başlamalıyıq!”]. Bunu unutmayın.
İsa bu sözləri deyəndə Vəftizçi həbsdədir və suallarla doludur. Biz də zəvvar səfərimiz zamanı çoxlu suallar veririk, çünki hələ də Allahın Padşahlığına qarşı çıxan çoxlu “Herodlar” var. İsa isə bizə İncilin heyrətləndirici qanunu olan yeni yolu, Bəxtiyarlıq Əmrləri yolunu göstərir. Gəlin özümüzdən soruşaq: içimdə yenidən başlamaq üçün əsl istəyim varmı? Hər biriniz bir düşünün: öz içimdə, yenidən başlamaq istəyirəmmi? Mən həqiqətən böyük olan İsadan öyrənmək istəyirəmmi? Ən kiçik olan - Allahın Padşahlığında böyükdür. Çünki biz … [Hər kəs: “Yenidən başlamalıyıq!”].
Beləliklə, Vəftizçi Yəhyadan özümüzü yenidən yaratmağı öyrənirik. Ümumi evimizin - bu qədər sui-istifadəyə məruz qalmış və yaralanmış Yer kürəmizin ümidi və bütün insanların ümidi Allahın fərqliliyindədir. Onun böyüklüyü başqadır. Gəlin İsada parlayan və indi bizi xidmət etməyə, qardaşcasına sevməyə, özümüzü kiçik saymağa sövq edən Allahın bu orijinallığından başlayaq. Və ən kiçik olanları görək, onları dinləyək və onların səsi olaq. Budur yeni başlanğıc, budur bizim Yubileyimiz. Beləliklə, biz... [Hər kəs: “Yenidən başlamalıyıq!”]. Təşəkkür edirəm.