Axtar

FILES-VATICAN-RELIGION-POPE-HEALTH

Papa katexizisi uşaq əməyinin “bəlasına” həsr edib

Papa Fransisk Ümumi Audiensiyadaki çıxışını uşaq əməyinin “bəlasına” həsr edərək deyib ki, xristianlar, uşaqlar “sevilmək və qorunmaq əvəzinə, uşaqlıqlarından, arzularından məhrum olduqda, istismar və marginallaşmanın qurbanına çevrildikdə biganə qala bilməzlər”.

ÜMUMİ AUDİENSİYA

Audiensiya zalı
Çərşənbə, 8 yanvar 2025

Əziz bacı və qardaşlar, sabahınız xeyir!

Mən bu və növbəti katexezisi uşaqlara həsr etmək və xüsusilə uşaq əməyinin istismarı bəlası haqqında düşünmək istəyirəm.

İndi biz baxışlarımızı Marsa və ya virtual aləmlərə çevirmək istəyirik, ancaq kənarda qalan, istismara və ya zorakılığa məruz qalan bir uşağın gözlərinə baxmaqda çətinlik çəkirik. Süni intellekt yaradan və çoxlu planetlərdə yaşamağı planlaşdıran əsr hələ alçaldılmış, istismar edilmiş, ölümcül yaraları daşıyan uşaqlıq bəlası ilə hesablaşmayıb. Gəlin bu haqda düşünək.

Əvvəlcə özümüzə sual verək: Müqəddəs Yazı uşaqlar haqqında bizə hansı mesajı verir? Maraqlıdır ki, Əhdi-Ətiqdə Yahvenin ilahi adından sonra ən çox rast gəlinən söz “ben”, yəni “oğul” sözüdür: təxminən beş min dəfə. “Övladlar Rəbbin verdiyi paydır, bətnin bəhrəsi Onun mükafatıdır.” (Məz 127, 3). Uşaqlar Allahın bir hədiyyəsidir. Təəssüf ki, bu hədiyyə həmişə hörmətlə qarşılanmır. Bibliyanın özü bizi sevinc nəğmələrinin səsləndiyi, lakin, eyni zamanda,  qurbanların fəryadının ucaldığı tarixin küçələri ilə aparır. Məsələn, “Mərsiyələr” kitabında oxuyuruq: “Südəmər körpənin dili susuzluqdan damağına yapışır; uşaqlar yemək istəyir, verən yoxdur” (4,4); və Nahum peyğəmbər qədim Fiv və Nineva şəhərlərində baş verənləri xatırlayaraq yazır: “Övladları parça-parça doğrandı, hər küçə başına atıldı” (3,10). Düşünün, bu gün nə qədər uşaq aclıqdan və yoxsulluqdan ölür, ya da bombalarla parçalanır.

Beytləhm körpələrini öldürən Hirodun zorakılıq tufanı hətta yeni doğulmuş İsanın üzərinə də dərhal püskürür. Tarix boyu başqa formalarda təkrarlanan kədərli faciə. Və buradan, İsa və Onun valideynləri üçün, bu gün də bir çox insanların, bir çox uşaqların başına gəldiyi kimi, qərib ölkədə qaçqın olmaq kabusu başlanır (Mt 2, 13-18). Fırtına keçdikdən sonra İsa Əhdi-Ətiqdə heç vaxt adı çəkilməyən Nazaret kəndində böyüyür; O, dülgərlik sənətini qanuni atası Yusifdən öyrənir (Mark 6,3; Mt 13,55). Beləliklə, “Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.” (Luka 2, 40).

“Düşünün, bu gün nə qədər uşaq aclıqdan və yoxsulluqdan ölür, ya da bombalarla parçalanır.”

İctimai həyatında İsa şagirdləri ilə birlikdə kənddən kəndə vəz edirdi. Bir gün bəzi analar Ona yaxınlaşıb xeyir-dua almaq üçün övladlarını Ona təqdim etdilər; lakin şagirdlər Onu məzəmmət etdilər. Lakin İsa uşaqların sadəcə passiv obyektlər hesab edildiyi ənənəni pozaraq şagirdləri yanına çağırır və deyir: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.”. Və beləliklə, kiçikləri böyüklər üçün nümunə olaraq göstərir. O, təntənəli şəkildə əlavə edir: “Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz” (Lk 18, 16-17).

Bənzər bir parçada İsa uşağı çağırır, onu şagirdlərinə göstərərək  deyir: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz” (Mt 18,3). Sonra O xəbərdarlıq edir: “kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.” (Mt. 18, 6).

Qardaşlar və bacılar, İsa Məsihin şagirdləri heç vaxt uşaqlara qarşı laqeyd münasibətə və ya  onlarla pis rəftar edilməsinə, onların hüquqlarından məhrum edilməsinə, onların sevgisiz və qayğısız qalmasına imkan verməməlidirlər. Xristianlar uşaqlara qarşı zorakılığı qətiyyətlə pisləməlidirlər və bu zorakılığın qarşısını ciddi şəkildə almalıdırlar.

Bu gün də, xüsusən, işləməyə məcbur edilən uşaqlar həddindən artıq çoxdur. Amma gülməyən uşaq, xəyal qurmayan uşaq öz istedadını bilə, inkişaf etdirə bilməz. Dünyanın hər yerində həyata hörmət etməyən bir iqtisadiyyat tərəfindən istismar edilən uşaqlar var; bunu etməklə belə iqtisadiyyat bizim ən böyük ümid və sevgi ehtiyatımızı dağıdır. Lakin uşaqlar Allahın qəlbində xüsusi yer tutur və hər kim uşağa pislik edərsə, Onun qarşısında hesab verəcəkdir.

Əziz qardaş və bacılar, özlərini Allahın övladları kimi tanıyanlar və xüsusən də İncilin sevincini  başqalarına çatdırmaq üçün göndərilənlər biganə qala bilməzlər; onlar balaca bacı və qardaşlarımızın sevilmək, himayə olunmaq əvəzinə uşaqlıqlarının, xəyallarının oğurlanmasını, istismar və marjinallaşmanın qurbanı olmasını qəbul edə bilməzlər.

Gəlin Rəbbdən ağlımızı və qəlbimizi qayğı və şəfqətə açmasını və hər bir oğlan və qızın müdriklikdə və lütfdə böyüməsini (müq. Lk. 2:52), sevgini qəbul edib verməsini xahiş edək. Təşəkkür edirəm.

08 yanvar 2025, 12:00

Ən son Audiensiyalar

Həmçinin oxuyun >