Axtar

Papa Francesco ricoverato al Policlinico Gemelli

Papa “Rəbbin mələyi” müraciətində sülhə və birliyə çağırıb

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti, Cemelli xəstəxanasında müalicəsini davam etdirən Papa Fransiskin “Rəbbin mələyi” müraciətini açıqlayıb. Müraciətdə ​​Papa incəsənətin insanları birləşdirən rolunu vurğulayıb və münaqişə zonalarında sülh üçün dua edilməsini xahiş edib.

RƏBBİN MƏLƏYİ - ANGELUS

Bazar, 16 fevral 2025
Müqəddəs Ata tərəfindən hazırlanmış mətn

Qardaşlar və bacılar, Rəbb gününüz mübarək!

Bu gün Vatikanda, dünyanın müxtəlif yerlərindən Yubiley günlərini yaşamağa gəlmiş sənətçilərə həsr olunmuş Yevxaristiya qeyd olundu. Gözəlliyi yayan və xalqları birləşdirən, dünyaya harmoniya gətirməyə töhfə verən və hər bir müharibə harayını susduran ümumbəşəri dil kimi incəsənətin əhəmiyyətini xatırladan bu görüşün təşkil edilməsinə görə Mədəniyyət və Təhsil üzrə Dikasteriyaya təşəkkür edirəm.
İştirak edən bütün sənətçiləri salamlamaq istəyirəm: aranızda olmaq istərdim, amma bildiyiniz kimi, mən burada, “Cemelli” xəstəxanasındayam, çünki bronxitimin hələ də müalicəyə ehtiyacı var.

Bu gün Romada olan bütün zəvvarları, xüsusən də yepiskopunun başçılığı ilə yeparxiyal zəvvarlığa gəlmiş Parma yeparxiyasının imanlılarını salamlayıram.

Hər kəsi əzab çəkən Ukraynada, Fələstində, İsraildə və bütün Yaxın Şərqdə, Myanmada, Kivuda və Sudanda sülh üçün dua etməyə davam etməyə dəvət edirəm.

Bu günlərdə məni məhəbbətiniz, duanız və yaxınlığınız ilə müşayiət etdiyinizə görə təşəkkür edirəm və bu xəstəxananın həkimlərinə, tibb işçilərinə göstərdikləri qayğıya görə təşəkkür edirəm: onlar belə dəyərli və yorucu bir iş görürlər, gəlin onlara dua ilə dəstək olaq!

İndi gəlin özümüzü “Lütflə dolu” Məryəmə əmanət edək ki, o, bizə onun kimi, gözəlliyin ifaçıları və yaradıcıları olmağa kömək etsin.

16 fevral 2025, 18:00

Angelus nədir?
 

Angelus, katoliklər tərəfindən gündə üç dəfə, səhər 6-da, günorta və axşam 6-da oxunan xüsusi bir duadır və Angelus zənginin çalınması ilə müşayiət olunur. Adı latın dilində 'mələk' sözündən gəlir və bu dua, İsa Məsihin Təcəssüm Sirri ilə insan təbiətimizi qəbul etməsini xatırladır.
 

Papa hər bazar günü günorta saatlarında Müqəddəs Peter meydanında Angelus duasını oxuyur.
 

Papa həmçinin günün İncilini şərh edir və beynəlxalq məsələlərə toxunur. Bu açıqlamalar bütün dünyada radio və televiziya vasitəsilə yayımlanır. Eyni zamanda, sosial mediada geniş şəkildə paylaşılır.
 

Pasxadan Pentikost (Əllinci Gün Bayramı) gününə qədər Angelus duası yerinə Regina Coeli duası oxunur. Bu dua İsa Məsihin Dirilməsini xatırladır və Angelus kimi, Qloriyanın ('Allahı ucaldaq' duasının) üç dəfə oxunması ilə tamamlanır.

Ən son 'Angelus' / 'Regina Coeli'

Həmçinin oxuyun >